13 C
Baku
Saturday, November 23, 2024

Mikro, kiçik, orta və iri sahibkarlar kimlər sayılacaq? – Nazirlər Kabinetindən qərar

Nazirlər Kabineti “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın təsdiq edilməsi qaydalarını təsdiq edib.

Banker.az xəbər verir ki, bunu Baş nazir Novruz Məmmədov ötən həftənin son iş günündə imzalayıb.

“Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 963-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 fevral tarixli 1816 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

  1. “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları” təsdiq edilsin (əlavə olunur).
  2. Azərbaycan Respublikasının Vergilər Nazirliyinə tapşırılsın ki, yeni yaradılan və ləğv olunan sahibkarlıq subyektlərinin, habelə il ərzində fəaliyyəti olan sahibkarlıq subyektlərinin illik gəlirləri barədə məlumatın hesabat ili başa çatdıqdan sonra növbəti il aprelin 20-dən gec olmayaraq, real vaxt rejimində Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə ötürülməsini təmin etsin.
  3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın ki, il ərzində fəaliyyəti olan sahibkarlıq subyektlərinin işçilərinin orta siyahı sayı barədə məlumatın hesabat ili başa çatdıqdan sonra növbəti il aprelin 20-dən gec olmayaraq, real vaxt rejimində Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə ötürülməsini təmin etsin.
  4. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə tapşırılsın ki, mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsünün bu meyarlara uyğun olaraq təşkilini və bu siyahının hər növbəti il mayın 10-dan gec olmayaraq, real vaxt rejimində “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”nə ötürülməsini təmin etsin.
  5. “İri, orta və kiçik sahibkar meyarları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 iyun tarixli 215 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 6, maddə 788; 2016, № 6, maddə 1228) ləğv edilsin.”.
  6. Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü belədir:

Meyarları Sahibkarlıq subyektlərinin ölçüsünə görə kateqoriyaları İşçilərinin orta siyahı sayı

(nəfər)

İllik gəliri (ig) (min manat)
Mikro sahibkar 1 – 10 ig ≤ 200
Kiçik sahibkar 11 – 50 200 < ig ≤ 3 000
Orta sahibkar 51 – 250 3 000 < ig ≤ 30 000
İri sahibkar 251 və ondan yuxarı 30 000 < ig

 

Son xəbərlər
Digər xəbərlər