13 C
Baku
Saturday, November 23, 2024

Azərbaycan Mərkəzi Bankının 2022-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə Bəyanatı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının başçılığı ilə 2021-ci ildə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkə iqtisadiyyatına pandemiyanın neqativ təsirləri minimallaşdırılmışdır. Pandemiyanın yeni dalğasına baxmayaraq, ilkin və effektli antiböhran tədbirləri, peyvəndlənmə prosesinin kütləviləşməsi və sosial təcrid məhdudiyyətlərinin mərhələli yumşaldılması, eləcə də iqtisadi subyektlərin şəraitə tədricən uyğunlaşması nəticəsində iqtisadi fəallıq bərpa edilmiş, cari il üçün nəzərdə tutlan proqnozdan daha yüksək iqtisadi artıma nail olunmuşdur. 

2021-ci ildə də ölkədə makroiqtisadi və maliyyə sabitliyinin qorunması Azərbaycan Respublikası Mərkəzi Bankının fəaliyyətinin başlıca prioritetlərini təşkil etmişdir. Cari ilin ikinci yarısından dünyanın əksər ölkələrində olduğu kimi ölkədə inflyasiya təzyiqləri artsa da, ümumilikdə makroiqtisadi sabitlik təmin olunmuşdur. İnflyasiyanın xarici fonunun əhəmiyyətli pisləşməsi  şəraitində inflyasiyanın formalaşmasında xarici və daxili qeyri-monetar amillərin müəyyənedici rolunu nəzərə almaqla Azərbaycan Mərkəzi Bankının pul siyasəti monetar şərait və inflyasiya gözləntilərini idarə etmək vasitəsilə bu amillərin təsirinin yumşaldılmasına yönəldilmişdir.

Cari ildə yüksək neft qiymətləri, qeyri-neft ixracının əhəmiyyətli artımı şəraitində ölkənin profisitli ticarət və tədiyə balansının formalaşması milli valyutanın məzənnəsinin sabitliyinin qorunmasına və ilin yekunlarına görə strateji valyuta ehtiyatlarının artmasına imkan vermişdir. Valyuta bazarının tarazlığı şəraitində məzənnə sabitliyi xarici mühitdən gələn inflyasiyanın əhəmiyyətli balanslaşmasına şərait yaratmışdır. 

2021-ci ildə Mərkəzi Bankın maliyyə sabitliyi siyasətində əsas prioritetləri maliyyə-bank sisteminə etimadın qorunması, risklərin minimallaşdırılması, maliyyə sektorunda idarəetmə potensialının və şoklara qarşı dayanıqlığın artırılması təşkil etmişdir. Həyata keçirilən requlyativ siyasət və risk-əsaslı nəzarət çərçivəsi maliyyə sektorunun, o cümlədən maliyyə bazarlarının müxtəlif seqmentlərinin stabil fəaliyyətinin davam etdirilməsinə imkan vermişdir.

2021-ci ildə real sektorun maliyyə resurslarına çıxışının genişləndirilməsinə də nail olunmuşdur. Pandemiya şəraitində biznesin kreditləşməsi üzrə ikirəqəmli artım tempi və qiymətli kağızlar bazarında müşahidə olunan yüksək aktivlik iqtisadi artımın maliyyələşmə imkanlarını genişləndirmiş, maliyyə sektorunun dərinliyi cari ildə daha da yüksəldilmişdir.    

2022-ci ildə də Mərkəzi Bankın pul siyasəti ölkədə dayanıqlı qiymət sabitliyinin təmin olunmasına, inflyasiyanın elan edilmiş hədəf çərçivəsinə qaytarılması və dayanıqlı lövbərləşməsinə yönəldiləcəkdir. Baza proqnozlara görə yüksək dəyişkənliyə malik, xarici qeyri-monetar amillər hesabına formalaşan inflyasiyanın növbəti ilin sonuna hədəf diapazonunun yuxarı həddinə yaxınlaşacağı gözlənilir.  

Proqnozlaşdırılan profisitli tədiyə balansı, dövlət büdcəsinə Azərbaycan Respublikası Dövlət Neft Fondundan transfertlərin əhəmiyyətli artımı 2022-ci ildə də daxili valyuta bazarının tarazlığını və milli valyutanın məzənnəsinin dayanıqlığını dəstəkləyəcəkdir.

2022-ci ildə də Mərkəzi Bank maliyyə sektorunun sabitliyinin təmin olunması, maliyyə inklüzivliyinin genişləndirilməsi, sığorta və kapital bazarlarının dərinliyinin artırılması, milli ödəniş sisteminin təhlükəsiz, fasiləsiz və davamlı fəaliyyətinin təmin edilməsini diqqət mərkəzində saxlayacaqdır.

2022-ci il və ortamüddətli strateji dövrdə də Mərkəzi Bankın əsas prioritetlərindən biri kommunikasiyasının  effektivliyinin və əhatəliyinin genişləndirilməsi olacaqdır. Bu, həm  iqtisadi subyektlərin gözləntilərinin effektiv idarə olunmasına, həm də makroiqtisadi koordinasiyanın effektivliyinin daha da gücləndirilməsinə imkan verəcəkdir.    

I. 2021-Cİ İLDƏ PUL VƏ MALİYYƏ SABİTLİYİ SİYASƏTİ

1.1. Pul siyasətinin həyata keçirilməsi mühiti

2021-ci ildə Mərkəzi Bankın pul siyasəti dünyanın əksər ölkələrində iqtisadi fəallığın bərpası və inflyasiya təzyiqlərinin artması, yüksək inflyasiya idxalı və əlverişli neft qiymətləri, daxili iqtisadi artıma qayıdış, fiskal və maliyyə sabitliyi şəraitində həyata keçirilmişdir. 

2021-ci ildə dünyada COVID-19 əleyhinə kütləvi peyvəndləmənin aparılması, ayrı-ayrı ölkələrdə karantin məhdudiyyətlərinin mərhələli yumşaldılması şəraitində qlobal iqtisadiyyatda bərpa prosesi müşahidə edilmişdir. Pandemiyanın yeni dalğasına baxmayaraq, dünya iqtisadiyyatında əhəmiyyətli paya malik ölkə qruplarında iqtisadi aktivlik göstəriciləri pandemiyadan əvvəlki səviyyəni üstələmişdir. 

Beynəlxalq Valyuta Fondunun (BVF) oktyabrda açıqlanmış son proqnozlarına görə qlobal iqtisadi artımın 2021-ci ildə 5.9% olacağı gözlənilir. Qlobal ticarətin cari ildə 9.7% artacağı proqnozlaşdırılır.

2021-ci ildə dünyanın əksər ölkələrində inflyasiya təzyiqləri yüksəlmişdir ki, bu da əsasən pandemiya ilə əlaqədar müvəqqəti tələb-təklif uyğunsuzluğu, qlobal birja qiymətlərinin sürətli artımı, dəyər zəncirində qırılmalar, daşınma və logistika xərclərinin yüksəlməsi ilə izah olunur. Noyabrda illik inflyasiya hədəflə müqayisədə ABŞ-da 3.4 dəfə, Avrozonada 2.5 dəfə, Rusiyada 2.1 dəfə, Qazaxıstanda 1.5 dəfə, Belarusda 2.1 dəfə, Ukraynada 2.1 dəfə, Gürcüstanda 4.2 dəfə, Türkiyədə isə 4.3 dəfə yüksək olmuşdur. Son meyilləri nəzərə alaraq BVF 2021-ci ilin sonuna inflyasiya proqnozunu həm İnkişaf Etmiş Ölkələr (İEÖ), həm də İnkişaf Etməkdə Olan Ölkələr (İEOÖ) üzrə yüksəltmişdir. Bu şəraitdə bir sıra ölkələrdə mərkəzi banklar inflyasiya təzyiqlərini nəzərə almaqla pul siyasətini sərtləşdirməkdədirlər. İlin əvvəlindən indiyədək mərkəzi banklar tərəfindən 108 dəfə əsas faiz dərəcəsinin artırılması haqqında qərar qəbul edilmişdir.

