Forex valyuta bazarı – bu gün üçün kifayət qədər məşhur olan maliyyə mühiti dünya maliyyə bazarının ayrılmaz tərkib hissəsidir. Hər gün Forex-də formalaşan pul axınları onun məşhurlaşmasının əsas amillərindən biridir. Bu bazarda pul vəsaitlərinin bölüşdürülməsində iştirak etmək Forex-in mahiyyətini və onun qanunlarını dərk etməyi tələb edir. İlk növbədə bu imkandan banklar və maliyyə qrupları istifadə edirlər. İnternetin inkişaf etməsi ilə isə Forex bazarı sözün əsl mənasında qlobal xarakter daşımağa başladı. Indi hər kəs internet-treydinqdə qazanmaq şansını sınaqdan keçirə bilər. Bugünkü gün alış-satış əməliyyatlarının dördə bir hissəsi internet vasitəsilə həyata keçirilir.
Forex bazarında valyuta ilə həyata keçirilən uğurlu spekulyativ ticarət sayəsində bir neçə səs-küylü uğurlar qazanmaq mümkün olmuşdur.
Əhəmiyyətli nümunələrdən biri geniş əhali kütləsinə yaxşı tanış olan Corc Soros ilə bağlıdır. Investisiya fəaliyyətindən başqa o, həmçinin filantrop, filosof və siyasi-liberal xadim kimi məşhurdur. Corc Soros karyerasına 1969-cu ildə Qürasaoda (Qərbi-Hind adaları) Quantum fondunun yaradılması ilə başlamışdı. Quantum fondu spot bazarında McDonald’s şirkətinin illik gəliri həcmində qazanc əldə etmişdir. Lakin Corc Sorosun ən uğurlu sazişi İngiltərə funt sterlinqi ilə spekulyasiya üzrə saziş hesab olunur ki, bunun sayəsində o, bir ay ərzində 2 mlrd ABŞ dolları həcmində xalis mənfəət əldə edə bilmişdir. Bundan sonra Corc Soros “İngiltərə bankını sındıran” adam reputasiyasını qazandı.
Corc Sorosun pul spekulyasiyalarında əldə etdiyi uğuru dünya arenasında 90-cı illərin əvvəllərində hökm sürən situasiyaya borclu idi. “Funt sterlinqi yıxan insan” funt sterlinqi borc götürür və onu alman markasına satmaqla alman aktivlərinə yatırmaq qərarına gəlir. Nəticədə 10 mlrd funt sterlinq satılmış oldu ki, belə spekulyasiyalar nəticəsində Böyük Britaniyanın iqtisadi vəziyyəti daha da ağırlaşdı. “Qara çərşənbə” adlandırılan 16 sentyabr 1992-ci ildə Böyük Britaniyanın Mərkəzi bankı baş verən ajiotajı neytrallaşdırmaq üçün uçot faiz dərəcəsini 10%-dən 12%-ə qədər qaldırdı. Buna baxmayaraq, ingilis siyasətçilərinin gözləntiləri özünü doğrultmadı. Borc pul vəsaitlərindən istifadə Corc Sorosa bir neçə həftə ərzində çox böyük sərvət yığmağa imkan verdi.
Hazırda Forex valyuta bazarı 90-cı illərin əvvəli ilə müqayisədə daha likviddir. Buna görə də hətta milyardlarla kapitala sahib olan böyük investorlar belə istənilən valyutanın məzənnəsinə uzunmüddətli təsir edə bilmək qabiliyyətinə malik deyillər.
