Müsahibimiz: AGBankın Müşahidə Şurasının üzvü Fərid Quliyev
Öncəliklə müsahibə verməyə razılaşdığınız üçün təşəkkür edirəm.
AGBankın əsas şüarı “Zəngin olmaq haqqınızdır” – Sizcə AGBank Azərbaycan müştərisinə zəngin olmağa necə kömək edə bilər? Nəyə görə müştəri AGBankı seçməlidir?
Ümumiyyətlə bilirsiniz ki, AGBank artıq 20 ildir ki, Azərbaycan bank bazarında fəaliyyət göstərir və bu 20 il ərzində biz daha çox korporativ bankçılıq sektorunda çalışmışıq. Bu bazarda kifayət qədər müştəri kontingentimiz və korporativ müştəri bazamız vardır və biz onlarla daimi olaraq işləyirik. Keçən ildən etibarən biz yeni bir strateji gediş etdik və bunun əsasında da yeni strateji qərar qəbul etdik, bu bizim üçün olduqca mühüm qərardır, çünki 20 il ərzində biz yalnız bir istiqamətdə – korporativ bankçılığa doğru getmişdik.
Ancaq biz ötən il yeni “AGBank ekspress”- ticarət nişanını qeydiyyatdan keçirdik, “AGBank ekspress”- nişanı AGBank ASC-yə məxsus ticarət nişanıdır ki, biz də bu nişan altında pərakəndə bankçılıq fəaliyyətini reallaşdırırıq. “AGBank ekspress”-in şüarı digərindən fərqlidir. “AGBank ekspress – sənin bankın”. Bu onu göstərir ki, müştərilərə daha yaxın olmaq istəyimiz var. Əgər AGBank müştərilərə “Zəngin olmaq haqqınızdır!” deyirsə, bu şüar daha çox yüksək təbəqəyə, varlı müştərilərə və korporativ sektora yönəlmişdir.
AGBank özlüyündə korporativ sektora istiqamətlənmişdirsə, “AGBank ekspress” daha çox fərdi müştərilərə, gündəlik olaraq, bank ilə təmasda olan və özünün ən adi ehtiyaclarını ödəməyə çalışan əhali üçündür və bu istiqamətdə də biz öz işimizi davam etdiririk. “AGBank ekspress hazırda buna yönəlmiş siyasət yeridir və daha çox fərdi müştərilərlə işləməyə hədəflənmişdir.
Bir müddət öncəyə qədər Bankın əsas strateji hədəflərindən biri “korporativ sektorda fəaliyyət göstərən ən yaxşı banklardan biri olmaq” idi. Amma hal-hazırda təmsil etdiyiniz bank aktiv retail siyasət yeridir.
Bu dəyişikliyin əsas səbəbi nədir, korporativ sektorda özünüzü rahat hiss etmirdiniz?
Əslində korporativ sektorda özümüzü çox yaxşı hiss edirdik və edirik Səbəb isə sadəcə daha da genişlənmək və istiqamətlərin sayını artırmaq, özümüzü daha bir istiqamətdə sınamaq istəyi idi. Biz bu günləri pərakəndə bankçılığa heç də barmaqarası baxmırıq – yəni alınar-alınar, alınmaz-alınmaz deyə yanaşmırıq. Çox aqressiv bir strategiyamız var və bu strategiyaya da uyğun da hərəkət edirik.
Bankın yeni istiqamətinin açılması “AGBank ekspress” ticarət nişanının yaradılması ilə də yadda qaldı. Yeni açılan filiallar da məhz “Ekspress filial” və kreditlər isə “Ekspress kreditlər” adlanır.
Mənə maraqlıdır ki, ekspress – deyiləndə məhz müştərilərə sürətli xidmət növü (istənilən növ kreditin verilməsi ilə bağlı) nəzərdə tutulur, ya söhbət bu ad altında təqdim olunan istehlak kreditlərindən gedir?
