YENİLƏNİR🔁:
17:35 – Putin: Rusiya və Ukrayna arasında münasibətlərin keyfiyyəti məhz Ukraynada baş verən dövlət çevrilişindən və hakimiyyətin qanunsuz olaraq ələ keçirilməsindən sonra pisləşib
Putinin sözlərinə görə, Rusiya keçmiş Sovet respublikalarının suverenliyini dəstəkləyir, lakin Ukrayna ilə bağlı vəziyyət istisnadır: “Rusiya 2022-ci ilin əvvəlində Qazaxıstanın suverenliyini qoruyub saxlamaq üçün bu ölkəyə dəstək göstərib. Gələcəkdə də bütün qonşu ölkələrimizlə münasibətlərdə bu cür hərəkət etmək niyyətindəyik. Ukrayna ilə vəziyyət fərqlidir və təəssüflər olsun ki, bu ölkənin ərazisi Rusiya Federasiyasına qarşı təhlükə yaradılması üçün üçüncü ölkələr tərəfindən istifadə olunur. Məsələ sadəcə bundadır”.
17:24 -Putin: Rusiya keçmiş SSRİ respublikalarının suverenliyini dəstəkləyir
“Biz Rusiya İmperiyasının bərpası barədə spekulyasiyaların olacağını bilirdik, amma bu, həqiqətə uyğun deyil”.
17:18 -Putin: Azərbaycan və Rusiya arasında “Müttəfiqlik haqqında bəyannamə”nin imzalanması ikitərəfli münasibətlərin yeni mərhələsi olacaq
“Səfəriniz ikitərəfli münasibətlərdə xüsusi hadisə olan diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunduğu bir zamana təsadüf edir. Bu gün biz “Müttəfiqlik haqqında bəyannamə” imzalayacağıq. Şübhəsiz ki, bu, münasibətlərimizdə yeni mərhələ olacaq”.
16:58 -İlham Əliyev: Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi bu il daha da arta bilər
“İqtisadi əlaqələrdə müsbət dinamika barədə fikirlərinizi bölüşdüyümü bildirmək istərdim. Qeyd etdiyiniz kimi, ticarət dövriyyəmiz 3 milyard dolları keçib ki, bu da 16 faiz artım deməkdir. Bu il də artım gözlənilir və artıq yanvar ayının rəqəmləri bunu göstərir. Bir çox konkret layihələr icra edirik. Təbii ki, bunu da müzakirə edəcəyik” – deyə dövlət başçısı qeyd edib.
16:46 -Əliyev: “Azərbaycan və Rusiya arasında münasibətlər çox dinamik inkişaf edir”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə Moskvada keçirilən görüş zamanı bildirib.
“Biz daimi əlaqədəyik, telefonla əlaqə saxlayırıq və təbii ki, şəxsi görüşlər hər zaman xüsusi əhəmiyyət kəsb edir. Ölkələrimiz arasında son dərəcə vacib sənədin imzalanması öncəsi isə bu, xüsusilə önəmlidir.
Bunun, sizin də qeyd etdiyiniz kimi, ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunduğu bir zamanda baş verməsi simvolik xarakter daşıyır. Düşünürəm ki, bu sənəd ölkələrimiz, qarşılıqlı münasibətlərimiz, həmçinin regional təhlükəsizlik üçün birmənalı olaraq müsbət əhəmiyyət kəsb edəcək”, – dövlət başçısı deyib.
Prezident İlham Əliyev Azərbaycanın iki ölkə arasında yaranmış mehriban qonşuluq münasibətlərini yüksək qiymətləndirdiyini bildirib.
16:37 – Rusiya Prezidenti Vladimir Putin: “Rusiya ilə Azərbaycan arasında iqtisadi əlaqələr çoxşaxəlidir, bu da iki ölkə arasında münasibətlərin daha da inkişafına zəmin yaradır”.
V. Putin Azərbaycanda rus dilinin inkişafına verilən dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib.
“Bilirəm ki, Azərbaycanın 300 məktəbində rus dili aktiv öyrənilir, təbii ki, biz buna gələcəkdə də dəstək verəcəyik”, – deyə Rusiya lideri vurğulayıb.
V. Putin regional əlaqələrin də aktiv şəkildə inkişaf etdiyini qeyd edib.
16:36 – İlham Əliyev bildirib ki, bu gün Azərbaycan və Rusiya arasında çox vacib, tarixi sənəd imzalanacaq.
“Gündəlik xeyli genişdir. Bu, xüsusi bir səfərdir. Mən Prezident kimi 48-ci dəfədir ki, Rusiyaya səfər edirəm, amma bu, xüsusi bir səfərdir, çünki bu gün biz çox vacib, tarixi sənəd imzalayacağıq”, – Azərbaycan Prezidenti deyib.
16:35 – Putin Cənubi Qafqazda kommunikasiyaların bərpası ilə bağlı razılaşmanın olduğunu bildirib
Rusiya Prezidenti Vladimir Putin bildirir ki, prosesin sülh yolu ilə getməsi üçün hər şeyi edəcəyik.
Qarabağ ətrafındakı vəziyyətdən danışan Rusiya liderinin sözlərinə görə, artıq ticari-iqtisadi əlaqələrin inkişafı, nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı müəyyən razılaşma var.
Mübahisələrin olduğunu vurğulayan Rusiya dövlət başçısı prosesin dinc yolla getməsi üçün hər şeyi edəcəklərini qeyd edib.
“İstənilən halda təkcə orada yaşayan bütün insanların təhlükəsizliyinin təminatı baxımından deyil, həm də iqtisadi-ticarət əlaqələrini inkişafı, nəqliyyat əlaqələrinin açılması baxımından da müəyyən razılaşmalar var. Bilirəm ki, mübahisəli məqamlar var, üzərində işləniləsi məsələlər var. Amma biz öz tərəfimizdən hər şeyi edəcəyik ki, bu proses sülh vasitəsilə, sülh yolu ilə inkişaf etsin. Və həmçinin, prosesə qoşulan bütün tərəflərin razı qalmasına çalışacağıq”, – Putin vurğulayıb. (APA)
16:22 – “Rusiya Ermənistanla münasibətlərin normallaşmasında çox mühüm, hətta deyərdim ki, aparıcı rol oynayır”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşdə deyib.
“Biz bu rolu çox yüksək qiymətləndiririk və ümid edirik ki, Ermənistan tərəfi də bizim kimi imzalanmış sazişlərin bəndlərini icra edəcək”, – dövlət başçısı bildirib.
16:20 – Azərbaycan Prezidenti İlham Əliyev Rusiya ilə münasibətlərdə rus dilinin vacibliyini qeyd edib.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə Moskvada keçirilən görüş zamanı bildirib.
“Rus dilini bilmədən gələcək nəsillərin kommunikasiya qurması çox çətin olar”, – Prezident deyib.
Putin Azərbaycanda rus dilinə göstərdiyi dəstəyə görə İlham Əliyevə minnətdarlığını bildirib.
16:13 – Azərbaycan Prezidenti İlham Əliyev: “Rusiya Azərbaycan və Ermənistan arasında müharibənin dayandırılmasında çox mühüm rol oynadı”.
15:43 – Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyada rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 22-də Rusiya dövlətinin başçısı ilə təkbətək görüş başlayıb.