Dünya bazarlarında karbamidə olan tələbatın və qiymətlərin kəskin artması hesabına Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Karbamid Zavodunda ötən il istehsalın həcmi 3 dəfə artmışdırsa, zavodun gəlirləri il ərzində 6 dəfə artıb.
Bunu SOCAR-ın Karbamid zavodunun direktoru Xəyal Cəfərov bildirib.
Onun sözlərinə görə, Kabamid zavodunun ümumi gəlirinin həcmi 2020-ci ildə 35 milyon manat olmuşdursa, 2021-ci ildə bu göstərici 225 milyon manatı keçib.
“Zavod 2019-cu ildə istismara verilib. Həmin il tam miqyaslı sınaq-sazlama işləri aparılıb. Normal haldır ki, sınaq-sazlama işləri zamanı müəyyən problemlər ortaya çıxıb. 2020-ci ilin ilk dörd ayında müəyyən qüsurları aradan qaldırandan sonra zavod tam gücü ilə işləməyə başlayıb. Bu gün zavod 94 % gücü ilə çalışır. Tam gücü ilə işləməsinin sayəsində zavod 2020-ci illə müqayisədə 2021-ci ildə zavodun istehsalı 3 dəfə artıq olub”.
X. Cəfərov bildirib ki, 2020-ci ildə zavod təxminən 120 min ton karbamid istehsal etmişdisə, 2021-ci ildə bu rəqəm 355 min ton təşkil edib: “Bundan başqa, karbamid zavodunun ixracı kəskin artıb. 2020-ci ildə təxminən 70 min məhsul ixrac edilmişdirsə, 2021-ci ildə bu rəqəm 323 min tonu keçib. Yəni zavodun məhsul ixracı 4 dəfədən artıq artıb”.