Çin Xalq Respublikasının sədri Si Tsinpin cümə günü Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevə müraciətində bildirib ki, Çin Qazaxıstanda qəsdən iğtişaşlar və “rəngli inqilab” törədən xarici qüvvələrə qətiyyətlə qarşı çıxır.
Banker.az xəbər verir ki, “Çin Qazaxıstanda qəsdən iğtişaşlar yaradan və “rəngli inqilab”a təhrik edən xarici qüvvələrə qəti şəkildə qarşıdır”, – deyə Si Tsinpin söyləyib.
Qeyd edək ki, yeni ilin ilk günlərindən Qazaxıstanda etiraz aksiyaları başlayıb. Neft hasil edən Manqistau vilayətində yerləşən Janaozen və Aktau şəhərlərinin sakinləri avtomobillər üçün yanacaq kimi istifadə olunan maye qazın qiymətinin iki dəfə artırılmasına etiraz olaraq aksiya keçiriblər.
Yanvarın 4-ündə hökumət etirazçıların əsas tələbini yerinə yetirməyə – qazın qiymətini aşağı salınmasına hazır olduğunu bəyan edib. Buna baxmayaraq, digər şəhərlərdə də etirazlar başlayıb.
Yanvarın 5-ində səhər saatlarında Tokayev hökuməti istefaya göndərib və altı ay ərzində maye qaz və benzinin qiymətlərinin dövlət tənzimlənməsini tətbiq etməyi tapşırıb. O, həmçinin əvvəllər respublikanın ilk prezidenti Nursultan Nazarbayevin rəhbərlik etdiyi Təhlükəsizlik Şurasının rəhbəri olacağını açıqlayıb və vəziyyəti həll etmək üçün yeni tədbirlər təklif edib. Təhlükəsizlik Şurasının iclasında Tokayev bildirib ki, o, KTMT-dən “terror təhlükəsinin aradan qaldırılmasında” kömək istəyib. Təşkilatın Kollektiv Təhlükəsizlik Şurası tezliklə Qazaxıstana kollektiv sülhməramlı qüvvələrin göndərilməsi barədə qərar qəbul edib.