Kənd təsərrüfatı xammalının emal dərinliyinin artırılması ölkədə əlavə dəyərin yüksəlməsinə xidmət edəcək.
Bunu “Azərbaycanın kənd təsərrüfatının inkişafında yeni prioritetlər” mövzusunda aqrar sahə profilli QHT-lərin ictimai müzakirəsində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri Bağış Əhmədov deyib.
Onun sözlərinə görə, bununla yanaşı, dövlət proqramında konkret hədəflər müəyyənləşdirilib və həmin hədəflərə nail olmaq üçün müxtəlif siyasət alətlərinin tətbiqi nəzərdə tutulur: “Bu məqsədlə aqrar sahədə institusional və rəqəmsal idarəetmənin təkmilləşdirilməsi, daha rəqabətli sistemlərin formalaşdırılması, eləcə də dövlət dəstəyi mexanizmlərinin gücləndirilməsi istiqamətində tədbirlər həyata keçiriləcək”.
B. Əhmədov qeyd edib ki, “Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”na əsasən, 2030-cu ildə kənd təsərrüfatında yaradılan əlavə dəyərin 2025-ci illə müqayisədə 10 % artacağı gözlənilir: “Bu artımın əsasən ixrac hesabına təmin olunması planlaşdırılır. Belə ki, kənd təsərrüfatı, balıqçılıq və emal sənayesi məhsullarının ixracının 2030-cu ildə 2025-ci illə müqayisədə 33,8 % artırılması hədəflənir”.