Ümumiyyətlə qərar qəbul olunanda ki, yeni brend və ticarət nişanı yaradılsın, seçimimiz “ekspress” sözünün üzərində dayandı. Bildiyimiz kimi “ekspress” sözünün mənası sürət deməkdir. Bizim “AGBank ekspress” brendindən istifadə zamanı məqsədimiz heç də sadəcə bu ad altında çıxan məhsulları nəzərdə tutmaq deyil, yəni bu sözdən sadəcə ad xətrinə istifadə etməyərək, kreditlərə və filiallara işarə etmirik.
Biz müştərilərə daha sürətli xidmət göstərməyə çalışırıq: istər bu kredit məhsullarının alınması olsun, istərsə də digər qeyri kredit məhsulları. Yəni müştəri bankda daxil olduqdan sonra, maksimim dərəcə də tez bir müddətdə həmin xidmətdən yararlanmalı və bizdən məmnun qalaraq sağollaşmalıdır.
Yəni əsas sürətliliyə üstünlük verirsiniz?
Sürətlə bərabər şəkildə rahatlıq. Biz fərdlərə xidmət göstəririk. Bildiyiniz kimi hal-hazırda böyük tıxaclar vardır və insanlar zaman itkisindən əziyyət çəkirlər. Belə bir zamanda biz müştəriləri saatlarla bankda gözlədə və növbələrdə saxlaya bilmərik. Ona görə də müştəri banka daxil olduqdan sonra ən qısa müddətdə istədiyi xidməti əldə etməli və bankı məmnun şəkildə tərk etməlidir. Biz əlimizdən gələni edirik ki, müştəri növbələrdə gözləməli olmasın. Təbii ki, hal-hazırda buna nə dərəcədə ideal nail olduğumuzu deyə bilmərəm, amma biz bütün səylərimizi bu prosesin təkmilləşməsinə yönəldirik.
Açılan “Ekspress filiallar” bankın bundan öncə fəaliyyət göstərən filiallarından nə ilə fərqlənirlər, məgər həmin bankda korporativ müştərilərə xidmət göstərilmir?
Biz də indi, artıq qeyd etdiyim kimi iki istiqamət vardır. Öncədən isə yalnız bir istiqamət var idi: korporativ sektora xidmət göstərirdik, təbii ki, az bir miqdarda fərdlərə də xidmət göstərilirdi, amma indi ki, miqyas ilə müqayisə oluna bilməz. Bu günləri isə bizim yeni ticarət nişanını qeydiyyatdan keçirməkdə əsas məqsədimiz odur ki, biz bu müştəri kontingentini bir birindən fərqləndirək. Əgər bu, fərdi müştəridirsə və biz, ona fiziki şəxs kimi yanaşırıqsa, onda biz, həmin müştəriyə “AGBank ekspress” filial şəbəkəsində xidmət göstərmək istərdik. Bu filiallar xüsusi (oriyentasiyalı) ixtisaslaşmış filiallardır və biz burada korporativ müştərilərə xidmət göstərməyə istiqamətlənmiş deyilik.
Təbii ki, həm klassik AGBank, həm də “AGBank ekspress” filiallarında həm korporativ, həm də fərdi müştərilərə xidmət göstərilir, amma məhdud səviyyədə. Burada ümumi xidmətlər vardır ki, ondan bütün müştərilər istifadə edə bilər, lakin onların sayı məhduddur . Amma korporativ müştərilər üçün nəzərdə tutulan elə əməliyyatlar vardır ki, onlar yalnız klassik AGBank filiallarında həyata keçirilir, eləcə də “AGBank ekspress” layihəsi çərçivəsində fərdi müştərilər üçün nəzərdə tutulmuş kampaniya və xidmətlər yalnız “AGBank ekspress” filiallarında keçərlidir.
Bildiyim qədər artıq iki “Ekspress filial” Bakıda işə salınmışdır, şənbə günü isə Şamaxıda yeni “AGBank Ekspress filialının” açılışında iştirak etmisiniz.
Bilmək istərdim ki, filialların yerləşmə areallarını hansı meyarlar əsasında müəyyən edirsiniz? İstər Bakıda, istər də regionlarda hər hansı bir məntəqə yeni filialın açılışı baxımından uğurlu hesab edilməsi üçün hansı parametrlərə cavab verməlidir?
