ABŞ dövlət katibi Entoni Blinken Almaniya, Fransa və İtaliyaya səfər edəcək.
APA-nın Dövlət Departamentinin saytına istinadən verdiyi xəbərə görə, Entoni Blinken iyunun 22-dən 29-dək Berlin, Paris, Roma, Vatikan, Bari və Materada səfərdə olacaq.
Almaniyaya səfəri çərçivəsində E. Blinken Liviya ilə bağlı İkinci Berlin konfransında iştirak edəcək. Konfrans çərçivəsində o, bir sıra əcnəbi həmkarları ilə görüşlər keçirəcək. ABŞ dövlət katibi Almaniya kansleri Angela Merkel və xarici işlər naziri Hayko Maasla da görüşəcək.
İyunun 25-də dövlət katibi Parisdə Fransa Prezidenti və XİN başçısı ilə görüşlər keçirəcək.
ABŞ dövlət katibi Romada italiyalı həmkarı Luici Di Maio ilə İŞİD-i məğlub etmək üçün Qlobal Koalisiyanın iclasına həmsədrlik edəcək. O, həmçinin İtaliya Prezidenti və xarici işlər naziri ilə ikitərəfli görüşlər keçirəcək.
ABŞ dövlət katibi Vatikanda da görüşlər keçirəcək. O, Bari və Materada isə G20 ölkələrinin XİN başçılarının iclaslarında iştirak edəcək.