Son 18 ildə Azərbaycan iqtisadiyyatı 3,4 dəfə, o cümlədən sənaye sektoru 4 dəfə, aqrar sektor isə 2 dəfəyə yaxın böyüyüb. Bütün bunlar ölkədə sahibkarlığın inkişafı üçün zəmin yaradıb.
Bunu Bakıda keçirilən və “Sahibkarlar Günü”nə həsr olunmuş “İqtisadiyyatın inkişafında sahibkarlığın rolu” mövzusunda konfransda iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
“Əldə edilmiş nəticələrin əsasında siyasi-iqtisadi sabitlik dayanır. Dayanıqlı inkişaf meyli nümayiş etdirən Azərbaycanda sahibkarlığın genişlənməsi həyata keçirilən sosial iqtisadi inkişaf strategiyasının daim mərkəzində olub. Ötən illərdə bu sahədə sistemli tədbirlər həyata keçirilib. Biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, prosedurların sadələşdirilməsi barədə gördüyümüz işlər sahibkarlığın inkişafında mühüm rol oynayır”, – deyə o, qeyd edib.