bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə prezidenti Qəri Counz və komandası Energetika Nazirliyində olub.
Banker.az xəbər verir ki, energetika naziri Pərviz Şahbazov öz rəsmi Twitter səhifəsində belə yazıb:
“bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə prezidenti Qəri Counz və komandası ilə Yaşıl Enerji və dekarbonizasiya üzrə əməkdaşlığımıza dair səmərəli müzakirələr apardıq”.
Energetika Nazirliyindən Banker.az-a veriləm məlumata əsasən, bu gün bp Azərbaycanın enerji keçidinə dəstək məqsədilə dekarbonizasiyaya dair əhatəli təklif və tövsiyələri əks etdirən sənədi Energetika Nazirliyinə təqdim edib. Sənəddə Azərbaycanın bərpa olunan enerji mənbələri üzrə potensialı, az karbonlu həll imkanları, innovativ bərpa olunan enerji layihələri, habelə bp-nin dəstək ola biləcəyi layihələrdən bəhs edilir. Karbonsuzlaşdırma strateji aspektdə əsaslandırılaraq bu prosesin 2050-ci ilə qədər olan müddətdə Azərbaycan üçün mümkün nəticələri təqdim edilir.
Energetika naziri Pərviz Şahbazov deyib: “Azərbaycanın “yaşıl” artım ölkəsi olaraq inkişaf etmək və xalis sıfır emissiyalı “yaşıl enerji” zonası yaratmaq kimi transformativ prioritet və planları aşağı karbonlu yanaşmaların tətbiqini vacib edir. Bu sənəd Azərbaycanın bərpa olunan enerji mənbələrinə əsaslanan enerji sistemi və aşağı karbonlu gələcək qurmaq, 2050-ci ilə qədər istixana qazı emissiyalarını 40%-ədək azaltmaq niyyətinə çatmaq üçün mütərəqqi həllər təqdim edir. bp-nin karbonsuzlaşdırma ilə bağlı prosesə dəstəyi, eləcə də “yaşıl” gündəliyimizin icrasında iştirakı karbohidrogen sektorunda uzunmüddətli və etibarlı tərəfdaşlığımızı yeni səviyyə yüksəldir, qlobal iqlim hədəflərinə birgə töhfələrimizə yol açır”.
bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz deyib: “Bu sənədin hazırlanması və bugünkü təqdimat ölkənin enerji keçidi səylərinə dəstək olaraq bp-nin Azərbaycan hökuməti ilə əməkdaşlığında irəliyə doğru atılmış önəmli bir addımdır. Ötən ilki memorandumun imzalanmasından bəri biz ciddi işləyərək bp Qrupunda tətbiq olunan az karbonlu texnologiyalar və biznes modelləri təcrübəsindən istifadə etməklə Azərbaycan üçün bu sənədi hazırlamışıq. Çox məmnunuq ki, artıq bu sənədin bir sıra komponentləri üzərində iş gedir. Ümid edirik ki, bp istər karbohidrogenlər, istərsə də az karbonlu enerji sahəsində Azərbaycanın enerji ehtiyatlarının işləniməsinə yardım etməkdə aparıcı rol oynamağa davam edəcək”.
Bu sənəd iri miqyasda karbonsuzlaşdırılmış, inteqrasiya edilmiş enerji və nəqliyyat sistemləri, o cümlədən Azərbaycanın şəhər və rayonlarında bərpa olunan enerji layihələri üçün tələb edilən potensialın və şəraitin qiymətləndirilməsi üzrə əməkdaşlıq etmək məqsədilə 2021-ci ilin fevral ayında Energetika Nazirliyi ilə bp şirkəti arasında imzalanmış Anlaşma Memorandumuna əsaslanır.
Həmin vaxtdan etibarən bp və Energetika Nazirliyi, həmçinin müxtəlif dövlət qurumları bu sənədin hazırlanması istiqamətində fəal əməkdaşlığa cəlb edilib. Ölkə üçün müxtəlif dekarbonizasiya imkanlarının intensiv müzakirəsi əsasında bu sənəd tərtib olunub.
Nazirlikdən bildirilib ki, bp və Energetika Nazirliyi Azərbaycanın az karbonlu enerji ehtiyatlarının işlənməsi üzrə vizyonunun reallaşdırılması və ölkənin ümumi dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsi istiqamətində sıx əməkdaşlıq etməkdə davam edəcək.