“İdxalda və daxili istehsalda payı 35%-dən yuxarı olan idxalçı və istehsalçıların hamısı nəzarətdədir və onlar qiymətləri dövlətin razılığı olmadan dəyişə bilməz”.
Banker.az Report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə iqtisadiyyat naziri Şahin Mustafayev çörəyin qiymətinin artması ilə bağlı iddialara münasibət bildirərkən deyib.
Nazir əlavə edib ki, bu baxımdan süni qiymət artımına yol verilmir: “Elə sahələr var ki, burada hökmran mövqeyə malik idxalçılar və istehsalçılar yoxdur. Belə olan hallarda bazar qiymətləri tənzimləyir. Konkret olaraq çörəklə bağlı danışsaq, bilirsiniz ki, Azərbaycan buğdanın bir hissəsini idxal edir. İdxal etdiyimiz ölkələrdə buğda bir qədər bahalaşır. Təbii olaraq, bu, Azərbaycanda hiss oluna bilər. Amma hökumət də zəruri tədbirlər görür. Həm buğda idxalçıları, həm çörək bişirən sahibkarlar, həm də ticarət şəbəkələrinin nümayəndələri ilə görüşlər keçirilir. Həmçinin hesablamalar aparılır. Bu gün sahibkarlar tərəfindən çörəyin qiymətində müəyyən edilmiş dəyişiklik gözlənilmir. Lazım olan hallarda əlavə tədbirlər görüləcək ki, bu qiymətlər alıcılara təsir göstərməsin”.