Dövlət Büdcəsi haqqında qanun layihəsində növbəti ilin büdcə kəsirinin 19.4%-nin xaricdən cəlb edilmiş kreditlər hesabına bağlanması proqnozlaşdırılmışdır, bunu Hesablama Palatası bildirib.
Banker.az xəbər verir ki, xaricdən cəlb edilmiş kreditlər hesabına daxilolmalar üzrə kəsrin maliyyələşdirilməsi məqsədilə 2019-cu il büdcəsində 1 143.54 mln. manat, 2020-ci ildə 951 mln. manat, 2021-ci ildə 610 mln. manat nəzərdə tutulub.
Müvafiq olaraq 985.29 mln. manat və ya 86.2%, 800.51 mln. manat və ya 84.2% və cari ilin 9 ayı ərzində 205.03 mln manat və ya 9 aylıq proqnoza (391.74 min manata) nisbətdə 52.3% vəsait cəlb edilmişdir.
Hesablama Palatası 2022-ci ilin il dövlət büdcəsi ilə bağlı rəyində deyir ki, icra məlumatlarından göründüyü kimi, bu mənbə üzrə son illərin proqnoz göstəricilərinin tam yerinə yetirilməməsi son nəticədə əlavə öhdəlik haqlarının və əlavə xərclərin yaranmasına, layihələr üzrə icra müddətinin uzanmasına səbəb olur. Palata hesab edir ki, bu da qeyd olunan istiqamət üzrə nəzarət mexanizmlərinin gücləndirilməsini zəruri edir.
“Eyni zamanda, qeyd edək ki, Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin layihəsi ilə birgə təqdim edilmiş məlumata əsasən, 2021-ci ildə nəzərdə tutulduğu kimi, növbəti ildə də layihə maliyyələşdirilməsi əsasında xaricdən cəlb edilmiş kreditlərin (592.7 mln. manat) dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsinə yönəldilməsi nəzərdə tutulmuşdur”.
2022-ci il üçün xaricdən cəlb edilmiş kreditlər üzrə vəsaitin qurumlar üzrə bölgüsü aşağıdakı kimidir:
– Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi üzrə 262,3 mln. manat;
– “Azərbaycan Dəmir Yolları” QSC üzrə 240,3 mln. manat;
– Ədliyyə Nazirliyi üzrə 37,4 mln. manat;
– Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 52,7 mln. manat.