8 C
Baku
Thursday, December 12, 2024

Əslində Foreks ən tolerant işəgötürəndir

Müsahibimiz: Vaqif Sədrədinov, Sales Account Manager, IronFX Financial Services

Vaqif bəy, ilk öncə müsahibə üçün ayırdığınız vaxta görə təşəkkür edirəm və elə ilk sualıma keçmək istərdim.

– Forekslə ilk tanışlığınız necə baş verdi və nə vaxt qərar verdiniz ki, məhz bu işlə məşğul olmalısınız? Ticarətdə sizi ən çox cəlb edən nədir?

– Məni həmişə iqtisadiyyat və onda baş verənlər maraqlandırıb. Foreksdə hər kəsi olduğu kimi məni də ən çox cəlb edən iş üçün vaxtı özünün seçməyindir. Prosesin özü də olduqca maraqlıdır, hər gün yeni bir şey öyrənirsən. İstər maliyyə sahəsindəki xəbərlər, istərsə də müxtəlif cədvəllərin qurulması xüsusiyyətləri.

– Azərbaycanda Foreksin bir biznes kimi perspektivlərini necə qiymətləndirirsiniz və ya hazırda hansı çatışmazlıqları müşahidə edirsiniz?

-Potensial yetərincə yüksəkdir. Güman edirəm ki, əsas çətinlik ondan ibarətdir ki, elektron ödəmə lazımınca inkişaf etməyib. Hələ plastik kartlardan belə hər kəs istifadə etmir və hələ ki, hər kəsdə ondan istifadə etmək vərdişi formalaşmayıb. Digər ödəmə sistemlərini isə düşünürəm heç xatırlatmağa ehtiyac yoxdur.

– Sizcə Azərbaycan Foreks bazarında qanunvericilik baxımından hansı dəyişiklik bu bazarın inkişafına səbəb ola bilər?

– Məncə mütləq şəkildə ticarətçiləri bəd məramlı, pis niyyətli brokerlərdən qorumaq üçün müəyyən bir struktur qurulmalıdır. Əksər hallarda ticarətçilər hətta hesab açdığı brokerin təmiz vicdanına şübhə ilə yanaşdığı hallarda hara müraciət edəcəyini bilmir. Oxşar strukturların yaradılması yalnız Avropada deyil, misal üçün mübahisəli halların hələ də baxıldığı Rusiya Federasiyasında da müşahidə olunur.

– Treyder üçün ən başlıca əməl etməli olduğu qaydalar sizin fikrinizcə hansılardır?

-İlk öncə əməliyyata girmədən mütləq unutmamaq lazımdır ki, FOREKS bazarı yüksək risklidir və ticarətçi üçün qumar xarakteri daşımamalıdır. Bu bazarda yalnız ən səbrli və ehtiyatlılar qazanırlar.

– “Yaxşı analitik” və “yaxşı treyder” olmağın fərqlərini necə izah edərdiniz?

– Bir qədər fitnəkar sualdır… Yaxşı analitik mütləq yaxşı ticarətçi deyil, belə ki, yaxşı ticarətçi həmişə yaxşı analitik deyil. Belə bir sofizm.

– Bildiyimiz kimi Foreks –valyuta bazarı maliyyə bazarının sadəcə bir hissədir, bəs bu maliyyə bazarında sizə daha yaxın olan və özünüzü daha sərbəst hiss etdiyiniz seqment hansıdır?

– Valyuta bazarı mənim üçün hələ də ən rahatıdır. Hərçənd ki, son illərdə CFD-lərə diqqət yetirməyə başlamışam.

– Siz qısamüddətli və ya uzunmüddətli əməliyyatlara üstünlük verirsiniz və nəyə görə?

– Əlbəttə hər kəs mümkün qədər tez qazanc əldə etməyə çalışır, buna baxmayaraq əməliyyatın açılması ilə itki və qazanc üçün limit qoyulur və buna nəzərən də əməliyyat bağlanır. Fəallıq əgər aşağıdırsa sizin əməliyyatınız qısamüddətlidən ortamüddətliyə yaxud hətta uzunmüddətliyə də çevrilə bilər. Bundan heç kəs sığortalanmayıb.

