6 C
Baku
Sunday, December 15, 2024

“2026-cı ilədək Qarabağa azı 66 min sakinin geri qayıdışı nəzərdə tutulur”

“2026-cı ilədək Qarabağ iqtisadi rayonu üzrə azı 66 min sakinin geri qayıdışı nəzərdə tutulur”.

Bunu Ağdam şəhərindəki Konfrans Mərkəzində keçirilən “Ağdamın dirçəlişi” adlı tədbirdə Qarabağ İqtisadi Rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

Onun sözlərinə görə, şübhəsiz ki, mədəni və dini irsin qorunub saxlanması bizim digər prioritetimizdir. Hazırda Ağdamdakı Cümə və Qiyaslı məscidləri bərpa olunur, Suqovuşan və Hadrut qəsəbələrində isə yeni məscidlərin tikintisi üzrə layihələndirmə işləri aparılır. Pənahəli xanın sarayı – İmarətdə və Şahbulaq qalasında yaxın vaxtlarda bərpa işlərinə başlanılacaq. İmarətdə yerləşən Azərbaycanın görkəmli şairəsi və xan qızı Xurşidbanu Natəvanın qəbirüstü abidəsi özünün ilkin görkəmində artıq bərpa olunub.

Xüsusi nümayəndə qeyd edib ki, səhiyyə infrastrukturu üzrə Ağdam və Füzuli şəhərlərində 2 mərkəzi xəstəxananin tikintisinə yaxın zamanlarda başlanılacaq. İstər Ağdamda, istərsə də Füzulidə Zəfər və açıq hava altında İşğal muzeyləri olacaq. Həmçinin hazırda Füzuli və Ağdam şəhərlərinin mərkəzi parkları və Ağdam Meşə Parkının tikinti layihələri hazırlanma mərhələsindədir.

“Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə bütün bərpa və reabilitasiya prosesini 3 əsas mərhələyə bölmək olar. 1-ci mərhələdə, 2026-cı ilədək Qarabağ iqtisadi rayonu üzrə 2 şəhər mərkəzinin və 32 kəndin tikilməsi, 3 məntəqənin turizmyönlü inkişaf etdirilməsi, torpaq islahatı ilə bağlı təkliflərin hazırlanması və ən azı 66 min sakinimizin öz dədə-baba torpaqlarına geri qayıdışının təmin edilməsi qarşımızdakı əsas hədəflərdir”, – deyə o əlavə edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər