Bukingem sarayı, 96 yaşlı İngiltərə kraliçası II Elizabetin bu il Britaniya parlamentinin rəsmi açılış mərasiminə qatıla bilməyəcəyini açıqlayaraq, kraliçanın rəsmi mərasimdə edilməsi planlaşdırılan ənənəvi çıxışı edə bilməyəcəyini bildirib. Parlamentin sabah baş tutacaq açılış mərasimində Kraliça Elizabetin yerinə kraliçanın adından Uels şahzadəsi oğlu Çarlzın çıxış edəcəyi bildirilib.
“Kraliçanın epizodik hərəkət problemləri davam edir. Həkimləri ilə məsləhətləşərək o, könülsüz şəkildə parlamentin sabahkı rəsmi açılışına qatılmamaq qərarına gəlib” – Bukingem Sarayının bəyanatında deyilir.
59 ildən sonra ilk dəfə olacaq ki, Kraliça Elizabet parlamentin açılışına qatılmayacaq. Taxtda olduğu müddət ərzində kraliça 1959 və 1963-cü illərdə hamilə olduğu üçün iki dəfə parlamentin açılışına qatılmayıb.
Banker.az xəbər verir ki, Böyük Britaniyada hər il parlamentin açılışında çıxış edən Kraliça Elizabet bu mərasimlər zamanı hökumətin qanunvericilik planları, gündəmi və təqdim etmək istədiyi qanunlarla bağlı danışırdı. Hərəkət problemlərinə görə Kraliça bir sıra son tədbirləri ləğv etməli oldu. Keçən həftə kraliçanın hər yay Bukingem sarayında təşkil edilən bağ şənliklərinə qatılmayacağı bildirilmişdi.
Digər tərəfdən, İngiltərənin ən uzun müddət taxtda qalan monarxı tituluna sahib olan Kraliça Elizabet bu ilin iyun ayında taxtda oturmasının 70-ci ilini qeyd edəcək. İngiltərədə Platinum Yubiley adlanan bu şənliklərdə kraliçanın iştirakı ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.