Bəli, düzgün qeyd etdiyiniz kimi artıq üç ekspress filialımız fəaliyyət göstərir, ikisi Bakıda, biri isə Şamaxıda olmaqla. Ümumilikdə isə xidmət nöqtələrinin sayı dörddür. Bildiyiniz kimi, Azərbaycan Dövlət İqtisad Universitetində bizim həmişə AGBank şöbəmiz yerləşib və indi onun yanında “AGBank ekspress” şöbəsi də fəaliyyət göstərir. Burada müştərilərə bütün qeyri kredit məhsullarını təqdim edirik. Şamaxı filialının açılışı isə mayın 18-də baş tutdu. Onu qeyd etmək istərdim ki, həmin filial bundan öncə klassik AGBank filialı kimi fəaliyyət göstərirdi, lakin biz onun profilini dəyişdik və üzərində yeni brend asdıq, yeni ad altında açılışını həyata keçirdik və açılış günündən etibarən filial yeni pərakəndə bankçılıq istiqamətində fəaliyyətə başlamışdır.
Yeni filial açarkən biz daha çox gediş-gəlişin rahat olduğu, nəqliyyatın yaxşı işlədiyi və əhalinin sıx olduğu yerlərə üstünlük veririk. İnsanların, izdihamın sıx olduğu yerlərə nəzər salırıq ki, bizi daha rahat görsünlər və göz qabağında olaq. Nəqliyyatı və filialın əlçatan bir mövqedə yerləşməsini həmişə olduğu kimi nəzərə almaq lazımdır, axı biz fərdi müştərilərlə işləyirik, onlar korporativ müştərilər deyil və çox uzağa gedə bilməzlər, məntəqələrin insanlara yaxşı tanış olan yerlərdə yerləşməsi vacibdir.
09 May 2013-ci il tarixində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) İstanbulda keçirilən illik yığıncağında AGBank yenidən AYİB tərəfindən “Most Active İssuing Bank in Azerbaijan in 2012” mükafatı ilə təltif olunub. Mükafatla bağlı təbrik edirəm. Ötən il ərzində Bank Kiçik və Orta Biznes layihələrinin Azərbaycanda maliyyələşdirilməsi sahəsində öz fəaliyyətini aktivləşdirərək, ticarətin maliyyələşdirilməsi məqsədilə açılmış akkreditiv və qarantiyaların ümumi həcmini ilin sonuna 54 mln ABŞ dolları çatdırmışdır ki, bu məbləğdən də, 12.5 mln ABŞ dolları AYİB-n xəttindən ayrılmışdı.
Bəs, hal-hazırda kredit portfelinizə nəzər salsaq hansı məqsədlə verilən kreditlər üstünlük təşkil edir, kredit portfelinizdə biznes və istehlak məqsədi ilə verilən kreditlər hansı nisbətdə yerləşirlər?
Bilirsiniz ki, biz həm də ipoteka bazarının ən böyük iştirakçılarından biriyik. Kredit portfelinin əhəmiyyətli bir hissəsini də ipoteka kreditləri təşkil edir. Nəyə görə suala məhz ipoteka kreditlərindən başladım, çünki əgər fərdi müştərilərdən söhbət gedəcəksə, ipoteka kreditləri məhz fərdi şəxslərə nəzərdə tutulub və portfelin fiziki şəxslərə aid olan hissəsində yer alır. Təbii ki, bizim kredit portfelinin böyük və əhəmiyyətli bir hissəsini korporativ müştərilərə verilən kreditlər tutur. Bundan öncəyə qədər formalaşmış fiziki şəxs portfeli isə olduqca cüzi idi, amma “AGBank ekspress” fəaliyyətə qoşulduqdan sonra ilk 6 ay ərzində kredit portfelimiz artıq 15 milyon manatı ötmüşdür. Təbii ki, bu ilk filialın açılışı ilə bağlı idi. Bildiyiniz kimi ilk filialımızı biz noyabr ayında, ikinci filialı mart ayında açdıq, üçüncü filial isə bu ayın 18-də fəaliyyətə başladı.
