13 C
Baku
Friday, November 22, 2024

Dövlət Vergi Xidmətinin nümayəndə heyəti Rusiyaya səfər edib

Oktyabrın 13-14-də Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərlinin rəhbərlik etdiyi nümayəndə heyəti işçi qrupun 3-cü iclasında iştirak etmək üçün Moskva şəhərinə səfər edib. 

Banker.az xəbər verir ki, oktyabrın 13-də DVX rəisi Orxan Nəzərli Federal Vergi Xidmətinin rəhbəri Daniil Yeqorovla görüşüb. Azərbaycan nümayəndə heyətinin iştirak etdiyi görüşdə iki ölkənin vergi xidmətləri arasında əlaqələr və əməkdaşlıq məsələləri, həmçinin vergi orqanlarının rəqəmsallaşma sahəsində həyata keçirilən işləri barədə geniş spektrdə müzakirələr aparılıb, ölkələrin bu sahədə təcrübələri ilə bağlı təqdimatlar olub. O.Nəzərli bildirib ki, Azərbaycan Rusiya vergi orqanlarının rəqəmsallaşma sahəsində təcrübəsini yaxından izləyir və mütərəqqi yeniliklərin milli vergi sistemində tətbiqi imkanlarını araşdırır. 

1 2 scaled

Son illər Azərbaycanın vergi sistemində aparılan islahatlar barədə danışan O.Nəzərli “kölgə iqtisadiyyatı”nın miqyaslarının aşağı salınması, biznesin fəaliyyətinin leqallaşdırılması, şəffaflaşdırılması və dövriyyələrin “ağardılması” istiqamətində tətbiq olunan rəqəmsal nəzarət mexanizmləri, eləcə də bu sahədə həyata keçirilən tədbirlərin fiskal nəticələri barədə məlumat verib. Qeyd edilib ki, pandemiyanın səngiməsi və iqtisadi mühitin yenidən öz aktivliyini bərpa etməsi ÜDM-in yenidən artımına, xüsusilə də qeyri-neft sektorunda əhəmiyyətli canlanmaya gətirib. Cari ilin 8 ayında ÜDM-in 3,6 faiz artımı qeydə alınıb. İqtisadiyyatda müşahidə edilən pozitiv proseslər, həmçinin vergi bazası üzərində effektiv rəqəmsal nəzarətin tətbiqi vergi daxilolmalarının artımına müsbət təsir edir. 

2 3 scaled

Görüş zamanı Rusiya tərəfi rəqəmsallaşma sahəsində milli təcrübəsi ilə bağlı təqdimatlar edib. Federal Vergi Xidmətinin “ƏDV-nin büdcədən qaytarılmasına avtomatlaşdırılmış nəzarət sistemi”ni (АСК НДС 2) nümayiş etdirilib. Bu sistem vergi ödəyicilərinin təqdim etdiyi bəyannamələrdə səhvlərin, şirkətlər və fərdi sahibkarlar tərəfindən istifadə olunan riskli və qeyri-real əməliyyatların müəyyən edilməsi üçün tətbiq olunur. Rusiyada tətbiq edilən kassa aparatları üçün müasir IT nəzarət sistemi də maraqlı təqdimatlardan olub. Rusiya vergi orqanları bu sistem vasitəsilə onlayn rejimdə ödəyicilərin bütün kassa əməliyyatlarını izləyir. Kassa aparatlarının istifadəsi sahəsində sui-istifadə hallarını istisna etmək üçün aparılan monitorinq məlumatları sonradan yoxlamaların təyin olunması üçün əsas rol oynayır.

3 2 scaled

Federal Vergi Xidmətinin nümayiş etdirdiyi növbəti təqdimat fərdi əməklə məşğul olanların vergitutma sistemi ilə bağlı olub. Bildirilib ki, 2019-cu ildən özünüməşğul vətəndaşlar üçün yeni xüsusi vergi rejimi tətbiq edilir. Peşə gəlirlərinə vergini müəyyən edən bu rejim 10 il müddətinə Rusiyanın bütün subyektlərini əhatə edir. Özünüməşğul vergi ödəyiciləri xüsusi rejimdə çalışmaq istəyini könüllü müəyyən edir, bu rejimdə fəaliyyət göstərən şəxslər vergilərini güzəştli dərəcə ilə (4 və ya 6 faiz) ödəyirlər. Rusiya tərəfinin sonuncu təqdimatı elektron sənəd idarəetmə sistemi ilə bağlı olub. Təqdimatda sərhədlərarası elektron sənəd dövriyyəsinin təşkili üçün ikitərəfli pilot layihənin hazırlanması və işə salınması ilə bağlı imkanlar nümayiş etdirilib. 

4 2

Oktyabrın 14-də işçi qrupun 3-cü iclası keçirilib. İclasda vergi xidmətlərinin müxtəlif sahələrdə rəqəmsallaşma imkanları barədə geniş müzakirələr aparılıb. Müzakirələrin əsas mövzuları elektron xidmətlərə ƏDV-nin tətbiqinin inzibatçılığı, elektron ticarət üzərində nəzarətin təmin edilməsinə yanaşmalar, yerli rezidentlər tərəfindən nəzarət edilən xarici şirkətlərlə vergi orqanlarının qarşılıqlı fəaliyyətinin praktiki təcrübəsi, vergi ödəyiciləri üçün interaktiv xidmətlər, iri ticarət mərkəzlərində (bazarlar, yarmarkalar və s.) operativ nəzarətin təşkili, vergi monitorinqi sisteminin tətbiqi, həmçinin avtomatik məlumat mübadiləsi çərçivəsində alınan məlumatların istifadəsi olub. İşçi qrupun iclasında qarşılıqlı təcrübə, həmçinin vergi inzibatçılığının bir sıra sahələri üzrə məlumat mübadiləsi aparılıb, dünyada tətbiq olunan beynəlxalq standartlar və son tendensiyalar müzakirə edilib.

5 2

İclasın sonunda tərəflər arasında protokol imzalanıb. Tərəflər gələcəkdə vergi inzibatçılığı sahəsində, o cümlədən ƏDV inzibatçılığı və yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqi sistemləri, elektron kommersiyaya nəzarət, iri ticarət mərkəzlərində operativ nəzarət mexanizmləri sahələrində mütərəqqi təcrübələr barədə məlumat mübadiləsi aparmağı, İİƏT çərçivəsində məlumat mübadiləsi sisteminin təcrübəsi əsasında maliyyə informasiyalarının mübadiləsi və ondan istifadə edilməsini, eləcə də təsərrüfat subyektlərinin sərhədlərarası elektron sənəd dövriyyəsinin təşkili üçün ikitərəfli pilot layihənin hazırlanması ilə bağlı imkanları nəzərdən keçirməyi qərara alıblar.

Son xəbərlər
Digər xəbərlər