Ər-Riyadda keçirilən Baş Qərargah rəisləri və hərbi nümayəndələrin iclasında 43 dövlətin nümayəndələri Səudiyyə Ərəbistanının beynəlxalq gəmiçiliyin qorunması məqsədilə çoxmillətli dəniz müdafiə koalisiyasının yaradılması təşəbbüsünü müzakirə ediblər. Bu barədə krallığın Müdafiə Nazirliyi məlumat yayıb.
Bəyanatda bildirilir ki, görüşdə 43 ölkənin Baş Qərargah rəisləri və onların nümayəndələri, həmçinin Avropa İttifaqının nümayəndə heyəti iştirak edib. Ümumilikdə dəvətlər 51 dövlətin və beynəlxalq təşkilatın nümayəndələrinə göndərilib. İştirakçıların bir hissəsi iclasa əyani, digər hissəsi isə videobağlantı vasitəsilə qoşulub.
Nazirliyin məlumatına görə, iştirakçılar ticarət gəmilərinə, enerji daşıyan tankerlərə və dəniz infrastrukturuna hücumlar da daxil olmaqla, artan dəniz təhlükəsizliyi təhdidlərini müzakirə ediblər. Bildirilib ki, bu risklər beynəlxalq gəmiçiliyin təhlükəsizliyinə, qlobal təchizat zəncirlərinin dayanıqlılığına və dünya iqtisadiyyatına mənfi təsir göstərə bilər.
Görüşdə gələcək koalisiyanın nizamnamə layihəsi, təşkilati strukturu, komandanlıq və idarəetmə sistemi, fəaliyyət mexanizmləri, eləcə də formalaşdırılmasının növbəti mərhələləri nəzərdən keçirilib. Koalisiyanın Bab əl-Məndəb boğazı, Qırmızı dəniz və Ədən körfəzində fəaliyyət göstərməsi planlaşdırılır.
İştirakçılar həmçinin təşəbbüsün təsis müddəalarını müzakirə ediblər. Həmin müddəalara əsasən, Səudiyyə Ərəbistanı koalisiyanın təsisçi və rəhbər dövləti olacaq, qərargah isə bu ölkənin ərazisində yerləşəcək.
Görüşün yekununda hərbi nümayəndələr koalisiyanın yaradılması istiqamətində işi davam etdirmək, o cümlədən nizamnamənin, təşkilati strukturun və fəaliyyət mexanizmlərinin hazırlanmasını başa çatdırmaq, daha sonra isə təsis sənədini imzalayaraq birliyi rəsmi şəkildə fəaliyyətə başlatmaq barədə razılığa gəliblər.
Layihəyə dəstək məqsədilə birgə bəyanatı 14 dövlət — Səudiyyə Ərəbistanı, Küveyt, Bəhreyn, Qətər, Pakistan, Türkiyə, Misir, İordaniya, Yəmən, Banqladeş, Nigeriya, Sudan, Cibuti və Somali imzalayıb. Nazirlik əlavə edib ki, bir sıra digər ölkələr də təşəbbüsü dəstəklədiklərini bildiriblər və birgə bəyanata qoşulmaq üçün zəruri daxili prosedurları davam etdirirlər.







