ABŞ tezliklə bir sıra şirkətlərinə Çin kəşfiyyatı və hərbi qüvvələrilə əlaqələrdə ittiham olunaraq may ayından bəri “qara siyahı”da olan Çinin “Huawei” şirkəti ilə əməkdaşlıq etməyə icazə verə bilər.
Bu barədə “New York Times” məlumat yayıb.
“Keçən həftə keçirilən görüşdə prezident Tramp bir neçə ABŞ şirkətinə öz administrasiyasının bu ilin may ayında “Huawei”ə qarşı tətbiq etdiyi qadağadan yayınmağa imkan verəcək lisenziyaların təsdiqlənməsinə başlanmasına “yaşıl işıq” yandırıb”, – qəzet yazıb.
Nəşrin məlumatına görə, söhbət “həssas olmayan mallar”ın, yəni ikili istifadə texnologiyaları və materialları kimi təyin olunmayan və ABŞ-ın milli təhlükəsizliyinə zərər vura bilməyən məhsulların tədarükünə icazə verməkdən gedir.
Qeyd edək ki, ABŞ administrasiyası “Huawei”i Çin hərb qurumları və kəşfiyyatı ilə əməkdaşlıqda və müştərilərin mümkün izlənilməsində ittiham edir. Şirkət isə iddiaların əsassız, siyasi motivli olduğunu və bazar rəqabəti prinsiplərini pozduğunu iddia edir.
©Report