Dünya Bankı Azərbaycanda məşğulluğun dəstəklənməsi layihəsi çərçivəsində Azərbaycana 100 mln ABŞ dollar civarında kredit ayıracaq.
Bu barədə qurumun Direktorlar Şurasının ötən gün keçirilən iclasında qərar qəbul olunub.
Məlumata görə, kredit 14 illik verilir və ilk 4 il güzəşt müddətidir. Adıçəkilən layihə ilə bağlı fikirlərini bölüşən Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Navid Həsən Naqvi deyib ki, bu, Azərbaycan üçün əhəmiyyətli layihədir və cəmiyyətin həssas təbəqələrini əhatə edir: “Bu layihə ən çox əmək bazarından kənarda qalanlara kömək etmək, yoxsulluğun azaldılması və daha əhatəli iqtisadi böyümənin təmin edilməsinə yardım göstərəcək”.
Açıqlamada deyilir ki, layihənin maliyyələşməsi nəticəsində hər il əlavə olaraq 5 000 nəfərin əmək şəraiti yaxşılaşacaq.
“Azərbaycan özünə məşğulluğun təşviqi ilə əməkhaqqının rəsmiləşdirilməsi ilə bağlı maneələri aradan qaldırmaq əzmindədir”, – layihə üzrə rəhbərlərdən olan Maddalena Honorati deyib.
Onun sözlərinə görə, bu layihə özünə məşğulluq proqramını tamamlayır və bir sıra ölkələrdə sınaqdan keçirilib: “Gözlənilir ki, səmərəliliyini və təsirini genişləndirsin”.
©Report