2021-ci ildə dünya bazarında əmtəə qiymətlərinin əhəmiyyətli yüksəlməsi müşahidə edilmişdir. Dünya bazarlarının konyunkturası bir tərəfdən qlobal tələbin davamlı bərpası, digər tərəfdən isə epidemiya əleyhinə məhdudiyyətlər səbəbindən istehsalı tələbə uyğun genişləndirmək imkanlarının daralmasından təsirlənmişdir. Dünya Bankının (DB) əmtəə bazarları haqqında son məlumatlarına əsasən 2021-ci ilin noyabrında ötən ilin eyni dövrü ilə müqayisədə enerji qiymətləri 2.1 dəfə, qeyri-enerji qiymətləri 24.7% artmışdır. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə noyabrda dünya ərzaq qiymətləri illik əsasda 27.3% yüksəlmişdir. Bir sıra ərzaq ixracatçılarında iqlim şəraitinin pisləşməsi də dünya ərzaq qiymətlərinə artırıcı təsir edir.

Daşınma-logistika xərclərinin artması və çatdırılma müddətinin uzanması dünyada inflyasiya proseslərinin güclənməsinin əsas səbəblərindən biri kimi çıxış edir. Cari ilin noyabrında 1 konteynerin daşınma xərcləri ötən ilin eyni dövrünə nəzərən 4 dəfədən çox yüksəlmiş, xammalın və hazır məhsulun çatdırılma müddəti isə 2 dəfəyə yaxın yüksəlmişdir (Mənbə: Freightos.com).

Qlobal iqtisadi aktivliyin artması şəraitində neftə tələbdəki yüksək artımla müqayisədə OPEC++ razılaşması çərçivəsində təklifin konservativ artırılması neftin qiymətinə artırıcı təsir etmişdir. Brend markalı neftin orta qiyməti 2021-ci ilin ötən dövründə 71 ABŞ dolları təşkil etmişdir ki, bu da ötən ilin orta qiymətindən (43 ABŞ dolları) 65% çoxdur. Enerji daşıyıcılarının bahalaşması enerji idxalçısı olan ticarət tərəfdaşı ölkələrində inflyasiya proseslərini sürətləndirir.

2021-ci ildə Azərbaycanın xarici iqtisadi mövqeyi ölkənin qeyri-neft məhsulları ixracı potensialının realizasiyası və ixrac məhsullarının qiymətinin artması şəraitində formalaşmışdır. Cari ilin yanvar-oktyabr aylarında ixrac qiymətləri indeksinin orta illik artımı 46.9% təşkil etmişdir. 2021-ci ilin 11 ayında xarici ticarət balansının profisiti ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.8 dəfə artaraq 9.4 mlrd. ABŞ dolları təşkil etmişdir. Qeyri-neft ixracı 44%, qeyri-neft idxalı isə 9% artmışdır. 9 ayda tədiyə balansının cari əməliyyatlar hesabında 3.9 mlrd. ABŞ dolları və ya ÜDM-in 11%-i səviyyəsində profisit yaranmışdır.

Profisitli tədiyə balansı şəraitində ölkənin strateji valyuta ehtiyatları 11 ayda 4.4% (2.2 mlrd. ABŞ dolları) artaraq 53 mlrd. ABŞ dollarını, Mərkəzi Bankın ehtiyatları isə 10.2% artaraq 7 mlrd. ABŞ dollarını üstələmişdir.

Cari ildə stimullaşdırıcı makroiqtisadi siyasətin davam etməsi və xarici tələbin genişlənməsi  şəraitində sosial təcrid tədbirlərinin mərhələli yumşaldılması məcmu tələbin bərpasına şərait yaratmışdır. 11 ayda ötən ilin eyni dövrünə nəzərən pərakəndə ticarət dövriyyəsi 3%, ödənişli xidmətlərin istehlakı 4.6% artmışdır. İstehlakın artmasında sərt karantin dövründə yaranmış yığımların xərclənməsi, kredit aktivliyinin bərpası, habelə xarici səfərlərin məhdudlaşması səbəbindən ölkədaxili xidmətlərə tələbin artması da müəyyən rol oynamışdır. Son rüblər istehlakçı inamı indeksi əhəmiyyətli yaxşılaşmaqdadır.

Dövlət tələbi məcmu tələbin başlıca mənbələrindən biri olaraq qalmışdır. 11 ayda dövlət büdcəsi xərclərinin ÜDM-ə nisbəti 27.6%-i üstələmişdir.

Məcmu tələbin bərpası məcmu təklifin də yüksəlməsi ilə müşayiət olunur. 2021-ci ilin 11 ayında ümumi daxili məhsul real ifadədə 5.3%, o cümlədən qeyri-neft-qaz sektoru üzrə 6.4% artmışdır. Qeyri-neft-qaz sektorunda iqtisadi artım başlıca olaraq ticari sektor hesabına olmuşdur. Qeyri-neft-qaz sənayesində 20.9%, kənd təsərrüfatında 3.8%-lik artım baş vermişdir.

Mərkəzi Bank tərəfindən real sektorun monitorinqi çərçivəsində keçirilmiş sorğular da iqtisadi aktivliyin artmaqda olduğunu təsdiqləyir. Monitorinqə görə cari ilin 11 ayında biznes inam indeksinin orta göstəricisi qeyri-neft sənayesi, ticarət, xidmət və tikinti sektorlarında ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli yaxşılaşmışdır. Ticarətdə satış gözləntisi, xidmətdə isə tələb gözləntisi üzrə orta göstəricilər cari ilin 11 ayında müsbət zonada qərarlaşmışdır. Qeyri-neft sənaye müəssisələrində istehsal güclərinin yüklənmə səviyyəsi ötən ilin eyni dövrünə nəzərən əhəmiyyətli yüksəlmişdir. 

 

1.2. 2021-ci ildə həyata keçirilən pul siyasəti və onun nəticələri

 

2021-ci ildə Mərkəzi Bankın pul siyasəti inflyasiyanın dinamikası və xarici fonunun pisləşməsi, inflyasiyaya təsir göstərən amillərin xarakteri – onların müvəqqəti və ya qalıcı olması, inflyasiyanın risklər balansında baş vermiş dəyişikliklər, inflyasiyanın ortamüddətli proqnozu və gözləntilər nəzərə alınmaqla formalaşdırılmışdır.

Rəsmi statistikaya görə illik inflyasiya noyabrda (2021-ci ilin noyabr ayı 2020-ci ilin noyabr ayına nəzərən) 11.1% təşkil etmişdir. Orta illik inflyasiya isə yanvar-noyabr aylarında 6.2% olmuşdur.

Tənzimlənən qiymətlərin, həmçinin mövsümi xarakterli məhsulların qiymət dəyişimi nəzərə alınmadan hesablanan orta illik baza inflyasiya 2021-ci ilin yanvar-noyabr aylarında 3.9% təşkil etmişdir.

İnflyasiya təzyiqlərinin yüksəlməsi bütün məhsul və xidmət alt qrupları üzrə baş vermişdir. Noyabrda ərzaq məhsulları üzrə qiymət indeksi illik əsasda 14.9% yüksəlmişdir. Orta illik ərzaq inflyasiyası isə yanvar-noyabr aylarında 7.4% olmuşdur. Mövsümi amillərin tarixi təhlilləri göstərir ki, son 10 ildə hər ilin may-sentyabr aylarında ərzaq məhsulları üzrə kumulyativ olaraq orta hesabla 3.4%  deflyasiya müşahidə olunurdusa, cari ilin müvafiq mövsümündə 2.3% inflyasiya olmuşdur. Ərzaq inflyasiyasına dünya ərzaq qiymətlərinin yüksəlməkdə davam etməsi ciddi təsir göstərmişdir. Xüsusən də kərə və bitki yağlarının, şəkər və süd məhsullarının, eləcə də çörək məmulatlarının bahalaşması dünya ərzaq qiymətlərindən əhəmiyyətli təsirlənmişdir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatlarına görə noyabrda illik əsasda dünya qiymətləri un məmulatları üzrə 23.2%, süd məhsulları üzrə 19.1%, yağlar üzrə 51.4%, şəkər üzrə 36.4% yüksəlmişdir.

