Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Nazirlər Kabinetinin dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin maaşlarını 1 manat artırması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Nazirlər Kabinetinin 21 aprel 2017-ci il tarixli 161 nömrəli qərarı ilə bağlı məlumat verilərkən bir sıra mətbu orqanlarda bunun “əmək haqlarının 1 manat artırılması” kimi anlaşılması və təqdim edilməsi yanlışdır.
Məlumatda bildirilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 155-ci maddəsinin 6-cı hissəsinə əsasən, minimum əmək haqqının məbləği Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 155-ci maddəsinin 3-cü hissəsinə əsasən aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin aylıq əmək haqqı dövlət tərəfindən müəyyən edilmiş minimum əmək haqqı məbləğindən aşağı ola bilməz.
“Məcəllənin 158-ci maddəsinin 2-ci hissəsinə əsasən isə respublikanın büdcədən maliyyələşdirilən müəssisələrində çalışan işçilərin əməyinin ödənilməsi sistemi, növləri və məbləği Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Hazırda isə respublikamızda muzdlu işçilərin 40 faizindən çoxu büdcədən maliyyələşdirilən sahələrdə çalışır.
Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin “Minimum aylıq əməkhaqqının artırılması haqqında” 2017-ci il 21 yanvar tarixli 2608 nömrəli Sərəncamı ilə imzalanmış və minimum əmək haqqının məbləği 2017-ci ilin əvvəlindən 10,5 faiz artırılaraq 116 manat məbləğində müəyyən edilib.
Bununla bağlı olaraq, Nazirlər Kabineti 21 aprel 2017-ci il tarixli 161 nömrəli Qərarla 2013-cü il 25 sentyabr tarixli 263 nömrəli qərarının “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 yanvar tarixli 2608 nömrəli Sərəncamının 2-ci hissəsinə uyğunlaşdırılmasını, yəni bu Qərarın 5 nömrəli əlavəsi olan “Azərbaycanda Atatürk Mərkəzinin işçilərinin aylıq vəzifə maaşlarının sxemi”ndə dəyişiklik edərək, həmin işçilərin minimum vəzifə maaşlarının müəyyən olunmuş minimum əmək haqqı səviyyəsindən aşağı olmamasını uyğunlaşdırılmaqla təmin edib.
Göründüyü kimi, qeyd olunan qərar sadəcə olaraq, Nazirlər Kabinetinin müvafiq normativ hüquqi aktının Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğunlaşdırılması məqsədinə xidmət edir”, – deyə nazirlikdən qeyd olunub.
O da bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə respublikamızda dövrü olaraq minimum aylıq əmək haqqının artırılması həyata keçirilir: “Son on il ərzində minimum əməkhaqqının məbləği 3,5 dəfə artırılıb. Nəticədə ölkə üzrə orta aylıq əməkhaqqı da 3,3 dəfə artıb”.