Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları üçün “Azərbaycan Hökumətinin ərzaq məhsulları və yem təhlükəsizliyinə rəsmi nəzarət sahəsində institusional potensialının gücləndirilməsi” layihəsi çərçivəsində üç həftəlik təlimlərə başlanılıb. Bu barədə Banker.az-a Qrumdan məlumat daxil olub.
Avropa İttifaqının Bakı nümayəndəliyinin təşkilatçılığı ilə həyata keçirilən təlimin məqsədi qida təhlükəsizliyi sahəsində institusional potensialın gücləndirilməsinə, qida zəncirinə nəzarət sahələrində beynəlxaq təcrübənin öyrənilməsinə yönəlib.
Təlim başlamazdan əvvəl Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli layihə çərçivəsində təlim keçəcək nümayəndə heyətini qəbul edib. Daha sonra layihə rəhbəri İan Goulding (Yan Quildinq) və təlimçi Alida Mahmudova qida təhlükəsizliyi ilə bağlı təcrübələrini agentliyin əməkdaşları ilə bölüşüblər. Layihə rəhbəri Yan Quildinq qida mühəndisliyi və marketinqi sahəsində ixtisaslaşıb.
Təlimdə agentliyin “Təftiş və dövlət nəzarəti”, “Risklərin idarə olunması”, “Sertifikatlaşdırma və qeydiyyat”, “Kommunikasiya və informasiya texnologiyaları” şöbələrinin rəhbərləri və əməkdaşları iştirak edib.