Noyabrda illik əsasda inflyasiya qeyri-ərzaq məhsulları üzrə 7.1%, xidmətlər üzrə isə 9.1% təşkil etmişdir. Qeyri-ərzaq məhsulları arasında ən çox illik bahalaşma yanacaq məhsulları (20%) və inşaat materialları (12.9%) üzrə qeydə alınmışdır. Xidmətlər üzrə inflyasiyaya dövlət tənzimlənməsi tətbiq edilən qiymət və tariflərin dinamikası əhəmiyyətli təsir göstərmişdir.

İstehsalçı qiymətləri indeksi də ümumilikdə artıma meyilli olmuşdur. Oktyabrda ötən ilin eyni dövrü ilə müqayisədə emal sənayesində istehsalçı qiymətləri indeksi 29.9%, kənd təsərrüfatı istehsalçı indeksi isə 14.4% artmışdır. Qeyd olunanlar onu göstərir ki, xarici və daxili xərc amillərinin qiymətlərə ötürücülüyü iqtisadiyyatın sahələri üzrə fərqlənir. Kənd təsərrüfatı məhsulları üzrə istehsalçı qiyməti indeksinin artım tempinin ərzaq inflyasiyası səviyyəsindən geri qalması ərzaq məhsulları üzrə inflyasiya idxalının yüksək olduğunu göstərir. Ekspertlərin artıq “Aqroflyasiya” adlandırdıqları bu prosesin də başlıca səbəbləri qlobal tələbin artması, quraqlıq, anti-kovid məhdudiyyətləri, istehsal-yanacaq, gübrə, logistika xərclərinin artması təşkil etmişdir. Bununla yanaşı, daşıma xərclərinin artması ilə avtomobil nəqliyyatı ilə ölkədaxili yükdaşıma qiymətlər indeksinin illik olaraq 11.7% artması da ölkədə istehsalçı qiymətlərin artımına töhfə vermişdir.

Ümumilikdə inflyasiya təzyiqləri son vaxtlar qiymətlərin formalaşmasında həlledici rol oynayan  xarici  amillər hesabına artmaqdadır. Dünya bazarında birja məhsulları qiymətlərinin və ticarət tərəfdaşlarında inflyasiyanın yüksəlməsi, təchizat zəncirində qırılmalar və daşınma xərclərinin artımının təsirləri gözlənildiyindən daha əhəmiyyətli və davamlı  xarakter alır. Bu səbəblərdən cari ilin yanvar-oktyabr aylarında idxal qiymətləri indeksinin orta illik artımı 21.4% olmuşdur. Daxili xərc amilləri, xüsusən dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin liberallaşdırılması illik inflyasiyanın 1/4-ni izah edir. İnflyasiyanın dinamikasının formalaşmasında monetar amillərin rolu əhəmiyyətli aşağıdir. Qəbul edilmiş makroiqtisadi çərçivə və tədiyə balansının profisitinin dəstəklədiyi əsas lövbər manatın məzənnəsinin dayanıqlığı inflyasiya idxalını əhəmiyyətli dərəcədə neytrallaşdırmışdır.

İlin ötən dövründə inflyasiyanın faktiki dinamikası inflyasiya gözləntilərini müəyyənləşdirən əsas amil olmuşdur. Son 12 ayda inflyasiya gözləntiləri real sektorun bütün monitorinq olunan sektorlarında artım meyilli olmuşdur. Dekabrda aparılan sorğulara görə ev təsərrüfatlarının 82%-i inflyasiya gözləyir, o cümlədən 29%-i inflyasiya tempinin daha da yüksələcəyini düşünür. İnflyasiya gözləntilərinin yüksəlməsi tələbi artırmaqla xərclərin qiymətlərə transformasiyasını sürətləndirmək potensialına malikdir. 

2021-ci ilin ötən dövründə manatın xarici valyutalara nəzərən məzənnəsi valyuta bazarında tələb-təklif nisbətinə uyğun olaraq formalaşmışdır. Xarici mühitdə baş verən proseslərin dolayı təsirləri ilə yaranmış gözləntilər nəticəsində yanvar ayında valyuta hərraclarında  tələb artsa da, fevral ayından başlayaraq tələbin azalması və sabitləşməsi müşahidə olunmuşdur. Hesabat dövründə profisitli tədiyə balansı və strateji valyuta ehtiyatlarının artması şəraitində gözləntilərin yaxşılaşması da valyuta bazarına sabitləşdirici təsir göstərmişdir. İlin ötən dövründə Mərkəzi Bankda keçirilən valyuta hərraclarının 70%-də təklif tələbi üstələmişdir.

Manatın ABŞ dollarına nəzərən rəsmi məzənnəsi cari ildə də banklararası əqdlər üzrə orta məzənnə əsasında müəyyən edilmişdir. Banklar tərəfindən müəyyən edilən xarici valyutanın alış-satış məzənnələri rəsmi məzənnəyə yaxın trayektoriyada formalaşmışdır.

Manatla pul bazası 2021-ci ilin 11 ayında 5.3% artmışdır. Dövr ərzində dövlət büdcəsinin profisitli icrası və vahid xəzinə hesabının dinamikası pul bazasının aşağı templi artımını dəstəkləməklə antiinflyasiya effektinə malik olmuşdur.

Faiz dəhlizinin parametrlərinə dair qərarlar qlobal mühitdə baş verən proseslərin ölkə iqtisadiyyatına təsirləri, məcmu tələbin və iqtisadiyyatın bərpa tempi, inflyasiyanın faktiki və gözlənilən səviyyəsinin hədəfə nəzərən qiymətləndirilməsi, inflyasiyanın xarici və daxili amillərdən formalaşan risklər balansı nəzərə alınmaqla qəbul edilmişdir. İqtisadi artımın bərpasına dəstək məqsədilə uçot dərəcəsi 2018-ci ilin əvvəlindən 2020-ci ilin dekabr ayına kimi 16 mərhələdə  azaldırılaraq 15%-dən 6.25%-ə endirilmişdir. Lakin 2021-ci ilin birinci yarısında başlıca olaraq xarici mühitdə baş verən proseslərə cavab olaraq uçot dərəcəsinin dəyişdirilməsi istiqamətində pauza götürülmüş, ilin ikinci yarısından başlayaraq isə inflyasiya proseslərinin sürətlənməsinə cavab olaraq sentyabr,  oktyabr və dekabr aylarında uçot dərəcəsi 3 dəfə ardıcıl yüksəldilərək 7.25%-ə çatdırılmışdır.

İqtisadiyyatda likvidliyin effektiv idarə olunması məqsədilə Mərkəzi Bank müxtəlif bazar əməliyyatları alətlərindən cari ildə də adekvat istifadə etmişdir. Bank sistemində izafi likvidliyin mövcudluğu şəraitində Mərkəzi Bankın sterilizasiya alətlərinə tələb bütün aylar üzrə yüksək olaraq qalmışdır. 2021-ci ilin ötən dövründə Mərkəzi Bank 37 not hərracı keçirmişdir.

Cari ilin ötən dövründə dövlət qiymətli kağızlarının gəlirliyi və banklararası bazarda faiz dərəcələri əsasən azalma meyilli olmuşdur. Ümumilikdə dövlət qiymətli kağızlarının gəlirliyi müddətindən asılı olaraq 2-5 faiz bəndi civarında azalaraq ilin sonuna 4-7% intervalında formalaşmışdır. Yalnız son aylarda bu faizlərdə müəyyən artım müşahidə olunmuşdur. Kredit və depozitlər üzrə nominal faizlərdə əhəmiyyətli dəyişiklik müşahidə edilməmişdir. Cari ilin noyabrında manatla yeni kreditlər üzrə orta faiz 17%, yeni cəlb edilmiş əmanət və depozitlər üzrə orta faiz 8.5% olmuşdur. İnflyasiyanın yüksəlməsi real faizlərin azalması ilə müşayiət olunur. 

