7 C
Baku
Sunday, December 15, 2024

Şahmatçı: “Bilirəm ki, hamı məndən cavab gözləyir”

“Həm Azərbaycandan, həm də xaricdən şirkətlər maraqlandı, dünya azərbaycanlılarından da maraq gördüm”, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov BBC News Azərbaycancaya deyib ki, “statusundan sonra böyük dəstək” görüb.

O, bir müddət öncə Facebook hesabında “sponsoru” olmadığını, “pul qazanmaq üçün hər oyuna getməyə məcbur qalmaqdan yorulduğunu” bildirmişdi.

Amma qrossmeyster hələ ki, sponsor seçiminə qərar verməyib. Təfərrüatlı danışmaqdan imtina edən şahmatçı Gürcüstanın Batumi şəhərində sentyabrın 23-də başlayacaq Şahmat üzrə Olimpiadaya hazırlaşdığını deyib.

Şəhriyar Məmmədyarov Olimpiadadan qabaq öz Facebook hesabından açıqlama verəcəyini vəd edir: “Olimpiada mənim üçün çox vacibdir, bura hazırlaşıram. O ərəfədə açıqlama verəcəm. Bilirəm ki, hamı məndən cavab gözləyir”.

Azərbaycan Şahmat Federasiyası ilə arasında heç bir problem olmadığını söyləyən şahmatçı buna sübut kimi milli komandanın tərkibində Olimpiadaya hazırlaşdığını göstərib: “Əgər hər hansı problem olsaydı, komandanın tərkibində olmazdım”.

Dünyada “şah” ləqəbi ilə tanınan Şəhriyar Məmmədyarov bir müddət öncə ABŞ-da Saint Louis şəhərində keçirilən beynəlxalq şahmat turnirində iştirak etdiyi zaman Facebook statusunda yarışlara qatılmaq üçün “sponsor tapa bilmədiyini” yazmışdı.

“Çox heyif, amma şahmat belə məni bezdirdi! Yorulmuşam! Sabah yenə oynamaq lazımdır! Arada fikirləşirəm ki, bu ölkədə məndən güclü nə qədər idmançı var ki, mənə bir sponsor tapılmadı?” qrossmeyster yazmışdı.

Onun bu şərhi sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olmuşdu.

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov BBC News Azərbaycancaya bildirmişdi ki, qurum Şəhriyar Məmmədyarova aylıq maaş verir və onun qonorar və səfər xərclərini qarşılayır.

Faiq Həsənov Federasiyanın hər zaman Məmmədyarovun tələblərini qarşıladığını deyib.

Şəhriyar Məmmədyarovun atası Həmid Məmmədyarov BBC News Azərbaycancaya açıqlamasında Federasiyanın Şəhriyara etdiyi “kiçik köməklərin kifayət etmədiyini” bildirib.

Şəhriyar Məmmədyarov 2012-ci ildə qrossmeyster titulunu alıb və Azərbaycanı bir çox beynəlxalq şahmat yarışlarında təmsil edib.

FIDE – Beynəlxalq Şahmat Federasiyası Şəhriyar Məmmədyarovu dünyanın 3 nömrəli şahmatçısı hesab edir.

BBC Azəri

Son xəbərlər
Digər xəbərlər