“Son illər ərzində kənd təsərrüfatı ilə bağlı görülən tədbirlər, bir çox məhsulların alış qiymətinin artımı nəticəsində kəndlilərdə kənd təsərrüfatına maraq böyük dərəcədə artıb”.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də İmişli rayonunda Araz çayının yeni qol-kanalının açılış mərasimində çıxışı zamanı bildirib.
“Bu gün kəndlərdə demək olar ki, məşğulluqla bağlı ciddi problem yoxdur, işləmək istəyən iş tapar. Biz sadəcə olaraq yeni investisiyalarla, yeni layihələrlə fermerlər üçün, kəndlilər üçün bu imkanları genişləndirməliyik və genişləndirəcəyik. Böyük maliyyə vəsaiti tələb edən beton su kanalının çəkilişi 53 min hektara, – hansılar ki, ya tamamilə suvarılmayıb, ya da ki, qismən suvarılıb, – yeni həyat gətiririk, imkanlar yaradırıq ki, vətəndaşlar əksinlər, becərsinlər, pul qazansınlar, daha yaxşı yaşasınlar, evlər tiksinlər və xalqımızın rifahı yüksəlsin. Budur bizim əsas məqsədimiz və bu məqsədə çatmaq üçün biz əlimizdən gələni edirik. Nəticələr də göz qabağındadır. Qeyd etdiyim kimi, məşğulluqla bağlı problemlər həll olunur, sahibkarlara bundan sonra da böyük diqqət göstəriləcək. İki milyard manatdan çox güzəştli kreditlərin verilməsi özlüyündə böyük nailiyyətdir, böyük nəticədir. Biz investisiyaların təşviqi ilə bağlı çox önəmli addımlar atmışıq, yeni mexanizm işlənilib. Təkcə aparılan islahatlar nəticəsində, investisiya təşviqi mexanizmi işə düşəndən sonra yerli sahibkarlar ölkə iqtisadiyyatına 2 milyard manatdan çox sərmayə qoyublar. Yəni, imkanlar var, həm kreditləşmə yolu ilə, həm sahibkarların öz vəsaiti hesabına münbit şərait yaradılıb, investisiya iqlimi çox müsbətdir və dövlət dəstəyi də göz qabağındadır. Onu da bildirməliyəm ki, 45 böyük aqroparkın yaradılması nəzərdə tutulur. Onlardan 13-ü bu ilin sonuna qədər artıq fəaliyyətə başlayacaq, bəziləri artıq işləyir, mən onların açılışlarında olmuşam və 45 aqroparkın istifadə etdiyi torpaq sahəsi təqribən 200 min hektara yaxındır. O torpaqlarda heç nə əkilmirdi və o torpaqlar elə boş torpaqlar kimi qalırdı. Biz o torpaqlara həyat qaytardıq”, – dövlət başçısı deyib.
Prezident İlham Əliyev qeyd edib ki, rayonlarda aqroparkların, sənaye zonalarının, yeni infrastrukturun yaradılması, meliorativ tədbirlər, həmçinin yol, elektrik enerjisi, qazlaşdırma, içməli su layihələri üçün dövlət dəstəyi göstərilir: “Onu da deməliyəm ki, aqroparkların yaradılması üçün dövlət öz dəstəyini göstərir, eyni zamanda, maliyyə dəstəyini. Aqroparkların fəaliyyəti üçün yüz milyonlarla manat dəyərində müxtəlif infrastruktur layihələri icra edilmişdir. Dövlət hər şeyi edir ki, fermerlər, kəndlilər daha yaxşı yaşasınlar. Bizdə olan yanaşma və qaydalar inanmıram ki, hər hansı bir başqa ölkədə olsun. Fermerlər vergilərdən azaddırlar, torpaq vergisindən başqa, o da çox cüzi bir rəqəmdir. Subsidiyalar verilir. Yanacaq, gübrə, kreditlər güzəştli şərtlərlə, elə faizlə verilir ki, indi o faizlə heç bir yerdə kredit almaq mümkün deyil. Rayonlarda aqroparkların, sənaye zonalarının, yeni infrastrukturun yaradılması, meliorativ tədbirlər, həmçinin yol, elektrik enerjisi, qazlaşdırma, içməli su layihələri üçün dövlət dəstəyi göstərilir. Budur bizim siyasətimiz və bu siyasət xalq tərəfindən dəstəklənir, bəyənilir və gözəl nəticələrə gətirib çıxarır. Bu gün açılışına toplaşdığımız Araz çayının beton su kanalının çəkilişi çox önəmli, əlamətdar hadisədir. Bu layihənin icrası nəticəsində ölkəmiz daha da inkişaf edəcək, xalqımız daha da yaxşı yaşayacaqdır”.