2021-ci ildə depozitlərin dollarlaşma səviyyəsi azalmaqda davam etmişdir. Xarici valyutada əmanət və depozitlərin cəmi əmanət və depozitlərdə xüsusi çəkisi ilin əvvəlindəki 56.4%-dən tədricən azalaraq noyabr ayında 51% təşkil etmişdir. O cümlədən fiziki şəxslərin əmanətlərinin dollarlaşması ilin əvvəlindəki 50.8%-dən 41.9%-ə, kreditlərin dollarlaşması isə müvafiq olaraq 29.8%-dən 26.5%-ə düşmüşdür. 2015-ci ilin əvvəlindən ilk dəfə olaraq fiziki şəxslərin manatla əmanətlərinin xüsusi çəkisi xarici valyutada əmanətləri üstələmişdir.

Rəqəmsal alətlərdən daha geniş istifadə etməklə şəffaflıq və hesabatlığın gücləndirilməsi prinsipləri əsasında pul siyasətinin effektiv kommunikasiyası cari ildə də diqqətdə saxlanılmışdır. 2021-ci ildə də öncədən ictimaiyyətə açıqlanmış qrafikə uyğun olaraq Mərkəzi Bankın siyasət qərarlarına dair press-relizləri müvafiq analitik şərhlərlə dərc edilmiş, müntəzəm mətbuat konfransları keçirilmişdir. Pul siyasəti icmalı rüblük əsasda ictimaiyyətə açıqlanmışdır. Mərkəzi Bankın fəaliyyəti rəsmi internet səhifəsi, habelə Yutub kanalı, Tvitter, İnstaqram və Feysbuk sosial şəbəkələri vasitəsilə mütəmadi işıqlandırılmışdır. Mərkəzi Bankın ortamüddətli dövrə yeni kommunikasiya strategiyası qəbul edilmişdir.  

 

1.3. Maliyyə sabitliyi və maliyyə sektorunun inkişafı

 

2021-ci ildə Mərkəzi Bankın maliyyə sabitliyi siyasəti pandemiyanın maliyyə sektoruna neqativ təsirlərinin minimallaşdırılmasına və maliyyə-bank sisteminə etimadın qorunmasına yönəlmişdir. Həyata keçirilən requlyativ siyasət və risk-əsaslı nəzarət çərçivəsi maliyyə sektorunun bütün seqmentlərinin stabil fəaliyyətini təmin etmişdir. Cari ildə real sektorun maliyyə resurslarına çıxışının genişləndirilməsinə də nail olunmuşdur.

Cari ildə də bank sistemi öz dayanıqlığını qorumuş, bank sektorunun sağlamlaşdırılması və kapitallaşdırılması tədbirləri davam etdirilmişdir. Bank sektorunun kapital adekvatlığı minimum requlyativ tələbi 1.8 dəfə üstələmişdir. Sektorun ani likvidlik əmsalı 58.3% olmaqla minimum tələbi (30%) 1.9 dəfə üstələmişdir.

Pandemiya ilə əlaqədar kreditlərin restrukturizasiyası cari ildə də davam etdirilmişdir. Pandemiya başlayandan bəri ümumilikdə 1.3 mlrd. manat məbləğində 57 mindən çox kredit restrukturizasiya olunmuşdur. Restrukturizasiya olunmuş kreditlərin məbləğ üzrə 87%-i biznes, 9%-i istehlak, 4%-i ipoteka kreditlərinin payına düşmüşdür. Qeyd edək ki, 2021-ci ilin əvvəlində pandemiya ilə bağlı tətbiq olunmuş yumşalmalardan sonra restrukturizasiya portfelinin ödənişləri üzrə müsbət dinamika müşahidə olunmuşdur. 30.11.2021-ci il tarixinə pandemiya ilə əlaqədar restrukturizasiya olunmuş portfelin qalıq məbləği 0.7 mlrd. manat təşkil etmişdir.

2021-ci ilin əvvəlindən başlayaraq Mərkəzi Bank tərəfindən pandemiya ilə bağlı tətbiq edilən requlyativ yumşalma rejimindən mərhələli çıxış çərçivəsində bəzi requlyativ tələblərin bərpa edilməsinə, bəzi güzəştlərin isə davam etdirilməməsinə qərar verilmişdir. Qeyd olunmalıdır ki, pandemiyanın genişləndiyi şəraitdə müvəqqəti tənzimləyici yumşalmalar iqtisadi subyektlər üçün neqativ nəticələrin məhdudlaşmasına şərait yaratmış, borcalanların maraqlarının müdafiəsinə, kreditləşmənin saxlanılmasına və maliyyə sektorunun stabil fəaliyyətinə müsbət təsir etmişdir. 

Cari ildə bank sektoru üzrə requlyativ çərçivənin mərhələli şəkildə beynəlxalq standartlara (Bazel III) uyğunlaşdırılması, habelə banklarda risklərin idarə edilməsinin təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilmişdir. Bank sektorunun kapitala aid requlyativ tələblərə tədricən adaptasiyası çərçivəsində bazar və əməliyyat risklərinin kapitalın hesablanmasında nəzərə alınması banklarda əlavə buferin yaradılmasını təmin etmişdir.

İqtisadi aktivliyin və istehlak nikbinliyinin yüksəlməsi cari ildə bank xidmətlərinə tələbatın da artmasına şərait yaratmışdır. 11 ayda bank sektorunun aktivləri 11.1%, kredit portfeli 15% artmışdır. Biznes kreditləri 12.4%, istehlak kreditləri 20.2%, ipoteka kreditləri 16.8% artmışdır.

Bank sisteminin resurs bazası genişlənməkdə davam etmişdir. 11 ayda bankların depozit portfeli (maliyyə institutlarının depozitləri istisna olunmaqla) 19.4%, o cümlədən əhalinin əmanətləri (sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olunmaqla) 10.4% artmışdır. Milli valyutada əmanətlər 30.4% artdığı halda, xarici valyutada əmanətlər 8.6% azalmışdır.

  Əmanətlərin tam sığortalanmasından çıxışla əlaqədar qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq əmanətlərin sığortalanması mexanizminin yeni çərçivəsinin tətbiqinə başlanılmışdır. Yeni çərçivəyə əsasən, fiziki şəxslərin qorunan əmanətləri üzrə kompensasiya məbləği 30 min manatdan 100 min manata yüksəldilmişdir. Eyni zamanda, fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri (kompensasiya məbləği 20 min manat müəyyən edilməklə) və notariusların depozit hesablarında olan fiziki şəxslərə məxsus pul vəsaitləri də əmanətlərin sığortalanması mexanizmi ilə əhatə edilmişdir. Bu dəyişikliklərin tətbiqi nəticəsində say etibarilə cəmi əmanətçilərin 99.9%-nin əmanətlərinin tam qorunması təmin edilir.

Sığorta bazarının genişləndirilməsinə xidmət edən infrastruktur elementlərinin, sığorta sektorunda qabaqcıl beynəlxalq təcrübələrə uyğun istehlakçıların müdafiəsi çərçivəsinin yaradılması istiqamətində fəaliyyət davam etdirilmişdir. Sığorta haqları 11 ayda ötən ilin eyni dövrünə nəzərən 15% artmışdır. Artım könüllü sığorta üzrə 15%, icbari sığorta üzrə isə 16% təşkil etmişdir. Sığorta sahəsində risk əsaslı nəzarət və tənzimləmə çərçivəsinə keçidlə bağlı Dünya Bankı ilə birgə layihənin icrası, mövcud icbari sığorta növlərinin tam rəqəmsallaşması istiqamətində işlər davam etdirilmişdir. Vətən müharibəsi zamanı şəhid olmuş hərbi qulluqçuların vərəsələrinə və xəsarət almış hərbi qulluqçulara həyata keçirilən icbari sığorta ödənişlərinin sürətli icrası işləri cari ildə də davam etdirilmişdir.

