“Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) plastik məhsullardan istifadənin qadağan olunması ilə bağlı kompleks tədbirlər planı hazırlayır”.
Bankeraz bildirir ki, bunu mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva deyib.
O bildirib ki, dünən Avropa Parlamenti tərəfindən plastik qablaşdırma məhsullarının qadağan olunması ilə bağlı qərar qəbul olunub: “Qərara görə plastik məhsulların istifadəsi 2021-ci ilədək qadağan olunmalıdır. Ölkəmizdə də bu istiqamətdə artıq müəyyən işlər görülməkdədir. Belə ki, nazirlik tərəfindən kompleks tədbirlər planı hazırlanır.
Bu məqsədlə prosesin ilkin mərhələsində ictimai rəyin öyrənilməsi üçün əhali arasında sorğu keçirilməsi planlaşdırılır. Əlbəttə ki, bu tədbirlər bütün tərəflərin maraqlarını nəzərə alınaraq mərhələli şəkildə həyata keçiriləcək”.
U.Tağıyeva qeyd edib ki, toplanma və çeşidlənmə işlərinə əhalini cəlb etmək üçün bugünədək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə başlanılan kampaniya çərçivəsində ümumilikdə 35 şəhər və rayon üzrə plastik qabların toplanması və çeşidlənməsi üçün 100-dək konteyner yerləşdirilib: ”
Yerləşdirilən konteynerlərdən 32 ədədi ETSN, 50 ədədi rayon icra hakimiyyətləri, 12 ədədi yerli sahibkarlar, 2 ədədi isə AzEkol tərəfindən hazırlanıb.
Lakin ölkədə ekoloji problemlər tək plastik tullantılarla bağlı deyil, eyni zamanda həm məişətdə, həm tikintidə, həm də karxanaların fəaliyyəti zamanı əmələ gələn və düzgün idarə olunmayan tullantılarla bağlıdır”.