Bakının mərkəzində, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması Dövlət Xidmətinin həbs olunan rəisi Zakir Sultanova məxsus olduğu deyilən “Casual Brasserie” kafesinə qanunsuz əlavə edilmiş tikilinin-artırmanın söküntüsü işlərinə başlanılıb.
Banker.az Virtualaz.org-a istinadən xəbər verir ki, bir müddət əvvəl şəhər rəhbərliyinin restoran və kafelərə edilən bütün əlavə artırmaların sökülməsi barədə qərarından sonra, “Torqovı”dakı “Casual Brasserie” yeganə obyekt idi ki, onun geniş şüşəli artırmasına toxunulmamışdı.
Verilən məlumata görə bu gün səhər saatlarında bir qrup fəhlə kafenin yerləşdiyi əraziyə gəlib və tikinti texnikasının köməyi ilə qanunsuz şüşə artırmanı sökməyə başlayıb. O da maraqlıdır ki, artırma bütün tikinti normalarına zidd olaraq inşa edilib.
Xüsusilə, bütün kanalizasiya qovşaqları onun altında qalıb. Bu isə fövqəladə hallarda paytaxın kommunal xidmətlərini bu ərazidə şəhər kanalizasiya sisteminə çıxış imkanlarından məhrum etməkdi…