2021-ci ildə iqtisadiyyatın maliyyəyə çıxışının dəstəklənməsində kapital bazarının imkanlarından istifadənin aktivləşdirilməsi təmin edilmişdir. Kapital bazarının əməliyyat infrastrukturunun təkmilləşdirilməsi, hüquqi çərçivənin beynəlxalq standartlara uyğunlaşdırılması, həmçinin bazarda tələb və təklifin dəstəklənməsi istiqamətində işlər davam etdirilmişdir. Cari ildə özəl sektorun  kapital bazarından maliyyələşmə təşəbbüslərinin və fond birjasında listinqin təşviq edilməsi məqsədilə listinq tələbləri sadələşdirilmiş və investorlar üçün stimullaşdırıcı tarif rejiminin tətbiqinə başlanmışdır. Kapital bazarında maliyyə vasitəçiliyinin inkişaf etidirilməsi və maliyyə inklüzivliyinin artırılması məqsədilə qiymətli kağızlar bazarında müştəri hesablarının məsafədən açılması və sifarişlərin elektron qaydada təqdim edilməsi imkanları yaradılmış və marja ticarətinə dair tələblər təkmilləşdirilmişdir. Kapital bazarının infrastrukturunun inkişaf etdirilməsi istiqamətində Türkiyənin mərkəzi depozitarı ilə əlaqələr qurulmuş və növbəti ildən Bakı Fond Birjası ilə İstanbul Birjası arasında dual listinq modelinin tətbiq edilməsi nəzərdə tutulur. Həmçinin kapital bazarına dair maliyyə savadlılığının artırılması üzrə bazar iştirakçıları ilə birgə intensiv maarifləndirmə tədbirləri təşkil edilmişdir. 2021-ci ildə korporativ qiymətli kağızların kütləvi təklifi üzrə ümumi məbləği 535 milyon manat olan 20 emissiya prospekti təsdiq edilmiş və cari ilin ilk 11 ayında 505 milyon manat məbləğində korporativ qiymətli kağız fond birjasında yerləşdirilmişdir. Qeyd edilən dövrdə fond birjasında ticarət həcmi 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 24,3%, bu dövrdə repo bazarı isə 3,4 dəfədən çox artmışdır.

Milli Ödəniş Sisteminin davamlı, sürətli və təhlükəsiz fəaliyyəti 2021-ci ilin ötən dövründə də təmin edilmişdir. 11 ayda Milli Ödəniş Sisteminin əsas komponentləri (AZIPS və XÖHKS) vasitəsilə həyata keçirilən ödənişlərin ümumi həcmi ÜDM-in 2.3 misli səviyyəsində olmuşdur. Elektron bankçılıq xidmətləri üzrə göstəricilərdə irəliləyişlər davam etmiş, Ani Ödənişlər Sisteminin əhatə dairəsi genişlənmişdir.

Kart infrastrukturu da genişlənməkdə davam etmişdir. Dövriyyədə olan təmassız ödəniş kartlarının sayı 2020-ci ilin 11 ayı ilə müqayisədə 2 dəfə, təmassız ödənişləri qəbul edən POS-terminalların sayı isə 29% artmışdır. 11 ayda kartlarla aparılan ölkədaxili nağdsız əməliyyatlar ötən ilin eyni dövrü ilə müqayisədə 75.4% artmışdır. Bununla da kart əməliyyatlarında nağdsız dövriyyənin xüsusi çəkisi 2020-ci ilin analoji dövrü ilə müqayisədə 23%-dən 31%-ə yüksəlmişdir.

Müasir dövrün əsas çağırışlarından olan elektron bankçılıq göstəriciləri üzrə də müsbət dinamika müşahidə olunmuşdur. Belə ki, 2021-ci ilin 11 ayı ərzində internet və mobil bankçılıq vasitəsilə aparılan əməliyyatların həcmi ötən ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 60.5% və 3.8 dəfə yüksəlmişdir.

Elektron maliyyə-bank xidmətlərinin genişləndirilməsi məqsədilə Mərkəzi Bank tərəfindən istismara verilmiş “Rəqəmsal İdentifikasiya Sistemi”nin (RİS) əhatə dairəsi genişlənməkdədir. 01.12.2021-ci il tarixinə 20 bank RİS platformasına inteqrasiya olunmuş, sistem vasitəsilə hüquqi və fiziki şəxslərə 1600-dən artıq bank hesabı məsafədən açılmış, 280 ödəniş kartı əldə edilmişdir.

Hesabat dövrü ərzində ölkənin maliyyə sisteminin ISO20022 standartına keçidi üzrə hazırlanmış Tədbirlər Planına uyğun olaraq işlərin icrası həyata keçirilmişdir. Standartın tətbiqi ödəniş sistemləri iştirakçıları arasında mübadilə üzrə vahid məlumat formatlarının yaradılmasına, əməliyyatlarda risklərin minimallaşdırılmasına, avtomatlaşmaya sərf olunan resursların azaldılmasına imkan verəcəkdir.

Cari ildə Azərbaycan Mərkəzi Bankı dünyada Mərkəzi Bankın Rəqəmsal Valyutası (MBRV) ilə bağlı aparılan araşdırmaları və bu istiqamətdə realizasiya edilən layihələri diqqətlə izləmişdir. MBRV-nın tətbiqi imkanlarının və ilkin şərtlərinin öyrənilməsi məqsədilə bəzi xarici ölkələrin mərkəzi bankları ilə əməkdaşlıq çərçivəsi də qurulmuşdur.

Nağdsız ödənişlərin inkişafına mane olan problemləri aradan qaldırmaq, yaşayış yerindən asılı olmayaraq ölkənin istənilən ərazisində əhali və biznesin ucuz və əlverişli maliyyə xidmətlərinə çıxış imkanlarını artırmaq və rəqəmsal ödəniş xidmətlərindən istifadəni genişləndirmək məqsədilə “Azərbaycan Respublikası Mərkəzi Bankının 2021-2023-cü illər üçün Rəqəmsal Ödəniş Strategiyası” hazırlanmış və Strategiya üzrə nəzərdə tutulan tədbirlərin icrasına başlanılmışdır.

 

II. 2022-Cİ İLƏ PUL VƏ MALİYYƏ SABİTLİYİ SİYASƏTİ

 

2022-ci ilə Mərkəzi Bankın pul siyasəti xarici mühitdə əhəmiyyətli qeyri-müəyyənliklərin qaldığı şəraitdə inflyasiyanın hədəf diapazonuna doğru dinamikasının təmin edilməsinə və ortamüddətli dövrdə bu diapazonda dayanıqlı lövbərləşməsinə yönəldiləcəkdir.

Maliyyə sektorunda dayanıqlı sabitliyin təmin edilməsi, maliyyə bazarlarının müxtəlif seqmentlərinin davamlı və stabil fəaliyyətinin dəstəklənməsi, iqtisadiyyatda maliyyə-bank sektorunun rolunun gücləndirilməsi, nağdsız ödənişlərin genişləndirilməsi istiqamətlərində siyasət və islahatlar çərçivəsi gücləndiriləcəkdir.

2.1. Makroiqtisadi proqnozlar və gözləntilər 

Xarici mühitdə yüksək qeyri-müəyyənliklərin qaldığı şəraitdə növbəti ildə də ölkədə iqtisadi artımın davam edəcəyi proqnozlaşdırılır.

