Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə aparılmış 44 günlük Vətən Müharibəsində Azərbaycan ordusunun tarixi Zəfərinin ildönümü ərəfəsində Mərkəzi Bankın təşəbbüsü və təşkilatçılığı ilə Şəhid Mübariz İbrahimovun adını daşıyan Biləsuvar Bağça-Məktəb-Lisey kompleksində böyük qələbəyə həsr olunmuş “Açıq dərs” tədbiri keçirilib.
Şəhid ailələrinin, Milli Qəhrəman M.İbahimovun atası Ağakərim İbrahimovun, qazilərin, rayon rəhbərliyinin, Milli Məclis sədrinin müavini Fəzail İbrahimli və digər qonaqların iştirak etdiyi tədbirdə Mərkəzi Bankın sədri Elman Rüstəmov çıxış edərək tədbir iştirakçılarını salamlayaraq qeyd etmişdir ki, Prezident İlham Əliyev cənablarının rəhbərliyi ilə şanlı ordumuz möhtəşəm Zəfər çalaraq otuz ilə yaxın işğal altında olan torpaqlarımızı azad etdi, tarixi ədalət bərpa olundu, dövlətçilik tariximizin yeni, qürurverici səhifələri yazıldı. Hərb meydanında əldə olunan bu şanlı Zəfər Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulan, uzun illər ərzində həyata keçirilən məqsədyönlü, və uzaqgörən siyasətin, milli iqtisadi potensialın artırılması, müasir və qüdrətli ordu quruculuğu sahəsində görülən nəhəng işlərin və xalqımızın Ölkə Prezidenti ətrafında sıx birləşməsinin, Xalq-Prezident birliyinin təcəssümüdür.
Böyük qürur hissi ilə qeyd edildi ki, Mərkəzi Bankın 12 nəfər əməkdaşı, həmçinin Liseyin üç nəfər müəllimi də İkinci Qarabağ müharibəsinə qatılaraq hərbi əməliyyatlarda bilavasitə iştirak etmişdir. Onlar Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə medallarla, həmçinin yüksək nəticələr əldə etdiklərinə görə fəxri fərmanlarla təltif olunmuşlar.
Bildirildi ki, xalqımızın, şanlı ordumuzun bütün bu qəhrəmanlıqları Mübariz İbrahimov kimi igid vətən oğullarının böyük şücaəti hesabına başa gəlmişdir. 44 günlük şanlı savaş XXI əsrin müharibəsi oldu. Yüksək hərb texnologiyaları ilə aparılan bu haqq savaşı bir daha göstərdi ki, xalqımızın indiki və gələcək nəsilləri içərisindən sarsılmaz mənəvi və vətənpərvərlik ruhlu savadlı mütəxəssislər, o cümlədən də ən son texnoloji biliklərə malik ağıllı hərbçilər yetişdirilməlidir. Bütün bunlar isə şübhəsiz ki, Biləsuvar Lisey kompleksi kimi müasir və güclü təhsil ocaqlarından başlayır.
Qeyd etdi ki, Liseyin Milli Qəhrəman Şəhid Mübariz İbrahimovun adına layiq böyük uğurları vardır. Bütün illərdə məktəbin məzunlarının hamısı müvəffəqiyyətlə ali məktəblərə qəbul olmuş, o cümlədən bir qrupu xarici universitetlərdə təhsil almaq hüququ əldə etmişlər. Kompleks 2015-ci ildən bəri 5 dəfə ardıcıl olaraq Respublikanın lider məktəbi hesab edilmişdir. Liseydə ötən tədris ilindən başlayaraq beynəlxalq təhsil proqramlarına start verilmişdir. Liseyin məzunları bakalavr pilləsindən sonra təhsillərini Türkiyə, Almaniya, İspaniya, İtaliya, Macarıstan kimi dövlətlərin qabaqcıl universitetlərində davam etdirirlər. Bütün bunlar onu göstərir ki, Mərkəzi Bankın “Mübariz Liseyi”ni yaratmaqla qarşıya qoyduğu müasir kompetensiyalı, analitik təfəkkürə malik insan kapitalının formalaşdırılması ideyası uğurla həyata keçirilir.
Liseydə şəhid ailələri və qazilərə böyük diqqət göstərilir. Burada şəhid və qazi ailələrinin övladlarının daha yaxşı təhsil alması məqsədilə bütün imkanlar səfərbər edilmişdir. Belə ki, cari tədris ilində Kompleksdə 11 Şəhidin 17 övladının və bir Şəhid qardaşının tam ödənişsiz, 9 qazi övladının isə şagirdin akademik göstəricilərinə əsasən müvafiq güzəştlə təhsil alması təmin edilib.
Digər çıxışlarda da vurğulandı ki, Müzəffər Ali Baş Komandanın böyük sərkərdəliyi, Şəhidlərimizin müqəddəs qanı, qazilərimizin misilsiz qərəmanlığı, bütövlükdə xalqımızın rəşadətli əzmi ilə başa gələn böyük Zəfər xatirələrdə əbədi yaşayacaq, müstəqil və güclü Azərbaycanımız daim var olacaqdır.
Tədbir Lisey Kompleksinin binasında yerləşən elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat (STEAM) mərkəzinin qonaqlara təqdim edilməsilə davam etmişdir. Burada II Qarabağ müharibəsi qazisi olan lisey əməkdaşlarının iştirakı ilə “Zəfər tarixi” adlı açıq dərs, “Dəmir Yumruq” şahmat turniri, həmçinin “110 kitab” layihəsi üzrə Vətən müharibəsindən bəhs edən hekayənin müzakirəsi təşkil olunmuşdur.
Daha sonra Liseydə çalışan Vətən müharibəsi iştirakçılarına hədiyyələr təqdim edildi. Şəhid ailələrinə ərzaq yardımları paylanıldı. Biləsuvar və Cəbrayıl rayonlarından olan şəhid ailələri ilə görüş keçirildi.