31 may tarixinə qədər koronavirus əleyhinə peyvənd vurduran bütün Serbiya vətəndaşları 3 min dinar (təxminən 25 avro və ya 30 dollar) məbləğində maddi yardım alacaqlar.
Banker.az “RBK”ya istinadən xəbər verir ki, bu barədə “Pink TV” kanalının canlı yayımında ölkə prezidenti Aleksandr Vuçiç məlumat verib.
Onun sözlərinə görə, ödənişi həm bir, həm də iki doza preparat vurduranlar alacaqlar. Vuçiç vurğulayır ki, peyvənd vurduranlara əlavə yardım barədə qərar ölkənin baş naziri Ana Brnabiç ilə müzakirə aparıldıqdan sonra verilib. “Öz üzərinə məsuliyyət götürən insanları necə mükafatlandıra biləcəyimizi düşündük”, – deyə prezident qeyd edib.
Xatırladaq ki, Serbiya hökuməti vaksinasiyanı may ayının sonuna qədər yekunlaşdırmağı planlaşdırır. Vuçiç özü COVID-19 əleyhinə aprel ayının əvvəlində peyvənd olunub.
Serbiya tənzimləyicisi “Sinopharm” preparatından başqa “Pfizer/BioNTech”, “AstraZeneca” və “Sputnik V” peyvəndlərini təsdiq edib. İndiyədək ölkədə təxminən 1 milyon insan peyvənd olunub.
2021-ci ilin mart ayının sonunda hökumət ölkədə yaşayan əcnəbilərə peyvəndi pulsuz vurdurmağı təklif edib. Bir qədər sonra “peyvənd turizmi” kampaniyası dayandırılıb və bütün diqqət yerli vətəndaşlar üzərinə cəmləşdirilib.