Azərbaycanda fiziki şəxslərin banklardakı depozitlərinin həcmi 10 mlrd. 340.4 mln. manata çatıb.
Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankının 1 may 2022-ci il tarixi üzrə icmal göstəricilərinə istinadən xəbər verir.
Əhalinin banklardakı depozitlərinin həcmi ilin əvvəlindən 1 mlrd. 308 mln. manat, yaxud 14.5% artmış olub.
Depozitlərin artmasında əsas tələbli depozitlər hesabına baş tutur, hansı ki, bu depozitlər banklar üçün demək olar ki çox az həcmli xərc tələb edir.
Müddətli depozitlərin həcmi 4.4% artaraq 5 mlrd. 575.4 mln. manata çatdığı halda tələbli depozitlər 29% artaraq 4 mlrd. 765 mln. manata çatıb.
Tələbli əmanət –müvafiq müqaviləyə əsasən müştərinin ilk tələbi ilə əmanət məbləğinin tam və ya bir hissəsinin dərhal müştəriyə verilməsini nəzərdə tutan əmanət növüdür. Burada faiz dərəcələri olduqca aşağıdır. Lakin siz istədiyiniz anda heç bir səbəb göstərmədən və yığılmış faizlərdə heç bir itkiyə yol vermədən öz pulunuzu hesabdan götürə bilirsiniz.
Müddətli əmanət –müvafiq müqaviləyə əsasən əvvəlcədən müəyyən edilmiş müddətə gəlirlərin əldə edilməsi məqsədi ilə yerləşmiş əmanət növüdür. Əgər əmanətçi pulu danışılmış müddətdən əvvəl götürmək istəyirsə bank bu işdə ona əngəl olan deyil, amma bu zaman hesablanmış faizlər ləğv oluna bilər. Müddətli əmanətlərdə faiz dərəcələri daha yüksək olur.