Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutuna (SIPRI) görə, 2020-ci ildə dünyada hərbi xərclər əvvəlki ilə nisbətən 2.6% artaraq 1.98 trilyon dollar təşkil edib.
Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
İlk beşliyə ABŞ, Çin, Hindistan, Rusiya və İngiltərə daxil olub və bütün xərclərin təxminən 62%-i bu ölkələrin payına düşüb.
Qeyd edildiyi kimi, koronavirus pandemiyası səbəbindən ÜDM son bir ildə 4.4% azalıb. “Nəticədə hərbi xərclərin ÜDM-dəki payı 2.2%-dən 2.4%-ə yüksəlib. Bu, 2009-cu il qlobal maliyyə böhranından bəri ən böyük artım olub”, – institutun press-relizində deyilir.
Dünyada hərbi xərclərin artmasına baxmayaraq, bəzi ölkələr pandemiya ilə mübarizə aparmaq üçün silahlanmaya ayrılan pulun bir hissəsini digər sahələrə sərf edib. Məsələn, Çili və Cənubi Koreya.
Hərbi xərclərə görə ölkələrin ilk beşliyi:
– ABŞ (778 mlrd. dollar),
– Çin (252 milyard dollar),
– Hindistan (72.9 milyard dollar),
– Rusiya (61.7 milyard dollar),
– Böyük Britaniya (59.2 milyard dollar).
Press-relizdə göstərildiyi kimi, Rusiyanın hərbi xərcləri iki ildir ki, artmağa davam edir. Belə ki, keçən illə müqayisədə şimal qonşumuzun hərbi xərcləri 2.5% artıb və 61.7 milyard dollar təşkil edib.
ABŞ-ın hərbi xərcləri üç ildir ki, artmağa davam edir. 2020-ci ildə ölkənin hərbi xərcləri 4.4% artıb və 778 milyard dollara çatıb. Bu, dünyadakı hərbi xərclərin 39%-ni təşkil edir.
Çinin hərbi xərcləri 26 ildir ki, artır. Keçən ildə xərclər 252 milyard dollar təşkil edib. Bu, 2019-cu illə müqayisədə 1.9% artım deməkdir. Ümumilikdə, 2011-ci ildən 2020-ci ilədək ÇXR-in hərbi xərcləri 76% artıb.
Böyük Britaniyanın hərbi xərcləri 2.9% artıb və 59.2 milyard dollara çatıb. Almaniyada bu baxımdan bir az geridə qalır – 5.2% artım (52.8 milyard dollar). Avropa ölkələrinin ümumi hərbi xərcləri cəmi 4% artıb.
Asiya-Sakit Okean regionunda hərbi xərclər üzrə ölkələrin sıralanması aşağıdakı kimidir: Hindistan (72.9 milyard dollar), Yaponiya (49.1 milyard dollar), Cənubi Koreya (45.7 milyard dollar) və Avstraliya (27.5 milyard dollar). Afrika qitəsində həbi xərclər 3.4% artıb və 18.5 milyard dollar təşkil edib. Ən böyük artım Çad (+31%), Mali (+22%), Mavritaniya (+23%), Nigeriya (+29%) və Uqandada (+46%) qeydə alınıb. Cənubi Amerikaya gəldikdə, burada hərbi xərclər 2.1% azalıb və 43.5 milyard dollar təşkil edib. Yaxın Şərq regionunun hərbi xərcləri 6.5% azalın və 143 milyard dollar olub. Xüsusilə, Səudiyyə Ərəbistanının xərcləri 10%, Küveytin – 5.9%, Bəhreynin – 9.8% azalıb.
Xatırladaq ki, 2019-cu ildə dünyada hərbi xərclər 1.91 trilyon dollar təşkil edib, liderlər sırasında isə ABŞ, Çin, Hindistan, Rusiya və Səudiyyə Ərəbistanı olub. Bununla yanaşı, dünyanın ən böyük hərbi-sənaye şirkətlərinin hamısı ABŞ-da yer alıb (“Lockheed Martin”, “Boeing”, “Northrop Grumman”, “Raytheon” və “General Dynamics”).