Azərbaycanda iqtisadi fəallıq inflyasiya yaratmadan davam edir və iqtisadi artımın perspektivləri ilə bağlı gözləntilər nikbindir.
Banker.az xəbər verir ki, bu gün Mərkəzi Bankın faiz dəhlizinə dair açıqlamasında bildirir.
2022-ci ilin birinci rübündə ümumi daxili məhsul real ifadədə 6.8%, o cümlədən qeyri-neft sektoru üzrə 10.3% artmışdır. İqtisadi artım qeyri neft-qaz sənayesində 16.4%, kənd təsərrüfatında 3.4%, tikintidə 5.6% olub.
AMB bildirib ki, iqtisadi artım başlıca olaraq daxili tələb hesabına dəstəklənir. 2022-ci ilin I rübündə ötən ilin eyni dövrünə nəzərən pərakəndə ticarət dövriyyəsi 3.1%, əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi isə 5.2% artmışdır. Bu dövrdə qeyri-neft investisiyalarının artımı 10.1% təşkil edib.
Requlyatora görə, Mərkəzi Bank tərəfindən aparılan real sektorun monitorinqinin nəticələrinə görə biznes inam indeksi martda əvvəlki ayla müqayisədə qeyri-neft sənayesi, ticarət və xidmət sektorlarında yüksəlib. Martda qeyri-neft sənayesi üzrə istehsal gözləntiləri, ticarətdə satış gözləntisi və xidmətdə tələb gözləntisi də əvvəlki aya nəzərən yüksəlib.
Geosiyasi və geoiqtisadi vəziyyətin qlobal mühitlə bağlı yaratdığı qeyri-müəyyənliklərə baxmayaraq beynəlxalq təşkilatlar və başlıca analitik mərkəzlər də cari ildə Azərbaycanda iqtisadi artımın davam edəcəyini proqnozlaşdırırlar.