– Özünüzün ən unudulmaz bir sövdəniz haqqında danışa bilərsiniz (Uğurlu və ya uğursuz, fərq etməz, əsas bu dərsdən hansı nəticəni əldə etməyinizdir)?

– 2002-ci ildə mən 0.8740-la EUR/USD aldım. Qazanc limiti müəyyən edəndə isə neçə punkt etməli olduğuma qərar verə bilmədim. 1.3200 təyin etdim. Bu sırf intuitiv seçim idi. Sonra qiymət dönüş edəndə əməliyyatı bağlamağı planlaşdırırdım. Bir həftə sonra 300 punkt qazancla əməliyyatı bağladım, ancaq növbəti bir il yarım müddətində qiymət 1.36-ya qədər çatdı və əgər pozisiyamı saxlasıydım 5000 punkt qazana bilərdim. O andan sonra öz intuisiyama güvənməyə çalışıram.

– Texniki analiz öz alətlərinin bolluğu ilə seçilir və bütün bu fərqli metodlar yeni başlayan treyderləri çətin seçim qarşısında qoyur, yeni başlayan treyderlər necə etsin ki, informasiya yüklənməsindən və ya “analiz iflicindən” əziyyət çəkməsin?

-Mən düşünürəm ilkin mərhələdə ticarətçi üçün ən vacib praktikadır – demo hesab olsa belə mütləq əvvəl məşq etmək və təcrübə yığmaq lazımdır, sonra isə hər kəs öz “ticarət sisteminə və tərzinə” daha çox uyğun olan indikatoru seçə bilər. Əbəs yerə deyilməyib ki, – nə qədər insan var, o qədər də fikir var.

– Hər hansı bir analiz metodunun digərindən üstünlüyü (məsələn yapon şamları) və əksinə heç bir işə yaramadığı (məsələn indikatorlar) tez-tez mübahisə obyektinə çevrilir, belə hallarda yeni başlayanlara nə tövsiyə edərdiniz?

– Əlbəttə analiz üsullarını öyrənmək uzun müddət tələb edir. Biz yeni başlayanlara bizim analitiklər tərəfindən təklif olunan vəsaitlərdən istifadə etməyi məsləhət görürük. Sırf texniki analizə həsr olunmuş komandamız var ki, bazarın vəziyyəti ilə məşğul olurlar və təbii ki, müştərilərimizin bu məlumatları bilavasitə istifadə etməyə imkanları var.

– Siz özünüz hansı texniki və fundamental analiz alətlərini sınaqdan keçirir və ya tətbiq edirsiniz?

– Mən tez-tez şam kombinasiyalarına, dayaq və müqavimət xətlərinə əsasən istiqamətlənirəm, həmçinin faiz dərəcələri haqqında qərarlar, dünyanın aparıcı bank simalarının ÜDM barədə çıxışları və s. kimi vacib xəbərləri də ticarət zamanı nəzərə alıram.

– Necə düşünürsünüz, ticarət və investisiyalar ilə bağlı insanlarda formalaşmış ən yanlış fikirlər hansılardır?

Mən düşünürəm ilk öncə bu bazardakı risklərin yetəri qədər qiymətləndirilməməsidir. Gəliri artırmağa cəhd edəndə, nədənsə biz bu barədə unuduruq. Mütləq risk və gəlir nisbətini dərindən düşünmək və ona nəzarət etmək lazımdır.

– Son sualım isə belə olacaq ki, necə düşünürsünüz Forekslə məhz kimlər məşğul olmalıdır və ya digər tərəfdən insan nə vaxt qərar verməlidir ki, bu sahə onun üçün deyil?

– Əslində FOREKS ən tolerant işəgötürəndir. O insanları cinsi, irqi və dini mənsubiyyətlərinə görə ayırmır. O hətta sizin İQ səviyyənizi belə yoxlamır. FOREKS hər kəs üçündür!

Son xəbərlər
Digər xəbərlər