4 C
Baku
Friday, March 29, 2024

“Əvvəl-axır dövlətlər öz e-pullarını dövriyyəyə buraxcaqlar”

Uzun analitik yazıların (inkişaf etmiş ölkələrdə bu mənfi tendensiya inkişaf etməkdə olan ölkələr qədər təhlükəli həddə deyil) az oxunduğunu nəzərə alaraq bir neçə qısa təsbiti qeyd etmək istərdim:

– Üç Pribaltika Respublikasının (Latviya, Litva, Estoniya) birlikdə hansı nailiyyətlər əldə etməsi həmişə nəzərə alınacaq. O səbəbdən bu birliyin nə Qafqazda, nə Orta Asiyada, nə də Ukrayna, Belorusiya və Moldova arasında əldə olunmaması üçün hələ çox planlar həyata keçiriləcək;

– Dünya nəhayət tam olaraq anlamağa başlayır ki, ekologiyaya zərəri və külli miqdarda enerji istehlakı baxımından Bitkoin mədənçiliyi sözün həqiqi mənasında kirli bir fəaliyyətdir (bu barədə 2017 və 2018-ci illərdə yazılarım mövcuddur);

– Hazırda dövriyyədə olan Bitkoinun (Bitcoin) 70%-i Çində hasil olunmuşdur;

– Çinin Bitkoin ilə bağlı planlarını ABŞ oxumağa başladı. Lakin, bir sıra mənfi nəticələri aradan qaldırmaq çətin olacaq;

– İlon Maskın  (Elon Musk) kriptovalyutalarla bağlı açıqlaması bazarı manipulyasiya etməkdir ki, bu da ABŞ və inkişaf etmiş ölkələrdə cinayət hesab olunur. Belə davam edərsə, bu fikirləri də eşidəcəyik;

– Əslində İlon Maskın fikirləri bazarların nəbzini ölçməkdir. Təsadüfi deyildir. Bitkoin və müasir kriptovalyutaların bir test olması bəllidir (bu barədə 2017 və 2018-ci illərdə yazılarım mövcuddur);

– Əvvəl-axır dövlətlər öz elektron pullarını dövriyyəyə buraxcaqlar. Lakin, buna qədər iri korporasiyaların bu mexanizmi test etmələri ehtimalı yüksəkdir. Bu məsələdə tələsmək və səhvə yol vermək dövlətlərə baha başa gələ bilər;

– Qəzzada baş verənlər hisslərin ağıl, məntiq, soyuq başla təhlildən nə dərəcədə üstün olduğunu bir daha nümayiş etdirməkdədir;

– Post-pandemiya dövründə inkişaf etmiş və etməkdə olan ölkələrin inkişaf yolları, sürətləri, metodları, prosesləri haçalanacaq. Problemləri, çağırışları tamamilə fərqli olacaq. İndiyə qədər inkişaf etmiş ölkələrin bir sıra təcrübələrini tətbiq edən inkişaf etməkdə olan ölkələr post-pandemiya dövründə əvvəlki şəkildə davrana bilməyəcəklər. İnkişaf etməkdə olan ölkələr bir müddət çaşqınlıq içində olacaqlar. Çünki, atılacaq hər hansı müsbət addımın ciddi mənfi əks effektləri də olacaq;

– İnkişaf etməkdə olan ölkələrin sıralarında resurs (neft-qaz) ölkələri və resursu nisbətən az olan (və ya olmayan) ölkələr mövcuddur. Bu ölkələrin də inkişaf perspektiv, metod və yolları ciddi şəkildə fərqlənəcək;

– İnkişaf etməkdə olan ölkələr monetar siyasət sahəsindəki məhdud rıçaqlar səbəbindən inflyasiya, pandemiya dövründə biznesin davamlılığı və əlavə pul çapı hesabına nağd pul dövriyyəsinin nisbətən az zəifləməsi hesabına daha sürətli bərpa və işsizlik probleminin həllinə nail olacaqlar. Bu isə dünyada miqrasiya dalğasının güclənməsinə səbəb olacaq.

Haşiyə: Ölkələr arasındakı fərqlər 2 amillə ölçüləcək: 1) İqtisadi inkişaf sürəti və səviyyəsi; 2) Texnologiyanın inkişafı. Təhsil və tibb hər 2 amilin kökündə əsrlərdir duran əvəzolunmaz dəyişməz sütunlar olduğu üçün ayrıca qeyd etməyə ehtiyac yoxdur.

— MÜƏLLİF —
Elman Sadıqov,

iqtisadçı-ekspert

Son xəbərlər
Digər xəbərlər