Covıd-19 virusunun yeni ştammlarının yaratdığı risklər və artan qeyri-müəyyənliklər şəraitində 2022-ci ildə qlobal iqtisadi artımın davam edəcəyi gözlənilir. Beynəlxalq Valyuta Fondunun oktyabr hesabatına əsasən qlobal iqtisadiyyatın 2022-ci ildə 4.9% artacağı proqnozlaşdırılır. İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələr üzrə iqtisadi artım prosesinin peyvəndləmənin əhatə dairəsindən, məhdudiyyətlərin aradan götürülməsi müddətindən və həyata keçirilən stimullaşdırıcı tədbirlərin davamlılığından asılı olaraq fərqli dinamika ilə baş verəcəyi gözlənilir. İqtisadi artımın inkişaf etmiş ölkələrdə 4.5%, inkişaf etməkdə olan ölkələrdə isə 5.1% olacağı proqnozlaşdırılır. Təxirə salınmış tələbin sürətlə reallaşdırılması təklifin artımı ilə uzlaşmazsa, inflyasiya təzyiqlərinin davam edəcəyi gözlənilir. Müxtəlif stimullaşdırıcı proqramlar vasitəsilə fiskal dəstəyin və monetar siyasətin iqtisadi artım, məşğulluq və inflyasiya proseslərindən asılı olaraq dəyişəcəyi gözlənilir.

Qlobal təklifin genişləndiyi şəraitdə dünya əmtəə qiymətlərindəki artımın nisbətən səngiyəcəyi proqnozlaşdırılır. Qlobal istiləşmə ilə bağlı artan problemlərin növbəti ildə də dünya ərzaq qiymətlərinə təsir göstərəcəyi istisna olunmur.

Neftin dünya qiyməti növbəti ildə də qlobal iqtisadi aktivlik, geosiyasi amillər və OPEC++ çərçivəsində qəbul edilən qərarların təsiri altında formalaşacaqdır. Başlıca analitik mərkəzlər tərəfindən (BVF, Dünya Bankı, ABŞ Enerji Agentliyi, Standard Chartered, Fitch, Barclays və s.) 2022-ci ilə konsensus qiymət 1 barelə görə 70.9 ABŞ dolları, o cümlədən BVF tərəfindən 64.5 ABŞ dolları səviyyəsində qiymətləndirilir. Ümumilikdə 2022-ci ildə dünyada neftə tələbin artmaqda davam edəcəyi proqnozlaşdırılır.

Qlobal əmtəə qiymətlərinin dinamikası dünya ölkələrində inflyasiya proseslərinə təsir göstərən amillərdən biri olaraq qalacaqdır. İnflyasiyanın 2022-ci ildə də bir sıra inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə yüksək olacağı istisna edilmir. Bu, əsasən dünya ərzaq qiymətlərindən qaynaqlanan təzyiqlər və idxalçılar üçün yüksələn enerji daşıyıcıları qiymətlərilə bağlıdır.

Qlobal logistik zəncirdə qısamüddətli pozulmalara baxmayaraq, qlobal ticarət həcminin 2022-ci ildə 6.7% artacağı proqnozlaşdırılır. Əmtəə ticarəti ilə müqayisədə xidmət ticarətinin daha zəif templərlə bərpası gözlənilir.

2022-ci ildə qlobal tələbin genişlənməsi və bu şəraitdə neft qiymətinin dinamikası, ticarət tərəfdaşlarında makroiqtisadi durum, qeyri-neft ixracının dinamikası Azərbaycanın tədiyə balansına təsir göstərən əsas amillər olacaqdır. Qiymətləndirmələrə görə 2022-ci ildə neftin hətta 50 ABŞ dolları qiymətində tədiyə balansının cari əməliyyatlar hesabında ÜDM-in təxminən 4%-i səviyyəsində profisit gözlənilir.

Azərbaycan iqtisadiyyatının real sektorunda cari ildə başlamış artımın 2022-ci ildə davam edəcəyi proqnozlaşdırılır. Rəsmi proqnozlara görə 2022-ci ildə real iqtisadi artım tempinin 3.9%, o cümlədən qeyri-neft sektoru üzrə 4.9% olacağı gözlənilir. Sosial təcrid tədbirlərinin yumşaldılması, stimullaşdırıcı makroiqtisadi siyasətin davam etdirilməsi, özəl investisiyaların artımının tədricən sürətlənməsi, işğaldan azad olunmuş ərazilərdə bərpa işlərinin həyata keçirilməsi, kontr-tsiklik fiskal siyasət və makroiqtisadi sabitlik iqtisadi artım proqnozunun əsasını təşkil edir.

2022-ci ildə də dövlət tələbi iqtisadi aktivliyin dəstəklənməsində mühüm rol oynayacaqdır. 2022-ci ildə dövlət büdcəsi xərclərinin 2021-ci ilə nəzərən 4.7% artacağı gözlənilir. Növbəti ildən büdcə qaydasının təkmilləşdirilməsi və tətbiqin bərpa edilməsi ilə qeyri-neft fiskal kəsirin azaldılması strategiyasının həyata keçirilməsi uzunmüddətli fiskal dayanıqlığın təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

2.2. 2022-ci il üzrə pul siyasətinin başlıca istiqamətləri

2022-ci ildə də pul siyasətinin başlıca məqsədi inflyasiyanın hədəf diapazonuna (4±2%) doğru dinamikasının təmin edilməsi olacaqdır. Bu məqsədə nail olmaq başlıca olaraq qeyri-monetar amillərdən – dünya ərzaq və enerji daşıyıcıları qiymətlərindən, tələb-təklif zəncirində bərpa vəziyyətindən, növbəti ilə dövlət tarif siyasətindən və makroiqtisadi siyasət çərçivəsindən asılı olacaqdır.

Pul siyasətinin son hədəfi inflyasiyanın 4±2% dəhlizində idarə olunması dəyişməz qalır. Yenilənmiş son inflyasiya proqnozlarına görə baza proqnozunda qeyd olunan şərtlər daxilində 2022-ci ilin ikinci yarısından inflyasiyanın bu diapazonun yuxarı intervalına doğru irəliləməsi baş verəcəkdir.

Mövcud yüksək inflyasiya səviyyəsinə xarici amillərin təsirinin keçici xarakterini nəzərə alaraq monetar siyasət qiymətlər sabitliyi ilə iqtisadi artım və məşğulluq məqsədləri arasında çevikliyi saxlayacaqdır. Lakin situasiya qeyd olunan baza ssenaridən kənarlaşdığı təqdirdə pul siyasətinin daha sərt rejimə keçirilməsi zərurəti yarana bilər. İnflyasiya gözləntilərinin effektli idarə olunması həyata keçirilən siyasətə ictimai etibarın yüksəldilməsinə yönələcəkdir.  Siyasət reaksiyası yarana biləcək qeyri-müəyyənlikləri və siyasətə inamsızlığı aradan qaldırmaqla investisiya-biznes fəallaşmasına yol açacaq, iqtisadi artımı və məşğulluğu dəstəkləyəcəkdir.

2022-ci ildə proqnozlaşdırılan neft qiymətləri, qeyri-neft ixracının artım dinamikası, nəticə etibarı ilə profisitli tədiyə balansı və təsdiq olunmuş dövlət büdcəsinə əsasən Neft Fondundan dövlət büdcəsinə transfertlərin artırılması valyuta bazarında tarazlığı təmin etməklə qiymətlər sabitliyinin əsas lövbəri olan məzənnə dayanıqlığını dəstəkləyəcəkdir. Valyuta bazarında tarazlığın qorunması növbəti il və ortamüddətli dövrə də xarici valyuta gəliri mənbələrinin şaxələnməsi istiqamətində islahatların sürətləndirilməsini aktuallaşdırır.  

Pul siyasətinin digər aralıq hədəfi olan pul kütləsi iqtisadiyyatın pula olan tələbi, iqtisadi artım proqnozu və inflyasiya nəzərə alınmaqla tənzimlənəcəkdir. Rəqəmsallaşma proseslərinin təsiri ilə pul kütləsinin strukturunda baş verən dəyişikliklər də pul təklifinin tənzimlənməsi zamanı nəzərə alınacaqdır. Pul təklifinə təsir göstərmək üçün əməliyyat orientiri olaraq bankların Mərkəzi Bankdakı manatla müxbir hesabları qalığından istifadə ediləcəkdir.  

