BP neft-kimya biznesini “Ineos” şirkətinə 5 milyard dollara satmağı planlaşdırır. Qeyd edildiyi kimi, bu müqavilə “şirkətin balans hesabını gücləndirəcək növbəti strateji addımdır”.
Banker.az xəbər verir ki, bu barədə BP-nin press-relizində deyilir. Əməkdaşlıq sayəsində İngiltərənin neft şirkəti dəyəri 15 milyard dollar olan aktivləri planlaşdırıldığından bir il əvvəl ayırmaq hədəfinə çata biləcəkdir.
Razılaşmaya əsasən, “Ineos” əvvəlcə 400 milyon dollar, əməliyyat başa çatdıqdan sonra isə daha 3,6 milyard dollar ödəyəcək. Qalan 1 milyard dollar hissə-hissə – mart, aprel və 2021-ci ilin mayında hər ay 100 milyon dollar, 2021-ci ilin iyunun sonunadək daha 700 milyon dollar.
Xatırladaq ki, BP-nin neft-kimya biznesi iki əsas sahəyə ayrılır – qabaqcıl texnologiyalar və müasir istehsal qurğularla təchiz edilmiş aromatik neft məhsulları və asetil istehsalı. Ümumilikdə BP-nin neft-kimya biznesində Asiya, Avropa və ABŞ-ın 14 istehsal müəssisəsində pay var. 2019-cu ildə şirkət 9,7 milyon yon neft-kimya məhsulu istehsal etmişdir.
“Ineos” dünyanın 26 ölkəsində yerləşən 180-dan çox müəssisəni özündə birləşdirən ən böyük kimya şirkətlərindən biridir. Onun işçilərinin sayı 22 min nəfəri ötür.
Son 20 ildə “Ineos” BP-dən bir sıra aktivlər əldə edib. Bu müqavilələrin ən əhəmiyyətlisi 2005-ci ildə “Innovene” şirkətinin 9 milyard dollara satın alınması olmuşdur.