Dünyanın böyük texnologiya şirkətlərindən olan “Apple” “iPhone”nun bazara daxil olmasının 10-cu ilini qeyd edir. Şirkət təkcə bu telefonların satışından keçən il 136,7 milyard dollar gəlir əldə edib.
Bloomberg-ə istinadən, 2006-cı ildə “iPod”, “Mac” kompüterlərinin satışından 19,3 milyard dollar gəlir əldə edən şirkət, “iPhone”nu bazara çıxarmaqla gəlirini 10 ildə 10 dəfədən çox artırıb.
Keçən il “Apple”ın gəliri 215,6 milyard dollar təşkil edib. Bunun təxminən 63,5 faizi -136,7 milyard dolları “iPhone” satışından əldə olunub.
Şirkətin məfəəti 2006-cı ildə təxminən 2 milyard dollar təşkil edirdisə, keçən il bu rəqəm 46 milyard dollara yüksəlib.
“Apple”ın bazar dəyəri isə təxminən 750 milyard dollar olub. Bu da dünya üzrə183 ölkənin illik ümumi daxili məhsul istehsalının həcmindən yüksəkdir.
Keçən il təxminən 212 milyon “iPhone” satışı reallaşdıran şirkətin cari ilin sentyabr ayında bazara çıxarmağı planlaşdırdığı “iPhone 8” sayəsində 241 milyon telefon satacağı irəli sürülür.