Əməliyyat hədəflərinə nail olmaq üçün 2022-ci ildə də Mərkəzi Bank arsenalındakı bütün alət və mexanizmlərdən adekvat istifadə edəcəkdir. Alətlərin kəmiyyət parametrlərinə və dürasiyasına dair qərarlar bank sisteminin likvidlik mövqeyindən asılı olaraq operativ şəkildə veriləcəkdir. Bank sisteminin struktur profisitinin (və ya kəsiri) müntəzəm qiymətləndirilməsi davam etdiriləcəkdir. Avtonom və qeyri-avtonom amillərin likvidliyə təsirlərini qiymətləndirmək üçün likvidliyin monitorinqi və proqnozlaşdırılması sistemindən istifadə ediləcəkdir. Pul siyasəti alətlərindən makroiqtisadi proseslərin təbiətinə uyğun olaraq çevik istifadə transmissiya mexanizminin effektiv işləməsinə, həmçinin makroiqtisadi və maliyyə sabitliyinə dəstək verəcəkdir.

Faiz dəhlizi parametrlərinə dair qərarlar yenilənmiş makroiqtisadi proqnozlar, xarici və daxili xərc amillərinin inflyasiyaya transmissiyası, inflyasiya gözləntiləri və risk balansının dəyişimi nəzərə alınmaqla qəbul ediləcəkdir. Bu zaman kontr-tsiklik pul siyasətinin həyata keçirilməsi prinsipi əsas götürüləcəkdir. Faiz dəhlizinin Mərkəzi Bankın İdarə Heyətində müzakirəsinin əvvəlki illərdə olduğu kimi 2022-ci ildə də öncədən ictimaiyyətə açıqlanmış qrafikə (Əlavə 1) uyğun olaraq təşkil edilməsi nəzərdə tutulur.  

Mərkəzi Bank pul siyasəti qərarlarının verilməsi zamanı transmissiya mexanizmindəki fasilələri və xüsusiyyətləri də nəzərə alacaqdır. Pul siyasəti ilə bağlı qərarların real iqtisadi dəyişənlərə (məcmu tələb, istehsal, inflyasiya) təsiri arasındakı zaman fasiləsi (laq) bir neçə rüb çəkə bilir. İqtisadiyyatda struktur dəyişikliyi ilə bağlı qeyri-müəyyənliklər şəraitində təsir fasiləsi bir qədər də uzana bilər.

İnflyasiyaya təsir imkanlarını artırmaq üçün pul siyasətinin təkmilləşdirilməsi uzunmüddətli dövrdə hibrid inflyasiya hədəflənməsi rejiminə şərt əsaslı mərhələli keçid strategiyası çərçivəsində həyata keçiriləcəkdir. Bunun üçün ilkin olaraq yeni rejimə keçidlə bağlı zəruri hazırlıq işləri görüləcək, baza şərtlərin reallaşması başlıca prioritet olacaqdır.

Ortamüddətli perspektivdə (2022-2026-ci illər) yeni pul siyasəti rejiminə baza keçid şərtlərinin yaradılması çərçivəsində Mərkəzi Bank hökumətlə birlikdə dövlət qiymətli kağızları bazarının genişləndirilməsi və aktiv pul bazarının formalaşdırılması, nağd-kölgə iqtisadiyyatının məhdudlaşdırılması, valyuta bazarında təklif kanallarının şaxələndirilməsi və effektiv makroiqtisadi koordinasiyanın gücləndirilməsi kimi istiqamətlərdə fəaliyyət göstərəcəkdir.

Pul siyasəti çərçivəsinin təkmilləşdirilməsində Mərkəzi Bankın təhlil və proqnozlaşdırma potensialının gücləndirilməsi də mühüm rol oynayacaqdır. Bu istiqamətdə Proqnozlaşdırma və Siyasət Təhlili Sisteminin qurulması (FPAS), orta və uzunmüddətli proqnozlaşdırma üzrə model çantasının modernləşdirilməsi, proqnoz göstəricilərinin spektrinin genişləndirilməsi, təhlil və proqnozlar üçün zəruri statistik məlumat bazasının kəmiyyət və keyfiyyətcə təkmilləşdirilməsi istiqamətində işlər görüləcəkdir. Real sektor müəssisələri və ev təsərrüfatlarına dair statistik-analitik işlərin gücləndirilməsi çərçivəsində maliyyə davranışları və iqtisadi gözləntilərə dair sorğuların təkmilləşdirilməsi, sorğu əsaslı analitik təhlillərin dərinləşdirilməsi nəzərdə tutulur. 

Gözləntilərin idarə edilməsində kommunikasiya siyasətinin effektivliyinin artırılması qarşıdakı strateji dövrdə də pul siyasətinin vacib elementlərindən biri olacaqdır. İnformasiya açıqlığı siyasəti çərçivəsində pul siyasətinin məqsədi, prinsipləri, tədbirləri və nəticələri, eyni zamanda iqtisadi vəziyyətin qiymətləndirilməsi və inkişaf perspektivləri ilə bağlı maksimum operativ və tam açıq məlumatların ictimaiyyətə açıqlanması təmin olunacaqdır. Kommunikasiya texnologiyalarının inkişaf etməsi və pandemiya səbəbiylə kommunikasiya zamanı rəqəmsal alətlərdən daha geniş istifadə olunacaqdır. Qəbul edilmiş yeni strategiya əsasında kommunikasiyanın əhatə dairəsinin genişləndirilməsi istiqamətində də daim işlər aparılacaqdır. Müxtəlif hədəf qrupları üçün iqtisadi-maliyyə mövzularında maarifləndirmə işlərinin davam etdirilməsi də nəzərdə tutulur.

2.3. 2022-ci ildə maliyyə sabitliyi siyasəti və maliyyə sektorunun inkişafının prioritet istiqamətləri

2022-ci ildə Mərkəzi Bankın maliyyə sektoru üzrə siyasəti maliyyə sabitliyinin qorunması, maliyyə vasitəçiliyinin genişləndirilməsi yolu ilə biznesin dəstəklənməsi, maliyyə-kapital bazarlarının dərinləşdirilməsi kimi istiqamətlərə yönəldiləcəkdir. Bütün bunlar maliyyə sektorunun iqtisadi artımda rolunun daha da yüksəlməsinə imkan yaradacaqdır. Rəqəmsallaşma və müasir ödəniş sistemi infrastrukturundan istifadə səviyyəsinin yüksəldilməsi istiqamətində də işlər davam etdiriləcəkdir.

Maliyyə sabitliyinin təmin olunması istiqamətində 2022-ci il üzrə əsas siyasət və islahatlar istiqaməti ilk növbədə bank sektorunun prudensial tənzimlənmə və nəzarət çərçivəsinin beynəlxalq standartlara (Bazel II, Bazel III) uyğunlaşdırılması prosesinin davam etdirilməsi olacaqdır. Banklarda idarəetmənin gücləndirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması, o cümlədən korporativ idarəetmə potensialının inkişaf etdirilməsi, risklərin idarə edilməsi sistemlərinin gücləndirilməsi, insan resurslarının inkişaf etdirilməsi təşviq ediləcəkdir.

Biznes subyektləri üçün bank kreditlərinə çıxışın asanlaşdırılması istiqamətində işlər davam etdiriləcəkdir. Ölkədə maliyyə inklüzivliyi və dərinliyinin artırılması məqsədilə təklif amillərinin təşviq olunması, o cümlədən kreditorların hüquqlarının müdafiəsi sisteminin effektivliyinin artırılması, uzunmüddətli maliyyələşmə mənbələrinin təmin edilməsi, risklərin ötürülməsi və bölüşdürülməsi mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilməlidir. Tələbin təşviq olunması ilə kreditlərə sağlam tələbin artırılması üçün ilk növbədə qeyri-formal iqtisadiyyatdan çıxış və şəffaflaşmanın sürətləndirilməsi, biznes subyektlərində korporativ idarəetmənin yaxşılaşdırılması, müstəqil mühasibatlıq və audit institutlarının inkişaf etdirilməsi kimi şərtlərin reallaşdırılması tələb olunur.

