Neftlə zəngin Azərbaycan bərpa olunan enerji mənbələrinin xalis ixracatçısı olmaq istəyir.
Banker.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “Emirates News Agency”yə bildirib.
Onun sözlərinə görə, Azərbaycan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə tərəfdaşlığı bu iddialı planların reallaşmasında həlledici rol oynayacaq.
Nazir bildirib ki, Azərbaycan ənənəvi olaraq neft və qaz hasilatı və ixracatçısı, həmçinin elektrik enerjisinin xalis ixracatçısı olub: “Hazırda biz bərpa olunan enerji mənbələrini dinamik şəkildə inkişaf etdiririk. Biz tərəfdaşlarımız, o cümlədən BƏƏ ilə birlikdə gələcəkdə də “yaşıl enerji” ixrac edəcək ölkə olacağıq”.
P.Şahbazov xatırladıb ki, Azərbaycan bu yaxınlarda yeni günəş elektrik stansiyasının təməlini qoyub: “Bu, BƏƏ-nin 100 % sərmayələri ilə sənaye miqyaslı ilk bərpa olunan enerji layihəsidir”.
Bu, Azərbaycanda bərpa olunan enerji mənbələri üzrə dünyanın aparıcı şirkətlərindən biri olan “Masdar” şirkəti tərəfindən inşa edilən 230 MVt Qaradağ Günəş Elektrik Stansiyası layihəsidir. O qeyd edib ki, “Masdar” bu ilin mart ayında Azərbaycanın ilk xarici investisiya əsaslı müstəqil günəş enerjisi layihəsinin tikintisinə rəsmi başlandığını elan edib.
Qeyd edək ki, “Masdar” şirkəti 2021-ci ilin aprelində Bakının Ələt qəsəbəsindən 9 kilometr şimal-qərbdə yerləşən “Qaradağ” layihəsinin işlənməsi ilə bağlı müqavilələr imzalayıb və GES-in 2023-cü ildə kommersiya fəaliyyətinə başlaması gözlənilir. BƏƏ tərəfindən maliyyələşdirilən 110 000 evi elektrik enerjisi ilə təmin edəcək layihə hər il 0,5 milyard Kv/saat elektrik enerjisi istehsal etməyə kömək edəcək. Bu layihə həmçinin illik təxmini “CO2” emissiyasını 200 min tondan çox azaldacaq.