Banklardan cavab gəldi.
Azərbaycanın bəzi mətbuat orqanlarında dollarla qəbul edilən əmanətlər üzrə faiz dərəcəsinin kəskin aşağı düşməsi xəbərləri yer alıb. Səbəb kimi isə dollarla olan əmanətlərin çoxalmasının qarşısının alınması göstərilib.
Bundan əlavə, mətbuatda yazılır ki, banklar bunun Azərbaycan Mərkəzi Bankının (AMB) tapşırığı olduğunu bildiriblər.
Oxu.Az məsələnin KİV-də yazılan kimi olub-olmadığını dəqiqləşdirmək üçün Azərbaycanın kommersiya banklarından rəylər alıb.
Maraqlısı odur ki, bank nümayəndələrinin heç biri bu faktı təsdiqləmədilər. Həmin rəyləri oxucularımıza təqdim edirik.
DəmirBank: Bankda əmanətlər üzrə hər zaman olduğu kimi ən yaxşı faiz təklifləri mövcuddur. Bu gün üçün əmanət faizlərinin hər hansı kəskin aşağı salınması nəzərdə tutulmayıb.
BankTechnique: Əmanət faizləri bu günlərdə dəyişilməyib. Saytda bütün rəqəmlərlə tanış ola bilərsiniz.
Rabitəbank: Hal-hazırda əmanətlər üzrə faiz dərəcələri saytımızda göstərilən kimidir, heç bir dəyişiklik edilməyib.
AccessBank, Bank VTB Azərbaycan-da əmanətlər üzrə faiz dərəcələrinin dəyişilməz olduğunu bildirdilər.
Məsələyə iqtisadçı-ekspert Samir Əliyev də münasibət bildirib.
Onun sözlərinə görə, dollarla olan əmanətlər üzrə faizlərin aşağı düşməsi manatla olan əmanətlərin artımına səbəb ola bilər.
“Yaxın aylarda manat sabitlik nümayiş etdirsə, əhalinin manat əmanətlərinə yönlənməsi baş verə bilər” – deyə, ekspert əlavə edib.
Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Mərkəzi Bankı (AMB) 2015-ci ilin yanvar-mart aylarının nəticələri üzrə maliyyə sabitliyi icmalında bildirirdi ki, müvafiq dövrdə xarici valyutada olan əmanətlərin miqdarı isə 38% (1 mlrd. 323 milyon dollar) artıb.