Agent bankçılığın inkişaf etdirilməsi də ölkədə maliyyə xidmətlərinə çıxışın artırılmasına və maliyyə xidmətlərinin keyfiyyətinin artırılmasına töhfə verəcəkdir. Alternativ maliyyələşmənin inkişafı üçün hüquqi və tənzimləmə çərçivəsinin formalaşdırılması işləri davam etdiriləcəkdir.

Sığorta sektorunda tənzimləmə və nəzarət çərçivəsinin beynəlxalq prinsiplərə və qabaqcıl standartlara uyğunlaşdırılması çərçivəsində Solvency 2 standartlarına mərhələli keçid strategiyasının icrası  davam etdiriləcəkdir. Sığorta sektorunda insan resurslarının və idarəetmə potensialının inkişafı,  qabaqcıl beynəlxalq təcrübələrə uyğun istehlakçıların müdafiəsi çərçivəsinin formalaşdırılması, sektorun bazar infrastrukturunun inkişafı, sığorta sektorunun rəqəmsallaşdırılması və müxtəlif çeşidli rəqəmsal xidmətlərin formalaşdırılması üzrə tədbirlər həyata keçiriləcəkdir.  Bununla belə, sığorta savadlığının artırılması məqsədilə  maarifləndirmə və təbliğat tədbirləri daha geniş və intensiv miqyasda davam etdiriləcəkdir.

Kapital bazarının fəaliyyətinin hüquqi çərçivəsi və əməliyyat infrastrukturunun təkmilləşdirilməsi, habelə ekosistemdə mövcud olan və kapital bazarından effektiv maliyyələşməni məhdudlaşdıran maneələrin aradan qaldırılması istiqamətində beynəlxalq maliyyə təşkilatları ilə  əməkdaşlıq davam etdiriləcəkdir. İnvestisiya şirkətlərində nəzarət çərçivəsinin və korporativ idarəetmənin beynəlxalq standartlara  uyğunlaşdırılması istiqamətində tədbirlərin icrası nəzərdə tutulur. Kapital bazarında maliyyə vasitəçiliyinin təkmilləşdirilməsi üzrə investisiya fondlarının fəaliyyətinin təşviq edilməsi və bankların kapital bazarında birbaşa iştirak imkanlarının yaradılması üzrə işlər davam etdiriləcəkdir. Kapital bazarı infrastrukturunun inkişaf etdirilməsi istiqamətində mərkəzləşdirilmiş ticarət və depozitar sisteminin qurulması və qiymətli kağızların emissiyası prosesinin elektronlaşdırılması nəzərdə tutulur. Kiçik və Orta Biznes (KOB) subyektlərinin kapital bazarından maliyyələşməsinin təşviqi məqsədilə onlar tərəfindən emissiya edilən korporativ istiqrazlara zəmanət və subsidiyanın verilməsi mexanizminin yaradılması üzrə tədbirlər görüləcəkdir. Mərkəzi Bankın IOSCO (Qiymətli Kağızlar üzrə Komissiyaların Beynəlxalq Təşkilatı) təşkilatına imtiyazlı üzvlüyünün təmin edilməsi, xarici investorların kapital bazarına çıxış imkanlarının artırılması məqsədilə qlobal kastodianlarla əlaqələrin qurulması, törəmə maliyyə alətləri üzrə tənzimləyici çərçivənin beynəlxalq standartlara uyğunlaşdırılması, habelə şirkətlərlə və əhali ilə maarifləndirici tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulur.

Milli ödəniş sisteminin təhlükəsiz, fasiləsiz və davamlı fəaliyyətinin təmin edilməsi 2022-ci ildə də mühüm prioritetlərdən biri olacaqdır. Maliyyə infrastrukturunda qarşılıqlı məlumat mübadiləsinin effektivliyinin və səmərəliliyinin artırılması, o cümlədən ISO20022 beynəlxalq standartının tam tətbiqi nəzərdə tutulur. İnnovativ nağdsız ödənişlərin inkişaf etdirilməsi üçün beynəlxalq standartların tətbiqi çərçivəsində açıq bankçılıq modeli üzrə API standartlarının tətbiq olunması planlaşdırılır. Ödəniş infrastrukturunda kiber təhlükəsizlik səviyyəsinin gücləndirilməsi də diqqətdə saxlanılacaqdır.

Rəqabətli, innovativ və əlçatan ödəniş mühitinin formalaşdırılması, rəqəmsal ekosistemin inkişaf etdirilməsi, rəqəmsal ödənişlərin əhatə dairəsinin genişləndirilməsi məqsədilə institusional mühitin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdiriləcəkdir. Sözügedən tədbirlər çərçivəsində şəhər və rayonlarda ictimai nəqliyyatda gediş haqlarının innovativ ödəniş alətləri (bank kartları və mobil bankçılıq həlləri) vasitəsilə qəbulu imkanlarının genişləndirilməsi, təsərrüfat subyektlərində POS-terminalların əhatə dairəsinin genişləndirilməsi, POS-terminalların quraşdırılması mümkün olmayan yerlərdə QR kod ödəniş həllərinin qəbulu imkanlarının yaradılması kimi layihələr yer almaqdadır. Həmçinin rəqəmsal ödənişlər üzrə maliyyə savadlılığının artırılması, biznes və əhalinin rəqəmsal ödəniş xidmətlərindən aktiv istifadəyə təşviq edilməsi və bu istiqamətdə insan resursları potensialının gücləndirilməsi tədbirləri də davam etdiriləcəkdir.

Sürətli ödənişlər sisteminin gələcək inkişafının pul siyasəti və maliyyə vasitəçiliyi üçün əhəmiyyətini nəzərə alaraq Mərkəzi Bankın Rəqəmsal Valyutasının (MBRV) ortamüddətli dövrdə tətbiqi imkanlarının qiymətləndirilməsi bir neçə istiqamətdə davam etdiriləcəkdir: I. rəqəmsal valyutanın tətbiqi üzrə siyasət, məqsəd və hədəfin dəqiqləşdirilməsi; II. maraqlı tərəflərin prosesə cəlb olunması; III. qanunvericilik bazasının formalaşdırılması; IV. yeni nəsil texnologiyadan istifadə potensialı; V. bazarın hazırlıq səviyyəsi. MBRV ilə bağlı konseptual sənədlər açıq və ətraflı kommunikasiya ediləcəkdir.

2022-ci ildə monetar siyasət milli iqtisadiyyatda makroiqtisadi və maliyyə sabitliyinin təmin olunmasına, ilk növbədə inflyasiyanın hədəf çərçivəsinə yaxınlaşmasına, maliyyə sektorunun iqtisadi inkişafda rolunun fəallaşmasına və bu məqsədlə monetar sferada və maliyyə sektorunda islahatların aparılmasına yönəldiləcəkdir. Qarşıya qoyulan hədəflərin realizasiyası əhəmiyyətli dərəcədə  makroiqtisadi siyasət institutları arasındakı koordinasiyanın effektivliyindən asılı olacaqdır.

Pul siyasəti qərarlarının ictimaiyyətə açıqlanması qrafiki

2022-ci ildə faiz dəhlizinin parametrlərinə dair qərarlar 8 dəfə olmaqla aşağıdakı qrafiklə ictimaiyyətə təqdim ediləcəkdir:

* 28 yanvar

* 18 mart

* 29 aprel

* 17 iyun

* 29 iyul

* 16 sentyabr

* 28 oktyabr

* 16 dekabr

Qeyd olunan tarixlərdən 28 yanvar, 29 aprel, 29 iyul və 28 oktyabr tarixlərində qərarın açıqlanması mətbuat konfransı ilə müşayiət olunacaqdır.

Son xəbərlər
Digər xəbərlər