“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyi sözügedən məsələ ilə bağlı yaydığı press-relizdə qeyd olunur ki, əgər vətəndaşla bank arasında xarici valyutada götürülən kredit üzrə bağlanmış müqavilədə valyutanın məzənnəsinin (istər milli valyuta olsun, istərsə də kreditin götürüldüyü xarici valyuta olsun) dəyişəcəyi hallarda kreditin ödənişinin hansı qaydalarla aparılması mexanizmi öz əksini tapmayıbsa, onda həmin kredit adi qayda ilə ödəniş gününə yaranmış kursla həyata keçirilməlidir: “Burada vətəndaşlarımızı narahat edən əsas məsələ məzənnə dəyişikliyi səbəbindən onların xarici valyutada götürdükləri kreditin ödənilməsi məqsədilə sərf etdikləri milli valyutanın həcminin artmasıdır. Mətbuatda bir sıra təkliflər irəli sürülür. Bir çox ekspertlər Konstitusiya Məhkəməsi tərəfindən AR Mülkü Məcəlləsinin 439.7 və 442-ci maddələrinə uyğun izahatın verilməsini və bununla da xarici valyutada götürülən kreditlərin məzənnə dəyişikliyi baş verən günə qədər mövcud olmuş kursla ödənişinin aparılmasını təklif edirlər. Təbii ki, bu yol mümkün variantlardan biri hesab oluna bilər. Lakin bizim apardığımız araşdırmalar və başqa ölkələrdə baş vermiş analoji hallarla bağlı təcrübə göstərir ki, yaranmış vəziyyətdən optimal çıxış yollarından biri banklar tərəfindən xarici valyutada verilmiş kreditlərin müddətinin uzadılmasıdır. Bu durumun Bankların da vəziyyətinə mənfi təsir göstərdiyini nəzərdən qaçırmaq olmaz. Odur ki, mövcud situasiyada iki tərəf arasında (Bank və vətəndaş) ümumi razılığın əldə olunması problemin dərinləşməsinin qarşısını ala bilər. Problemin dərinləşməsi deyəndə burada ilk növbədə məsələnin məhkəmə müstəvisinə çıxarılma ehtimalı nəzərdə tutulur. Hər halda nə vətəndaş, nə də bank istəməz ki, uzun bir müddəti əhatə edəcək məhkəmə çəkişmələri başlasın. Təsəvvür edin ki, bu baş verərsə nə qədər insan məhkəmə yollarında qalacaq, banklar isə ödənişlərinin yubanması halları ilə qarşılaşacaqlar. Odur ki, banklar problemin dərinləşməsinə səbəb olacaq davranışlardan uzaq duraraq, ailə büdcəsinin vəziyyətini əsas götürmək şərti ilə hər bir müştəri ilə kreditin ödəniş müddətlərinin dəyişdirilməsinə fərdi yanaşma mexanizmləri tətbiq edə bilərlər. Bununla xarici valyutada götürülmüş krediti ödəməkdə çətinliyi yaranmış müştərilər ödəniş vaxtının maksimum uzadılması hesabına kreditə görə aylıq xərclərini azaldacaqlar. Bu yolla da onlar məzənnə dəyişikliyi nəticəsində ailə büdcəsi üçün yaranmış gərginliyi müəyyən dərəcədə aradan qaldırmış olacaqlar.
Başqa bir variant isə xarici valyuta ilə götürülmüş kreditlərin aylıq ödənişlərində devalvasiyanın yaratdığı artımın 50 faizinin bank, 50 faizinin isə vətəndaşının üzərinə götürməsidir. Hesab edirik ki, qonşu ölkələrdə də istifadə olunan bu variantın tətbiq olunması həm bank, həm də vətəndaşlarımız üçün əlverişli ola bilər”.
BİAB xarici valyuta ilə kredit götürmüş vətəndaşlara ödəniş vaxtını gözləmədən fərdi qaydada banklara müraciət etməyi məsləhət görür: “Hər bir vətəndaş ödəniş qaydasını və banka keçiriləcəyi vəsaitin həcmini ödəniş gününə qədər dəqiqləşdirməli və yaxud razılaşdırmalıdır. Ödənişin məbləğinin dolların hazırkı məzənnəsi ilə uyğun gəlməməsi nəticəsində bank aylıq ödənişin dollar ekvivalentində çatışmayan hissəsinə görə cərimə faizləri hesablaya bilər ki, bu da nəticədə daha ciddi problemlərin yaranmasına gətirib çıxarar”.
APA