Bank Olmayan Kredit Təşkilatı “İDEAL Kredit” MMC 2020-ci il ərzində xalis mənfəət edib.
Bu barədə Banker.az BOKT-un 2020-ci il üzrə audit hesabatında qeyd edilir.
BOKT-un faizlər üzrə gəlirlərinin həcmi öncəki illə müqayisədə 9.9% artımla 1 milyon manat, faiz xərcləri 85% azalma ilə 18 min manat, qeyri-faiz gəliri 208 min manat, 516 min manat qeyri-faiz xərci olub.
Beləliklə BOKT-un mənfəəti 520 min manat olub, 104 min manat buradan mənfəət vergisi ödəyib. Nəticədə, il üzrə 416 min manat xalis mənfəət əldə edib. Öncəki ildə xalis mənfəət 262 min manat idi.
Bu xalis mənfəətdən sonra bölüşdürülməmiş mənfəətin həcmi 1 milyon 139 min manat olub.
KREDİT PORTFELİ KİÇİLİR
“İDEAL Kredit” BOKT-un aktivlərinin həcmi 54 min manat, yaxud 1.2% artımla 4 milyon 646 min manata çatıb. Aktivlərindəki bu böyük artım heçdə əsas fəaliyyət istiqaməti olan kredit portfeli deyil. Əksinə müştərilərə verdiyi kredit portfelinin həcmi son bir ildə 4 milyon 102 min manatdan 3 milyon 709 min manata qədər düşüb. Kreditlərinin 1 milyon 514 min manatı istehlak (37% azalma), 585 min manatı daşınmaz əmlakın təmiri, 1 milyon 514 min manatı lizinq (70% artım) üzrə portfellərdir. İstehlakda azalmaya səbəb COVID-19 virusu ilə bağlı qapanmalardan sonra kreditləşmədə kredit təşkilatının iştirakı üçün çətinləşməni əsas gətirmək olar.
Burada əsas artım səbəbi əsas vəsaitlərin kəskin artımla 92 min manata, pul vəsaitlərinin isə 500 min manata və təxirə salınmış vergi aktivlərinin isə 104 min manata yüksəlməsidir.
Bununla belə BOKT borclarını bir hissəsini qaytara bilib. Məsələn, banklar və digər maliyyə institutları qarşısında olan borclarını hesabat ilində 272 min manatdan 83 min manata qədər azaltmışdır. Burada, Mərkəzi Bank qarşısında olan 243 min manatlıq borcu 56 min manata qədər azaltması xüsusi vurğulanmalıdır.
Səhmdarları öhdəliklərinin həcmini 2 milyon 572 min manatdan 2 milyon 565 min manata qədər azaldıb. Cəmi öhdəliklərinin həcmi 2 milyon 860 min manat olmuşdur.