Bayramlarla əlaqədar dekabr ayının 29-dan Bakı metropolitenində gücləndirilmiş iş rejimində müvafiq dəyişikliklər edilib.
“Bakı Metropoliteni” QSC-dən verilən məlumata görə şəhər mərkəzi və kütləvi bayram tədbirlərinin keçiriləcəyi məkanlara yaxın stansiyalarda əlavə işçi qüvvəsi cəlb edilməklə növbətçilik cədvəli tərtib olunub.
Zəruri hallar üçün nəzərdə tutulan ehtiyat qatarların xəttə çıxması diqqətdə saxlanılır. Bu tədbirlər yanvar ayının 2-dək davam etdiriləcək.
Dekabrın 31-də paytaxtda keçiriləcək kütləvi bayram tədbirləri və bayram gəzintisi nəzərə alınaraq, metropoliten stansiyaları 2022-ci il yanvar ayının 1-nə keçən gecə saat 01:00-a kimi sərnişinlərin girişinə açıq olacaq.
“Bakı Metropoliteni” QSC bayram günlərində hər kəsin xoş ovqatlı anlar keçirməsi, neqativ hallara yol verilməməsi və fəsadların yaşanmaması üçün hər bir sərnişinin həmrəylik nümayiş etdirərək, metropolitendə istifadə qaydalarına və ictimai asayiş tələblərinə ciddi riayət edilməsini rica edir.