ÇXR ticarət müharibəsində nadir torpaq metallarının tədarükçüsü kimi hakim mövqeyindən istifadə edə bilər
Banker.az xəbər verir ki, CNBC-nin məlumatına görə, Çin ABŞ ilə gedən ticarət müharibəsində nadir torpaq elementlərinin tədarükçüsü kimi hakim mövqeyindən istifadə edə bilər.
“Mən sizə deyə biləcəyim tək bir şey odur ki, kimsə Çinin inkişafını ləngitmək məqsədilə ixrac etdiyimiz nadir torpaq elementlərindən hazırlanmış məhsullardan istifadə edərsə, nadir torpaq metalların çıxarıldığı cənub vilayətinin və eləcə də ölkənin bütün əhalisi bundan narazı olacaq”, – deyə ÇXR-in Milli İnkişaf və İslahatlar Komissiyasının rəsmisi bildirib.
Xatırladaq ki, ötən həftə ÇXR-in sədri Xi Jinping nadir torpaq elementlərinin istehsalı üzrə fəaliyyət göstərən müəssisəyə baş çəkib. Çinin ABŞ-a cavab olaraq nadir torpaq elementlərinin ixracını qadağan edə biləcəyi fikri irəli sürülüb.
Qeyd edək ki, nadir torpaq elementləri elektrik və hibrid avtomobillər üçün enerji daşıyıcılarının hazırlanmasında, eləcə də kompüterlərin, DVD-pleyerlərin, katalizatorların, monitorların, televizorların, lazerlərin və digər qurğuların istehsalı sahəsində geniş istifadə olunur. Bəzi metallar hərbi texnikanın, reaktiv mühərriklərin, raket əleyhinə sistemlərin və peyklərin istehsalı üçün də çox əhəmiyyətlidir.
“Şübhəsiz ki, Amerika tərəfi Çinin ixrac etdiyi nadir torpaq elementlərinin istifadəsi ilə hazırlanmış məhsullardan istifadə etmək istəyir. Onun əsas məqsədi Çinin inkişafına mane olmaqdır. Çin xalqı bunu heç vaxt qəbul etməyəcək!”, – yerli mətbuat yazır.
Nadir torpaq metallarına 17 element daxildir. ABŞ-ın nadir torpaq metallarına olan tələbatının 80%-ni Çin ödəyir.