Yeni istiqamətinizin sizin üçün nə qədər mühüm olduğunu qeyd etdiniz. Amma bu pərakəndə kredit bazarında sizdən öncə də güclü iştirakçılar var, siz isə bu sahədə təzəsiniz. Bəs özünü rəqabətə davamlı hiss edirsiniz?
Biz özümüzü çox rəqabətə davamlı hiss edirik. Təbii ki, bazarın lokomotivləri vardır. Bu gün biz deyə bilmərik ki, hamıdan yaxşı xidmət göstəririk, ən yaxşı məhsulları təqdim edirik, amma əminliklə söyləyə bilərik ki, rəqiblərimizdən heç də pis xidmət göstərmirik və çox aqressiv siyasətimiz var. Yaxın iki il ərzində bu sözüm öz təsdiqini tapacaq və düşünürəm ki, iki ilin sonunda sizinlə bu barədə daha geniş danışa biləcəyik.
8. Fərid bəy, qısa müddətdə uğurlu karyera yolu keçmişiniz, belə gənc yaşda çox aparıcı bir mövqedəsiniz. Bu uğurunuzu nə ilə izah edərdiniz (Yeri gəlmişkən mayın 23-də Fərid bəyin ad günüdür, bu münasibətlə onu öncədən təbrik edirik)?
Sadəcə düşünürəm ki, gördüyümüz işi sevmək və həmin iş haqqında anlayışa malik olmaq lazımdır. İnanın ki, bu kifayət edir. Əsas odur ki, işə sevgi olsun. Təbii ki, peşəkarlıq və işləmə bacarığı yüzdə yüz olmalıdır. Amma zənnimcə uğurun əldə edilməsində ən böyük pay istək və inadkarlığın üzərinə düşür, bunsuz müvəffəqiyyət əldə etmək çətin, bəlkə də qeyri mümkündür.
İndi elə bir ərəfədəyik ki, tədris ili başa çatır, çoxları üçün indi seçim məqamıdır, istər gələcək təhsillə bağlı olsun, istər də özünü hansısa sahədə görmək istəyi. Gənclərimizə qərarvermə ilə bağlı nə tövsiyə edərdiniz?
Təbii ki, mən özümə görə bu suala cavab verəcəyəm. Mən deyə bilmərəm ki, mənim 20 illik iş təcrübəm var, mən böyüyən nəsillər görmüşəm və hər hansı bir nəslə yeni bir istiqamət vermişəm və bu gün onun bəhrəsini görürəm. Ona görə də mən özümdən danışacağam.
Qərar verərkən təbii ki, istəyə əsaslanmaq lazımdır, həvəs nəyədirsə onu seçməlisən. Həvəs nəyədirsə onu etməlisən ki, işi sevəsən bu işdə müəyyən qədər uğura nail ola biləsən. Başqa cür olduğu təqdirdə isə ən gözəl iş belə sizin üçün rutinə çevrilər, gündəlik gedirsən –gəlirsən, amma dərin bir məna kəsb etmir.
Bəs, gələcəyini bank və ya maliyyə sahəsində görmək istəyən tələbələrə, məzunlara nə tövsiyə edərdiniz?
Onlara tövsiyə edirəm ki, CV-lərini bizim banka göndərsinlər.
Məhz sizin banka?
Məhz bizim banka. Çünki bu günləri kifayət qədər çox vakansiyalarımız var və kifayət qədər perspektivli vakansiyalardır, hal-hazırda biz insan resurslarına xüsusi əhəmiyyət veririk. AGBank bu il kadr siyasətində dəyişiklik və insan kapitalına xüsusi önəm verir. Biz çalışırıq ki, işçilərin loyallığını artıraq və daima inkişaf edən bir heyətə sahib olaq və həmin heyətlə uzun müddət ərzində çalışaq.
Son olaraq qeyd etmək istədiyiniz xüsusi bir məqam varmı?
Xüsusi məqam odur ki, bütün müştəriləri dəvət edirəm ki, bizim “AGbank ekspress” filiallarının xidmətlərindən faydalansınlar.