“Google” şirkəti “Play Market” proqramlar mağazası ilə bağlı 2018-ci ilə yekun vurub. Şirkət bir neçə nominasiya üzrə ən yaxşı xidmətlərin adını sadalayıb: “Əyləncə”, “Tapıntı”, “Özünü inkişaf etdirmə” və “Gündəlik”.
Banker.az “ICTnews”ə istinadən yazır ki, əyləncə kateqoriyasında ən yaxşı proqram “Vimage” seçilib. Bu proqram sinemaqrafların (hərəkətli elementlərə malik şəkillər) yaradılması üçün istifadə olunur. İstifadəçilər effektlərin köməyi ilə şəklə qar, tüstü və başqa elementlər əlavə edə bilərlər.
“İlin tapıntısı” nominasiyasında “Slowly” proqramı ən yaxşı mobil tətbiq seçilib. Bu proqram yazışma üzrə dostlar tapmağa və onlara mesaj deyil, əsl məktub göndərməyə imkan verir. Messencer və elektron poçtdan fərqli olaraq, məktubların göndərilməsi müəyyən vaxt alır.
“Mimo” özünü inkişaf etdirmə nominasiyasında ən yaxşı mobil tətbiq elan edilib. Bu maarifləndirici xidmətin köməyi ilə proqramlaşdırmağı, mobil tətbiq və saytlar yaratmağı öyrənmək olar. “Mimo” xidməti “Python”, “Kotlin”, “Swift”, “HTML”, “CSS”, “JavaScript”, “SQL”, “PHP”, “Java”, “C#”, “C++”, “Ruby”, “Git” və başqa proqramlaşdırma dillərini öyrənməyi təklif edir.