12 C
Baku
Monday, November 25, 2024

Kiyev noyabrın 1-dən qırmızı karantin zonasına daxil olacaq

Ukraynanın paytaxtı Kiyev noyabrın 1-dən ən sərt karantin məhdudiyyətləri ilə əlaqədar qırmızı karantin zonasına keçir.

Bu barədə qərar Ekoloji Təhlükəsizlik və Fövqəladə Hallar üzrə Dövlət Komissiyasının növbədənkənar iclasında qəbul edilib.

İclasın nəticələrinə əsasən, 2021-ci il noyabrın 1-i saat 00:00-dan Kiyev şəhərində epidemiya təhlükəsinin qırmızı səviyyəsinin müəyyən edilməsi barədə qərar qəbul edilib.

Şəhər meri Vitali Kliçko bildirib ki, bu gün səhər saatlarında Kiyev rəhbərliyi paytaxtda qırmızı epidemiya təhlükəsi zonası tətbiq etmək xahişi ilə hökumətə müraciət edib. O, bu tələbi koronavirusun yayılması ilə bağlı vəziyyətin sürətlə pisləşməsi ilə əsaslandırıb. Merin sözlərinə görə, son bir həftə ərzində Kiyevdə gündə 1 000-dən çox xəstə və hər gün 30-50-dən çox ölüm qeydə alınır.

Kiyev meri onu da qeyd edib ki, noyabrın 1-dən paytaxtda bir sıra məhdudiyyətlər tətbiq ediləcək. Belə ki, yalnız peyvənd edilmiş insanlar və ya PCR testi mənfi olan insanlar işləyə və insanların sıx olduğu yerləri ziyarət edə biləcəklər. Eyni qayda ictimai nəqliyyata da aiddir. Məktəblərdə və universitetlərdə təlim distant təhsilə keçir və uşaq bağçalarına yalnız bütün işçilər peyvənd olunarsa, işləməyə icazə verilir.

Qeyd edək ki, Ukraynada 8 region artıq epidemiya təhlükəsinin qırmızı zonasındadır.

Səhiyyə Nazirliyinin məlumatına görə, Ukraynada son sutka ərzində koronavirusa yeni yoluxma hallarının sayı 26 071 nəfər təşkil edib ki, bu da pandemiya dövründə rekord göstəricidir. Gün ərzində 5 366 nəfər xəstəxanaya yerləşdirilib, 10 006 nəfər sağalıb, 576 nəfər ölüb.

 

MənbəReport
Son xəbərlər
Digər xəbərlər