15 C
Baku
Tuesday, April 30, 2024

Liderin malik olduqları əsas keyfiyyətlərindən biri tətbiqi maraqdır

Yazıçı, jurnalist və Merryck & Co şirkətinin direktoru olan Adam Brayant, liderlərə xas olan əsas keyfiyyətlərdən biri – tətbiqi maraq haqqında danışır. 

Baş direktor olmaq üçün lazım olan keyfiyyət və vərdişlərin siyahısı çox böyükdür. Buraya stressə qarşı davamlı olmaq, dözümlülük, yüksək IQ və EQ, özünəgüvən, ambisiyalar, incəlik, proqnozlaşdırma qabiliyyəti və etibarlılıq daxildir. Əslində, bu siyahımı sonsuzluğa qədər davam etdirmək olar. 

Sizcə, bütün bu keyfiyyətlərdən ən vacib olanı hansıdır? 

Son on ildə 500-dən çox direktordan müsahibə almışam və mənim məqsədim onların sahib olduqları keyfiyyətlər, həyat təcrübəsi və prinsipləri öyrənmək idi.  

Müsahibələr üçün seçdiyim liderlər irq, cins, milliyyət, şirkətin ölçüsü, fəaliyyət sahəsi və kommersiya statusuna görə bir-birindən fərqlənirdilər. Liderlərin bir qismi gənc yaşlarından bu vəzifəyə təyin olunmuş insanlar olsa da, karyerasına məktəb müəllimi olaraq başlayan namizədlər də var idi, məsələn, Ebbi Reyven A+E Networks media şirkətinin rəhbəri. Daymon Worldwide reklam və marketinq şirkətinin keçmiş baş direktoru olan Karla Kuper, gənc yaşlarından klassik orqanda musiqi çalmağa başlayıb, kolleci bitirdikdən dərhal sonra isə musiqi alətlərin satışı biznesini qurub. 

Müsahibə keçirməyimin əsas məqsədi mənim üçün önəmli, lakin mahiyyətcə kifayət qədər sadə olan suala cavab vermə bilmək idi: bu insanların yüksək vəzifəyə təyin olunmasını nə ilə izah etmək olar? Onlar digər insanlardan nə ilə fərqlənirlər?

Nəticədə tətbiqi maraq adlandırdığım zehni vərdiş üzərində dayanmaq qərarına gəldim. Bəli, maraq müvəffəqiyyətli insan olmağın əsas şərtlərindən biridir. Onu da qeyd edim ki, tətbiqi maraq müxtəlif çalalarda ola bilər. Bəzi insanlar onun köməyi ilə krossvordlar həll edir və ya çempion olur! Tətbiqi maraq bir çox keyfiyyətlərin məcmusudur. 

Tətbiqi maraq keyfiyyətinə malik olan insanlar, ətraflarında baş verən proses və hadisələri başa düşməyə, yaxşılaşdırmağa çalışırlar. Onlar hər şeyə yüksək həssaslıqla yanaşırlar – istehlak vərdişlərini və ya sənayeni formalaşdıran qlobal makroiqtisadi meylləri dəyişdirməyin mənası varmı?

Liderlər üçün tətbiqi maraq göstərmək nəfəs almaq qədər təbiidir və onlar istəsələr də onu söndürə bilməzlər. Eşitdiyimə görə, mağazada alış-veriş edərkən belə həmin müəssisənin gəlir və xərclərini hesablayan direktorlar vardır. Birdə görürsən ki, onlar biznes təkliflərini mağazanın meneceri ilə müzakirə etməyə başlayıblar. 

LinkedIn-nin həmtəsisçisi, AirbnbFacebook-un sərmayədarı olan Rid Hoffman, rəhbərlərdə daha çox hansı keyfiyyətləri axtardığını söylədi. Fikirlərini fərqli şəkildə ifadə etsə də, onun sözlərinin mahiyyəti tətbiqi marağın təsvirinə bənzəyirdi. 

 “Rəhbərlərdə axtardığım xüsusiyyətlərdən biri sonsuz öyrənmə əyrisidir, çünki investisiya etdiyim müəssisələr insanlar üçün yeni imkanlar açır, bazarda yeni sahələr yaradır, – o qeyd edir. – Siz belə düşünməlisiniz: “Yeni sahəni necə öyrənə bilərəm?”. Mən hər zaman fasiləsiz və çevik öyrənməyin yolların axtarışındayam”. 

Ən yaxşı CEO-ları digərlərindən fərqləndirən şey, ideya və şablon tapmaq üçün təcrübələrin təhlilini aparmaq vərdişinin olmasıdır. Və müasir dövrü nəzərə alsaq, düşüncələrimizi həm gələcəyə, həm də keçmişə yönəltməli olduğumuzu başa düşəcəyik. Bugünkü liderlərin müdrikliyi “bildiyim hər şeyi unudaraq, “filan şey olsa əgər, nə edəcəyəm?” ssenarisinə uyğun hərəkət etməliyəm” prinsipinə əsaslanır. 

Rəhbərlər nöqtələri birləşdirərək, ağıllarında müəyyən strukturlar yaradırlar və bu əzələ bəlkə də ən vacib rolu yerinə yetirir: komandanın qarşısında dayanaraq “Budur, bu gün və yaxın üç-beş ildə fəaliyyət sahəmizdə rəqiblərimizə necə qalib gələ biləcəyimizin planı” söyləmək.

“Unikal lider olmaq üçün dörd həlledici amil” haqqında daha əvvəl yazmışdım və bu siyahının başında “mürəkkəb olan şeyi sadələşdirmək və həyata keçirmək” qabiliyyəti durur. Bu bacarıq tətbiqi marağın təzahürüdür. 

Liderlik mövzusunun müzakirəsi istər-istəməz bu keyfiyyətin anadangəlmə və ya sonradan inkişaf etdirilmiş olub-olmaması sualına gətirib çıxarır. Sizcə, top-menecerlər tətbiqi maraq göstərmək qabiliyyətini sonradan inkişaf elətdiriblər? Mənə görə, tətbiqi maraq təcrübə ilə mənimsənilə bilən keyfiyyətlərdən biridir, fiziki hazırlıq səviyyəsini artırmaq üçün idman zalına getməyimiz kimi. Hər şey gənc ikən verdiyimiz “niyə?” sualından başlayır. 

İyirmi birinci əsrdə liderlər daha çox düzgün cavabları deyil, düzgün sualları axtarırlar. Bu qabiliyyət təkcə rəqabət mühitini dərk etməkdən deyil, həm də xaricində hansı imkanların ola biləcəyini düşünməkdən qaynaqlanır.

Heç kim sizə zəmanət vermir – özündə tətbiqi marağı inkişaf etdirmək gələcəkdə baş direktor olmaq demək deyil. Belə ki, öz ixtiyarımızda olmayan bir çox amillər var. Buna baxmayaraq, baş direktor kimi düşünsəniz, karyeranız daha sürətlə inkişaf edəcəkdir. 

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər