Yay aylarında Azərbaycanda vətəndaşlar daha çox otellərə üz tuturlar. Bu aylarda istirahətə görə rayona getmək istəyənlər üçün Banker.az qiymətlərlə maraqlanıb.
Quba Palace Hotel – Azərbaycanın paytaxtı Bakıya ən yaxın məsafədə Qubada yerləşən beş ulduzlu oteldir. Otel dağların arasında, meşələrin əhatəsində yerləşir. “Quba Palace” Heydər Əliyev adına Hava Limanından 201 km, Bakının mərkəzindən 171 km, Quba şəhər mərkəzindən 7 km məsafədə, Əski İqrıq kəndində yerləşir. “Quba Palace” Azərbaycanda ilk qolf meydançasına malik olan oteldir. Deluxe dağ mənzərəli otaq səhər yeməyi də daxil olmaqla 1 gecəlik 170 manat, Göl Mənzərəli Deluxe Otaq King səhər yeməyi daxil olmaqla 190 manat təşkil edir.
Lankaran Springs Wellness Resort – “Lankaran Springs Wellness Resort” balneoloji kurortlarından biridir. Bu yer öz unikal müalicəvi qaynaqları “İstisu” ilə məşhurdur. Kompleks dağ-meşə landşaftı ilə əhatə olunub, Xəzər dənizindən cəmi 10 dəqiqəlik və Lənkəran Beynəlxalq Hava Limanından 15 dəqiqəlik məsafədə yerləşir. Oteldə bir gecəlik səhər yeməyi daxil olmaqla 2 nəfərlik otaq 265 AZN-dir.
Qafqaz Tufandag Mountain Resort Hotel – Qafqaz Tufandağ Oteli Böyük Qafqaz dağlarının qoynunda, Tufandağ Qış-Yay turizm kompleksinin mərkəzində yerləşən oteldir. Bu oteldə bir gecəlik iki nəfər üçün otağın qiyməti 175 manatdır, səhər yeməyi də daxil olmaqla.
Qafqaz Riverside Hotel – Spa mərkəzi, açıq və qapalı hovuz və pulsuz Wifi olan bu kurort Qəbələ şəhərindəki Dəmiraparan çay sahilində yerləşir. Dağ mənzərəli, kondisionerli otaqlar və kotteclər təklif olunur. Bu oteldə 1 gecəyə iki nəfərlik otaq səhər yeməyi daxil olmaqla 280 AZN təşkil edir. Ancaq oteldə səhər yeməyi daxil olmaqla “kral” dəsti 1 gecəyə iki nəfərlik 1 200 AZN nəzərdə tutulub.
Qafqaz Thermal & Spa Resort Hotel – Qəbələ rayonunun Yengicə kəndində yerləşən mineral su mənbəyi qədim zamanlardan yerli əhali tərəfindən müalicə məqsədilə istifadə olunur. Mənbəyi otel ərazisində yerləşən bu mineral sudan Qafqaz Thermal otelinin sağlamlıq mərkəzində termal vannalar şəklində istifadə olunur. Bundan əlavə olaraq Qafqaz Thermal oteldə naftalan nefti ilə müalicə prosedurlarıda mövcuddur. Bir gecəlik iki nəfər üçün olan otaq səhər yeməyi 120 AZN-dir.
Qafqaz Sport Hotel – Qapalı hovuz, spa mərkəzi və idman zalı olan bu 5 ulduzlu otel, Qəbələ şəhərində, şəhər mərkəzinə iki dəqiqəlik məsafədə yerləşir. Ayrıca pulsuz Wi-Fi ilə otaqlar təklif edir. Bu oteldə deluxe otaq iki nəfərlik səhər yeməyi də daxil olmaqla 260 AZN, “kral” dəsti isə 900 AZN təşkil edir.
Pik Palace Shahdag – Şahdağda yerləşən Pik Palace Oteldə spa və sağlamlıq mərkəzi, sauna var. Həmçinin otel pulsuz WiFi və pulsuz parkinq ilə təmin edir. Bir gecəlik iki nəfər üçün deluxe otaq 99 AZN, dağ mənzərəli deluxe otaq isə 129 AZN təşkil edir.
Qalaaltı Hotel & Spa – “Qalaaltı Hotel & Spa ”- Bakıdan 120 kilometr məsafədə, Şabran rayonunda yerləşən, unikal memari stilitə və istirahət formatına malik olan yeni müalicəvi-bərpa kurort kompleksidir. Bu oteldə səhər yeməyi və nahar da daxil olmaqla bir gecəlik iki nəfər üçün 208 AZN-dir.