Səudiyyə Ərəbistanının “Saudi Aramco” dövlət neft şirkəti neft məhsullarına tələbatın azaldığı bir vaxtda maliyyə çətinlikləri ilə üzləşən Avropa və Asiya neftayırma müəssisələrinə göndərdiyi xam neftin haqqını ödəmələri üçün 90 günədək möhlət təklif edib.
“Reuters” xəbər verir ki, mənbələrin fikrincə, bu kimi addımlar Səudiyyə Ərəbistanının neft bazarındakı payını artırmağa yönələn həmişəki fəaliyyətinin bir hissəsidir.
Xatırladaq ki, hazırda bir tərəfdən OPEC+ çərçivəsində hasilatın azaldılması barədə razılaşmanın başa çatdığından sonra hasilat artımı, bir tərəfdən də koronavirus pandemiyası üzündən tələbatın xeyli azalması nəticəsində bazarda xam neftin ifrat bolluğu yaranıb, eyni zamanda son 20 ildə ilk dəfə olaraq neftin qiyməti 22 ABŞ dollarınadək azalıb.
Aprelin 12-də OPEC+ formatının iştirakçısı ölkələri uzun müzakirələrdən sonra may – iyun aylarında hasilatı (2018-ci ilin oktyabr səviyyəsinə nisbətən) azaltmaq barədə yeni razılığa gəldilər. Meksikanın hasilatı cəmi 100 min barel azaltmağı qəbul etməsi ucbatından məcmu azaltma əvvəlcədən güman edildiyi kimi 10,7 milyon yox, 9,7 milyon barel həcmində razılaşdırıldı. Sonrakı dövrdə ilin sonunadək azaltmanın həcmi 7,7 milyon barel, 2021-ci ilin yanvar ayından 2022-ci ilin aprel ayınadək isə 5,8 milyon barel nəzərdə tutulur.
©Report