Azərbaycan Beynəlxalq Bankı (ABB) əvvəlki illə müqayisədə şəriət normalarına uyğun investisiyalara tələbin artması ilə əlaqədar investisiyaların ümumi həcmini artırmağı planlaşdırır. Bu barədə çərşənbə günü Trend-ə ABB-nin İslam Bankçılığı Departamentinin direktoru Bəhnam Qurbanzadə bildirib.
Onun sözlərinə görə, ABB-nin bu gün islam maliyyə institutlarından cəlb etdiyi vəsaitlərin ümumi həcmi 218,7 milyon dollar təşkil edir: “Bank mütəmadi olaraq əlavə vəsaitlərin cəlb edilməsi iləbağlı danışıqlar aparır. Lakin tərəflər yekun məbləği müqavilənin şərtləri razılaşdırıldıqdan sonra səsləndirəcəklər”.
B.Qurbanzadə qeyd edib ki, ABB ölkədə islam bankçılığı üzrə xarici borcların cəlb edilməsinə dair işləri dayandırmır: “Lakin böyük məbləğdə investisiyaların cəlb edilməsi üçün maneələr müşahidə olunur vəbunların hamısı ölkədə islam bankçılığı sahəsində qanunvericilik bazasının olmamasından irəli gəlir. Hüquqi baza olmadan investisiyaların daimi axınını düzgün istiqamətə yönəltmək çətindir. Yeni məhsulları vəxidmətləri daim strukturlaşdırmaq lazım gəlir ki, bu da nəticədə bankın xərclərini artırır və investisiyaların maya dəyərinə təsir edir”.
Departament rəhbəri bildirib ki, bu ilin iyul ayının 1-nə olan məlumata görə, ABB-nin ümumi kredit portfelində islam bankçılığının payı 5,695 milyard manata çataraq üç faiz təşkil edir.
Onun sözlərinə görə, Azərbaycan Beynəlxalq Bankının islam məhsulları xəttinin genişləndirilməsi ilə bağlı böyük planları var: “Həmçinin bank bu günlərdə”Murabaha” yeni islam plastik kartını buraxmağa hazırlaşır. Bu, ticarət endirim kartıdır. Kartın sahibi ABB-dəxidmət göstərilən pərakəndə mağazalar şəbəkəsində alış-veriş edəbilər. Kart sahibinə endirimlər və faizsiz kredit xətti əldə etmək fürsəti verilir. Bu, bankın “Qiblə” və”Jasmin” kartlarından sonra islam plastik kartları xəttində üçüncü məhsuldur”.
B.Qurbanzadə əlavə edib ki, ABB-nin xarici ölkələrdəki şöbələri vasitəsilə islam məhsulları xəttini genişləndirməsi gələcəyin işidir: “Hər bir bazarın öz xüsusiyyətləri və bu zaman kəsiyində öz spesifik tələbləri var. Onlar diqqətlə öyrənilmədən, müvafiq məhsullar olmadan həmin bazarlara daxil olmaq məqsədəuyğun deyil”.
Bundan başqa, onun sözlərinə görə, ABB ipoteka maliyyələşdirməsi və orta və kiçik biznesə sərmayələrin yatırılması vasitəsilə real biznesin kreditləşdirilməsi çərçivəsində yeni məhsullar və xidmətlər hazırlayır.
Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı islam bankçılığı çərçivəsində xidmətlərin göstərilməsinə ötən ilin aprelindən başlayıb. Bu gün islam maliyyələşdirməsi çərçivəsində aktivlərin ümumi həcmi 180 milyon dollar təşkil edir. ABB-nin İslam Bankçılığı Departamenti korporativ müştərilərə və fiziki şəxslərə xidmətlər göstərir. Bank tərəfindən qanunvericiliyin təkmilləşdirilməsi sahəsində fəal iş aparılır. ABB mütəxəssislərinin və bir sıra nazirlik və dövlət təşkilatlarının nümayəndələrinin daxil olduqları işçi qrupu Azərbaycanda islam bankçılığının tənzimlənməsi üçün təkliflər paketi hazırlayır.