9 C
Baku
Thursday, December 12, 2024

Cənub Qaz Dəhlizi ilə Avropaya ilk qaz çatdırılıb

Bu gün Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsi ilə Azərbaycandan kommersiya məqsədli qazın nəqlinə başlanılıb.

Tarixdə ilk dəfə Azərbaycan öz təbii qazını Avropa bazarına birbaşa boru xətləri vasitəsi ilə çıxarmağa nail olub. Noyabrın 15-də TAP İtaliyanın qazpaylayıcı şəbəkəsinə uğurlu birləşdirildikdən sonra bu gün kommersiya məqsədli təbii qaz Melendugno məntəqəsindən SNAM Rete Gas (SRG) qazpaylayıcı şəbəkəsi ilə İtaliyaya, Nea Mesimvria məntəqəsindən isə DESFA şəbəkəsi ilə Yunanıstan və Bolqarıstana çatdırılıb.

Dünyada təbii qazın ən çox idxal edildiyi Avropa qaz bazarına birbaşa çıxış əldə edən Azərbaycan öz ixrac imkanlarını şaxələndirmiş oldu. Bu, ölkə iqtisadiyyatına əlavə dəyər qazandırmaqla yanaşı, həm də Azərbaycanın iqtisadi müstəqilliyinin güclənməsi deməkdir.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev TAP üzərindən ilk qazın nəqli ilə bağlı deyib: “Bu tarixi gündə TAP və “Şahdəniz-2” layihəsini, Cənub Qaz Dəhlizini ərsəyə gətirən, Azərbaycan qazının tarixdə ilk dəfə Avropa bazarına çatdırılmasına öz töhfəsini verən tərəfdaş ölkələrə və şirkətlərə, mütəxəssislərə, bütün həmkarlarımıza, bu layihəni dəstəkləyən maliyyə qurumlarına, boru xətlərimizin keçdiyi icmaların sakinlərinə dərin minnətdarlığımızı bildiririk. Cənub Qaz Dəhlizinin bütün seqmentlərində iştirak payına malik olmaqla, bu tarixi missiyanı uğurla başa çatdıran SOCAR və Azərbaycan neftçiləri adından Avropa Birliyi xalqlarına və əziz Azərbaycan xalqına gözaydınlığı verir, bu möhtəşəm layihənin müəllifi və aparıcı qüvvəsi olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin simasında bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm!

7 il bundan əvvəl biz tərəfdaşlarımızla birlikdə yekun investisiya qərarını verdik və Avropanın qazpaylayıcı şirkətləri ilə 25 illik qaz alqı-satqısı haqqında müqavilələri imzalamaqla yola çıxdıq. Bəzilərinin vaxtı ilə mümkünsüz hesab etdiyi 3500 kilometr uzunluğunda bir-birinə bağlanan üç qaz boru xəttinin inşası artıq başa çatıb. Azərbaycan qazı bu gün Avropadadır.

Avropa yeni mənbədən alternativ marşrut üzrə təbii qaz əldə etməklə öz enerji təhlükəsizliyini gücləndirəcək. Avropa daxilində hasilatın azalması bazarda əlavə qaz həcmlərinə ehtiyac yaradır və Azərbaycan qazı məhz bu ehtiyacın ödənilməsinə kömək edəcək. Beləliklə, köhnə qitə üçün Azərbaycanın əhəmiyyəti daha da artacaq”.

TAP-ın idarəedici direktoru Luka Şieppati tarixi hadisəyə belə şərh verib: “Bu gün layihəmiz üçün, eləcə də kəmərin keçdiyi ölkələr və Avropanın enerji landşaftı üçün tarixi bir gündür. TAP qitənin qaz şəbəkəsinin ayrılmaz parçasıdır və enerji tranzitinin yol xəritəsinə töhfədir. Biz Çənub-Şərqi Avropaya və digər ölkələrə etibarlı, birbaşa və əlverişli nəql marşrutu təklif edirik”.

Qeyd edək ki, TAP-ın gələcəkdə genişlənməsi və kəmərin ötürücülük gücünün 20 milyard kubmetrə çatdırılması üçün bazar araşdırmasının ikinci mərhələsi 2021-ci ilin yay aylarında başlanacaq.

Xatırladaq ki, TAP Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng “Şahdəniz” yatağından təbii qazı Avropaya daşıyır. 878 km-lik boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoidə Trans Anadolu Boru Kəmərinə (TANAP) birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək, İtaliyanın cənub sahillərinə çatır.

TAP perspektivdə tikiləcək interkonnektorlar vasitəsi ilə Çənub-Şərqi Avropa ölkələrinə qaz tədarükünü stimullaşdıra bilər. Misal üçün Bolqarıstan təbii qaza tələbatının 33%-ni TAP vasitəsilə təmin edərək təchizat təhlükəsizliyini gücləndirməyə qadir olacaq. Bu da öz növbəsində ölkədə təbii qazın nüfuz dairəsini artıracaq. TAP-ın Yunanıstan və Albaniya ərazisində, habelə İtaliyadakı çıxış nöqtələri Azərbaycan qazının digər Avropa ölkələrinə nəqli üçün də imkanlar açır.

Cənub Qaz Dəhlizinin sonuncu seqmenti kimi, Avropanın yeni təbii qaz mənbəyinə etibarlı çıxışını təmin edən və strateji əhəmiyyət daşıyan TAP Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində, tədarükün şaxələndirilməsində mühüm rol oynayır, həmçinin dekarbonizasiya məqsədlərinə xidmət edir.

TAP-ın səhmdarları SOCAR (20%), bp (20%), Snam (20%), Fluxys (19%), Enagás (16%) və Axpo (5%) şirkətləridir.

Son xəbərlər
Digər xəbərlər