Qrant Noubl – sonrakı hekayənin qəhrəmanı ilk dəfə Forex-də fyuçerslərlə 70-ci illərdə pərakəndə ticarət brokeri kimi işləyərkən tanış olmuşdur. Maraqlısı odur ki, Nouble kütləvi informasiya vasitələrinin xəbərlərinə əks gedərək mətbuatı adi metoda əks istiqamətdə təhlil edirdi. Sübut olaraq Noubl belə bir halı xatırlayaraq bildirir: “The New York Times qəzetində aprel ayının sonlarında buğdanın məhsuldarlığına həsr edilmiş böyük bir məqalə çıxdı. Bütün KİV taxıl bazarı ilə bağlı çox pessimist mövqe nümayiş etdirməyə başladı, lakin bu məni zirvə artıq fəth olunmuşdur deyə düşündürməyə sövq etdi”. Nouble hesab edir ki, bazarın hərəkətini növbəti iki-üç ay üçün asanlıqla proqnoz vermək mümkündür, lakin uzunmüddətli trendləri müəyyən etməyə imkan verən sistem hələ işlənib hazırlanmamışdır.
Noubl yeni başlayanlara pullarına qənaət etməyi məsləhət görür: “Seminarlar və bahalı kompüter proqramlarını yaddan çıxarmaq lazımdır, daha çox oxumağa çalışın. Ilk növbədə təhsildir. Ikincisi, uzunmüddətli sazişlərə istiqamətlənərək treydinq üzrə xərcləri mümkün qədər aşağı saxlamaq lazımdır. Treydinq kapitalı nə qədər azdırsa, onda gündəlik treydinqə bir o qədər az pul xərcləməli olacaqsınız”. Noubl 1994-cü ilin sonunda çap olunmuş “Traders Edge” kitabının müəllifidir.
Treydinqlə “təsadüfən” məşğul olmağa başlayan Ceyk Bernstayn fyuçers və Forex sahəsində ən məşhur treyderlərdən hesab olunur. Təhsil üzrə psixoloq Bernstayn bir dəfə Forex haqqında qəzetdə dərc olunmuş elana diqqət yetirdi və tezliklə hesab açdı. Həmin zamanlarda o tanış brokerin tövsiyələrinə əsaslanırdı. Lakin sonradan Bernstayn bu sahə üzrə təhsil aldı və sərbəst şəkildə treydinqlə məşğul olmağa başladı. Indi o, yalnız internet vasitəsilə alış-veriş əməliyyatlarını aparan aktiv treyderlərdən biridir.
Bernstayn ilk əvvəl öz xüsusi metodunu və vaxt hesabını işləyib hazırladı. O, tədricən kifayət qədər pul vəsaiti yığdı və treydinqi öz xüsusi metodu ilə həyata keçirməyə başladı. Hazırda Bernstayn “MBH Commodity Advisors” firmasının prezidenti vəzifəsində öz fəaliyyətini davam etdirir və iyirmidən çox kitabın müəllifidir. O, müntəzəm olaraq treydinqlə bağlı mövzularda seminarlar təşkil edir. Yalnız qanunauyğunluqlar qrafikinə əsaslanan texniki analizin vəziyyətinin pisləşməsi ilə bağlı suala cavab olaraq, Bernstayn bildirmişdir: “Qanunauyğunluqlar qrafiki – həm elm, həm də incəsənətdir. Mən hər şeydə aşkarlığa üstünlük verirəm. Əgər qrafikə 10 nəfər baxır və onların hamısı eyni bir nəticəyə gəlirlərsə, nəticədə mən özümü belə bir şəraitdə kifayət qədər rahat hiss edirəm. Eləcə də obyektiv olmaqdan xoşum gəlir”.
Birja ticarətinin veteranı özünün şəxsi internet səhifəsini açmışdır və internetin Forex bazarına müsbət təsir göstərdiyini bildirir. “İnternet informasiyanı tez bir zamanda yaymağa və bazar fəaliyyətində hər bir kəsin iştirak etməsinə imkan verir”.
Brenstaynın yeni başlayan treyderlərə məsləhəti: “Ticarətə başlamaq üçün kifayət qədər kapitala sahib olmaq lazımdır. Gündən-günə daha iri tərəddüdlər üzrə sazişlər bağlayın və riskləri idarə edin”.