16 C
Baku
Wednesday, October 30, 2024

Yeni Zelandiya fevralın sonundan sərhədləri mərhələlərlə açmağa başlayacaq

Yeni Zelandiya fevralın sonundan başlayaraq ölkəyə qayıdan vətəndaşlara karantin üçün ayrılan müəssisələrə getmədən özünü təcrid etməyə icazə verəcək və iyuldan başlayaraq əcnəbi turistləri qəbul edəcək.

Bu barədə Yeni Zelandiyanın Baş naziri Casinda Ardern fevralın 3-də hökumətin koronavirusla əlaqədar məhdudiyyətləri yumşaltmaq barədə səylərini şərh edərkən bildirib. Baş nazir qeyd edib ki, yeni karantin qaydaları tam peyvənd olunmuş şəxslər üçün fevralın 27-də qüvvəyə minəcək.

C.Ardern, həmçinin bildirib ki, 2020-ci ilin əvvəllərində koronavirusun yayılmasının qarşısını almaq üçün sərhədləri bağlayan Yeni Zelandiya tam peyvənd olunan ixtisaslı mütəxəssislərə martın 13-dən, əcnəbi tələbələrə isə aprelin 12-dən ölkəyə gəlməyə icazə verəcək. Eyni zamanda, əcnəbi turistlər üçün sərhədlərin iyulda açılmasının nəzərdə tutulduğunu qeyd edən Baş nazir vəziyyətdən asılı olaraq bunun daha tez baş verə biləcəyini də deyib.

Ölkəyə qayıdanlardan on gün ərzində mənzillərində özünü təcrid etmələri, peyvənd almayanlardan isə xüsusi dövlət müəssisələrində karantində qalmaları tələb olunacaq.

Yeni Zelandiya pandemiya dövründə ən sərt sərhəd məhdudiyyətlərinin tətbiq edildiyi ölkələrdən olub. Təqribən 5 milyon əhalisi olan Yeni Zelandiyada cəmi 17 min yoluxma halı qeydə alınıb və 53 nəfər bu xəstəlik səbəbindən vəfat edib.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər