Türkiyə və Rusiyada ABŞ dollarının bahalaşması Azərbaycan manatının məzənnəsinə də mənfi təsir göstərəcək.
“Report Analitika Qrupu” bildirir ki, bu gün Türkiyədə dolların məzənnəsinin 4%-dən çox bahalaşaraq 3,70 lirə səviyyəsini ötməsi, Rusiya İqtisadi İnkişaf Nazirliyinin dolların məzənnəsi ilə bağlı ilin sonunadək mənfi proqnozları Azərbaycanda dolların məzənnəsinə təzyiqi artıracaq. Belə ki, əsas ticarət partnyorlarımız olan bu iki ölkədə dolların bahalaşmasından sonra Azərbaycanda dollar bahalaşmasa, o zaman Azərbaycanda manatın real effektiv məzənnəsi yüksəlməyə başlayacaq. Bu da öz növbəsində adıçəkilən ölkələrdən Azərbaycana idxalı sürətləndirəcək.
Xatırladaq ki, manatın real effektiv məzənnəsi 2000-ci ildən hesablanır. Onun minimum həddi 2004-cü ilin sonunda (74,2 bənd), maksimum həddi isə 2015-ci il fevralın 1-də (153,1 bənd) qeydə alınıb. Maliyyə böhranı başlayandan isə minimum hədd 2016-cı il sentyabrın 1-də (87 bənd) olub.
Analitik qrupu manatın real effektiv məzənnəsinin 85-90 bənd diapazonunu qənaətbəxş hesab edir. Bu səviyyədən önəmli kənarlaşma isə hazırkı iqtisadi vəziyyətdə məqbul hesab olunmur: “Bu da ancaq Azərbaycanda dolların məzənnəsinin bahalaşması ilə tənzimlənə bilər. Bütün bu statistikaya baxmayaraq, cari ilin sonuna qədər Azərbaycanda dolların məzənnəsində ciddi dəyişiklik olacağı gözlənilmir. Dollar 2018-ci ildən etibarən bahalaşma trendini davam etdirə bilər”.