5 C
Baku
Saturday, December 14, 2024

Mərkəzi Bankdan 3 manatlıq əsginasların buraxılması məsələsi ilə bağlı AÇIQLAMA

Tədavüldə olan milli valyutanın nominal strukturu adekvat səviyyədədir.

Bu barədə  Mərkəzi Bankdan məlumat verilib.

Ölkədə 3 manatlıq əsginasların tədavülə buraxıla biləcəyi ilə əlaqədar müzakirə və məlumatlara cavab olaraq Mərkəzi Bank hazırda bu məsələnin aktual olmadığı ilə bağlı açıqlama verib.

Bildirilib ki, Mərkəzi Bank ölkənin makroiqtisadi inkişaf templərini və eləcə də tədavüldə olan nağd pul kütləsinin artım dinamikasını nəzərə alaraq ölkə iqtisadiyyatının nağd pulun strukturuna olan tələbini daima qiymətləndirir və onun ödənişlərə adekvatlığını mütəmadi olaraq təhlil edir.

Nəticə olaraq, hazırda tədavüldə olan milli valyutanın nominal strukturunun iqtisadiyyatın bütün seqmentlərinin tələbinin ödənilməsi və ödənişlərin həyata keçirilməsi üçün adekvat səviyyədə olduğu, eləcə də beynəlxalq səviyyədə qəbul olunmuş təcrübəyə tam uyğun olduğu məlumat verilib.

Qeyd edək ki, 7 fevral 2005-ci il tarixli “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” fərmana uyğun olaraq 2006-cı ildən etibarən tədavülə yeni nəsil pul nişanları (AZN) buraxılıb.

Yeni nümunəli pul nişanlarının nominal strukturu 7 ədəd kağız pul nişanından (1, 5, 10, 20, 50, 100, 200 manat) və 6 ədəd metal pul nişanından (1, 3, 5, 10, 20, 50 qəpik) ibarətdir.

 

2021-ci il yanvar ayında isə dizaynı və mühafizə sistemləri yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanları tədavülə buraxılıb.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər